Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2196/2023 12.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmək zəmanəti qrafasında düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmək zəmanəti qrafasında düzəliş edilməsi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının (inzibati aktın) əsassız hesab edilməsi, cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli qərarını ilk dəfə icra edərək xx.xx.2022-ci il tarixli (etibarsız hesab edilmiş) tibb müəssisəsisinin 0280003AAFMA göndərişinə əsasən tərtib etdiyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktın) əsas kimi hesab edərək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının əlillik qrupu qrafasında yazılmış “2.2 İkinci dərəcəli əlillik 2.4.3. şizofreniya, paranoidpsixotik halt (remissiya baş verǝn hal) (F20-F20.9) sözlərinin əlillik qrupu qrafasında 2.2 İkinci dərəcəli əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda az 4 dəfə tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə (G40-G41.9) sözləri ilə, Diaqnoz qrafasında yazılmış "Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiya nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar va koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar sözlərinin Diaqnoz qrafasında "Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəlləbeyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları" sözləri ilə və əmək zəmanəti qrafasında yazılmış "əmək qabiliyyətsiz” sözlərinin Əmək zamanəti qrafasında "Yüngül işlərdə işləyə bilər" sözləri ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildən 1996-cı ilədək Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almış, 1996-cı ildən 2013-cü ilədək Azerbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Hal hazırda ehtiyatda olan zabitdir, Prezident təqaüdçüsüdür və 2-ci qrup müharibə əlilidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3029/2021 saylı qərarı ilə əlillik səbəbi "Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyən edilmişdir. Hesab edir ki, ona xx.xx.2021-ci il tarixdən etibarən 2-ci qrup müddətsiz əlillik təyin edilməlidir. Belə ki, ona müddətsiz əlillik təyin edilməsindən cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etdmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1012/2022 nömrəli qərarı ilə xx.xx.2021-ci il tarixdan etibarən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci qrup olaraq müddətsiz əlillik taəyin edilməsinə qərar verilmiş və cavabdeh tərəfindən icra edilmişdir. xx.xx.2022-ci ildə elektron sistəmə baxış keçirən zaman ona məlum olmuşdur ki, müraciətinə əsasən ona kömək etmək əvəzinə Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının diaqnoz qrafasında dəyişiklik etmişdir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.
5. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə aidiyyatla bağlı məsələyə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
8. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan hazırkı mübahisəyə İPM-in 8.1.2-ci maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilməlidir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə (bundan sonra mətndə İPM-in): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
10. Göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara, cavabdehin yerləşdiyi ərazi birdən çox məhkəmənin yurisdiksiyasına aid olduqda iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılır.
11. Elektron məhkəmə informasiya sistemindən çıxarışla müəyyən edilir ki, iddiaçı Laçın rayonu, Qayğı qəsəbəsində qeydiyyatdadır. Lakin o, ünvan 1 ünvanında məskunlaşmış və faktiki olaraq həmin ünvanda yaşayır.
12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.
13. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə- Hüquq Şurası tərəfindən müəyyən olunur.
14. İddiaçının yaşayış yeri olan Bakı şəhərinin Suraxanı rayonu Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
15. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmək zəmanəti qrafasında düzəliş edilməsi tələbinə dair işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.
16. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əmək zəmanəti qrafasında düzəliş edilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva