Məhkəmə qərarları › İş №2-1(114)-2196/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2196/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2196/2024 15.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə şəhəri 1-ci Polis İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Gəncə şəhəri 1-ci Polis İdarəsinə qarşı təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Gəncə şəhəri 1-ci Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 il ona edilən haqsız hörmətsizliklərə qarşı heç bir tədbir görülmədiyinə görə 1-ci nömrəli Polis İdarəsinin ona 10000 manat ödəməsinə və yuxarıda sadalanan dincsizliyi və xaker əməllərin aradan qaldırana qədər 1-ci nömrəli Polis İdarəsinin hər ay ona 500 manat ödəməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 2012-ci ildən bu günə qədərdir ki, qonşu binada (89) Faqət adlı qadın səslərinə görə 2 kişi xeylağını da yanına alıb onu peykin müşahidə kamerası ilə güdür və səs ötürücülərlə qulağına ağızlarına gələni deyirlər və onun haqqımda danışırlar və ona səs ötürücülərlə ötürürlər. O da hər birini eşidir. Onun harada olmağına baxmayaraq onu güdür və səslərini də ötürürlər. Onu təhqir edərək söyürlər, rüsvay sözlər deyirlər. O, 2012-ci ildən bu günə qədərdir ki, 102-yə və 1-ci nömrəli polis idarəsinə dəfələrlə (hər ay, bir aydan bir) tez-tez ərizə ilə müraciət etmişdir. Ancaq həmin idarələr ona qarşı olan bu xakerliklə edilən rüsvayların almayıblar.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

6. İnzibati prosessual qanunvericiliyin tələbinə görə isə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

7. İlkin olaraq qeyd edilməlidir ki, ərizədə tələb qeyri-müəyyən olmaqla, iddiaçı tələbinin nədən ibarət olmasını, cavabdeh qismində qeyd olunan inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması qeyd etməmişdir.

8. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

9. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanunun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o, deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da Qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir.

10. Məhkəmə hesab edir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati (publik) hüquq normaları ilə tənzimlənən münasibətlər mövcud deyildir və tərəflər arasında olan mübahisə inzibati (publik) hüquq normaları ilə tənzimlənmir.

11. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Gəncə şəhəri 1-ci Polis İdarəsinə qarşı təzminatın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır.

12. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar