Məhkəmə qərarları › İş №2-1(114)-2194/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2194/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2194/2021 16.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Gəncə “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə soyadının, adının və ata adının dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: AZ-İ 031323 nömrəli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş X1 Həsənov, adını Rauf, ata adını Rövşən kimi dəyişdirmişdir. Gəncə “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 28.09.2021-ci il tarixli, 05/Q-3001 nömrəli məktubu ilə İddiaçı soyadının, adının və ata adının dəyişdirilməsi ilə əlaqədar müraciətindən imtina olunmuşdur. İmtina ilə razılaşmayan iddaçı İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Gəncə “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinə düzəliş edilərək soyadının, adının və ata adının X2 qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı ildə Şəmkir rayonunda anadan olmuşdur. 08.06.2021-ci ildə adının, soyadının dəyişdirilməsi barədə Gəncə “Asan Xidmət” Mərkəzinə müraciət etmiş, həmin vaxtdan adı, soyadı dəyişdirilərək İddiaçı kimi qeyd olunmuşdur. Həmin dövrdə övladlarının da adını, soyadını dəyişdirmişdir. Lakin hazırda öz keçmiş ad və soyadına qayıtmaq istəyir. Bu barədə mən Gəncə “Asan Xidmət” X4 müraciət etmiş, lakin ona həmin işin məhkəmə aidiyyatı olduğunu bildirmişlər və onun doğum akt qeydinə düzəliş edilməsi üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Köhnə ad, soyadına qayıtmaqda məqsədi köhnə ata-babalarının soyadını daşımaqdır. İstəyir ki, övladları da həmin soyadı daşısınlar. Soyadının dəyişməsi ona mənəvi cəhətdən çox təsir edir. Keçmişdə adının, soyadının X3 olmasını təsdiq edən şahidləri də vardır. İddiaçıya və cavabdeh inzibati orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh inzibati orqan isə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AA******* nömrəli İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş surəti; - AZ-İ 031323 nömrəli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surəti; - AZ-İV 566094 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial təsdiq edilmiş surəti; - Gəncə “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 28.09.2021-ci il tarixli, 05/Q-3001 nömrəli imtina məktubu. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Beləliklə, iddianın mümkünlüyünə dair şərtlər mövcud olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı artıq bir dəfə ad, soyad və ata adını dəyişmiş və ona bu barədə şəhadətnamə verilmişdir. İnzibati orqanın ikinci dəfə şəxsin ad, soyad və ata adını dəyişdirmə barədə müraciətindən imtinası iddiaçının mənafeyi baxımından uyğun hesab edilir və onun konstitusion hüquqlarına xələl gətirmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın: - 6.3-cü bəndinə əsasən, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. - 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur; - 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar; - 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir; - 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir; - 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 192-ci maddəsinə görə, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 189-cu maddəsində “Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir” müddəası vətəndaşın öz adını və soyadını, atasının adını dəyişdirməsinə yalnız 18 yaşına çatdıqdan sonra icazə verilə bilər kimi başa düşülməlidir. Qanunun bu norması “18 yaşına çatmış vətəndaşın öz adını və soyadını, atasının adını istədiyi zaman istədiyi formada dəyişdirə bilər” kimi başa düşülməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi kimi o, soyadını, adını, ata adını dəyişdirmiş və İddiaçı kimi qeydiyyat aparılmışdır. İddiaçı iddia ərizəsində soyadı, adı və ata adını dəyişdirdiyi halda, formal xarakterli səbəblərə görə soyad, ad və ata adının yenidən dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, soyadın, adın və ata adının yenidən dəyişdirilməsi üçün əsaslı səbəblər olmalıdır və iddiaçının ata-babalarının soyadını daşımaq istəməsi, həmçinin, övladlarının da həmin soyadı daşıması istəməsi səbəbinə görə əvvəlki ad, soyad və ata adına qayıtmaq istəməsinə dair dəlilini əsaslı hesab etmir. Bununla yanaşı, 08.06.2021-ci il tarixdə iddiaçının müraciəti əsasında onun adı, soyadı və ata adı Gəncə “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində İddiaçı kimi dəyişdirilmiş və beləliklə iddiaçı mülki qanunvericiliklə ona verilmiş potensial hüququndan bir dəfə istifadə etmişdir. Lakin qeyd edilən prosedurdan cəmi bir neçə ay ötdükdən sonra iddiaçı yenidən soyad, ad və ata adının dəyişdirilməsi tələbi ilə inzibati orqana, sonradan məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təkrarən ad, soyad və ata adının dəyişdirilməsinə dair göstərdiyi dəlillər əsassızdır və mötəbər sübutlara əsaslanmır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Gəncə “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı soyadının, adının və ata adının dəyişdirilərək X2 qeyd edilməsi öhdəliyinin cavabdeh Gəncə “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar