Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2197/2021 13.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin direktoru X7, Cavabdeh Bərdə rayon Bərdə Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin cavabdeh Bərdə rayon Bərdə Bələdiyyəsinə(üçüncü şəxslər X12 və X2) qarşı Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkəti cavabdeh Bərdə rayon Bərdə Bələdiyyəsinə qarşı Cavabdeh 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarının ləğv edilməsi iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayon X4 şəhəri Babək prospekti sənayə, nəqliyyat, rabitə və digər təyinatlı 77,5 kv.m torpaq sahəsi barədə verdiyi 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı tərəf məhkəməyə buraxılmış prosesual müddətinin bərpa edilməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək, mübahisəndirdiyi qərarın mövcudluğu barədə onun məlumatı, mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində işə baxılarkən, olmuşdur. Məhkəmənin 13 dekabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş və onun tərəfindən ötürülmüş prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 11.11.2021-ci il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxs qismində X12, məhkəmənin 29.11.2021-ci il tarixli qərardadı ilə iş üzrə üçüncü şəxs qismində X2 cəlb edilmişlər. İddiaçı tərəf tələbi onunla əsaslandırılmışdır ki, təsisçisi və direktoru olduğu "xxxx" İstehsalat Kommersiya Şirkətinin Bərdə şəhəri Bakı küçəsində mülkiyyətində olan 0,138 ha torpaq sahəsində yerləşən 1 girişli, 17,4 kv.m. ümumi, 11,4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi, X5 tam mülkiyyət hüququ üzrə şirkətinin adına dövlət reyestrində qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarı əsasında 77,5 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə daxil edilmiş, sonradan bələdiyyənin mülkiyyətinə keçirilməklə başqa şəxslərə satılmışdır. İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, bələdiyyə tərəfindən özəlləşdirilərək satılmış torpaq sahəsi şirkətə məxsus X5nin gedişgəliş yoludur. Qeyd edilənləri əsas gətirən iddiaçı Bərdə rayon X4 şəhəri Babək prospekti sənayə, nəqliyyat, rabitə və digər təyinatlı 77,5 kv.m torpaq sahəsi barədə verdiyi 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 13 dekabr 2021-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin direktoru X11 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Bərdə rayon X4 şəhəri Babək prospekti sənayə, nəqliyyat, rabitə və digər təyinatlı 77,5 kv.m torpaq sahəsi barədə verdiyi 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, hazırda şirkətə məxsus yacaq doldurma məntəqəsinin gediş-gəliş yolu başqa şəxslərə satıldığından o, məntəqədən istifadə edə bilmir. Şifahi məhkəmə baxışı iclasında Cavabdeh nümayəndəsi X10 iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X12 və X2 məhkəmə iclasının vaxtı barədə məlumatlandırılmalararına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin 06 dekabr 2021-ci il tarixli 3-229 nömrəli məktubu və ona əlavə edilmiş Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarı; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* çıxarışın surəti; - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın (seriya MH №0000646) surəti; - Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(021)-316/2019 saylı qətnamənin surəti; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(102)-3160/2021 saylı qərarının surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" İstehsalat Kommersiya Şirkətinin Bərdə şəhəri Bakı küçəsində mülkiyyətində olan 0,138 ha torpaq sahəsində yerləşən 1 girişli, 17,4 kv.m. ümumi, 11,4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi, X5 tam mülkiyyət hüququ üzrə şirkətinin adına dövlət reyestrində qeydiyyata alınmış və bu barədə çıxarış verilmişdir. Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarı əsasında 77,5 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə daxil edilmiş, sonradan bələdiyyənin mülkiyyətinə keçirilməklə başqa şəxslərə satılmışdır. İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, bələdiyyə tərəfindən özəlləşdirilərək satılmış torpaq sahəsi şirkətə məxsus X5nin gediş-gəliş yoludur. Həmçinin müəyyən olunmuşdur ki, hazırda iddiaçı Bərdə rayon X4 şəhəri Babək prospekti sənayə, nəqliyyat, rabitə və digər təyinatlı 77,5 kv.m torpaq sahəsi barədə verdiyi 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarın ləğv edilməsini xahiş edir. Araşdırma məqsədi ilə məhkəmə sorğusu əsasında əldə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin 06 dekabr 2021-ci il tarixli 3-229 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarından müəyyən olunur ki, Bərdə şəhəri Babək küçəsində yerləşən 0,0077,5 ha torpaq sahəsinin sahikarlıq məqsədilə mülkiyyətə verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* çıxarışa əsasən Bərdə şəhəri Babək küçəsində yerləşən 0,00775 kv.m torpaq sahəsinə Bərdə rayon Bərdə Bələdiyyəsinin mükiyyəti qeydə alınmışdır. Məhkəmə araşdırması nəticəsində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bərdə Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 2(021)-316/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkəti iddia ilə məhkəməyə müraciət etmiş və iddiaçının iddiası təmin edilmiş, cavabdehlər Bərdə rayon Bərdə Bələdiyyəsi ilə X12 arasında Bərdə şəhəri Babək küçəsində yerləşən 0,00775 ha torpaq sahəsinə dair Bərdə regional «Asan xidmət» mərkəzində notariat kontorunda təsdiq edilmiş və reyestrdə 4Ə-1810 nömrə ilə qeydə alınmış 26 dekabr 2016-cı il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi, X12 ilə X2 arasında Bərdə regional «Asan xidmət» mərkəzində notariat kontorunda bağlanmış reyestrdə 4Ə-29 nömrə ilə qeydiyyata alınmış 10 yanvar 2018-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməsi, X9 adına verilmiş 30.12.2016-cı il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və X1 adına verilmiş 29.01.2018-ci il tarixli Seriya RX ******* saylı çıxarış çıxarışın ləğv edilməsi, iddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin işlək yolunda qanunsuz tikilmiş hasar Bərdə rayon Bərdə Bələdiyyəsinin hesabına sökülməsi qət edilmişdir. Qeyd edilən qətnamədən müəyyən olunur ki, məhkəmə iddia ərizəsi ilə əlaqədar araşdırma aparmaq məqsədi ilə müvafiq ekspertizalar keçirtmiş və nəticə ekspertiza rəylərindən müəyyən olunmuşdur ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların X6 daşınmaz əmlakın dövlət reyestrindən 29.01.2018-ci il tarixli RX ******* saylı çıxarışa əsasən X1 mülkiyyətinə verilmiş 0,0075 ha torpaq sahəsinin bütövlükdə "xxxx" İstehsalat Kommersiya Şirkətinin mülkiyyətində olan X5nin giriş-çıxış yolunun üzərinə düşdüyü müəyyən olunur. Məhkəmə ekspertiza rəylərinin mövcudluğunu əsas götürüb hesab etmişdir ki, yenidən ekspertizanın təyin edilib keçirilməsi üçün lüzum yoxdur. Belə olan halda məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir, Bərdə şəhəri Babək küçəsində yerləşən 0,0077,5 ha torpaq sahəsinin sahikarlıq məqsədilə mülkiyyətə verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarı qanunsuzdur və ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növündə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Göründüyü kimi iddiaçı hazırda mülkiyyətində olan X5nin gediş-gəliş yolunun üçüncü şəxslərə satılması üçün əsas olmuş Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarını mübahisəndirərək onun ləğv edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, qeyd edilən qərar ilə cavabdeh orqan onun mülkiyyətçi hüquqlarını pozmuş, mülkiyyətində olan X5nin gediş-gəliş yolunu özəlləşdirərək üçüncü şəxslərə satmışdır. Həmçinin müəyyən olunumşudur ki, keçirilmiş ekspertizə rəyləri də bir daha təsdiq etmişlər ki, cavabdeh orqan tərəfindən üçüncü şəxslərə satılmış 0,00775 ha torpaq sahəsi iddiaçıya məxsus X5nin gediş-gəliş yolu ilə üst-üstə düşür. Məhkəmə iclasında cavabdeh tərəf iddia tələbinin qəbul etməməsini qeyd etsə də öz müdafiəsinə heç bir dəlil və sübut məhkəməyə təqdim edə bilməmişdir, halbuki iddiaçı tərəf mübahisəndirdiyi qərarın qanunsuz olduğunu tam sübuta yetirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübüt etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğunu və bunun nəticəsində iddiaçının hüquqlarının pozduğu hallarda, məhkəmə həmininzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, cavabdeh orqan Bərdə rayon Bərdə Bələdiyyasi tərəfindən qəbul edilmiş 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarı qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı qeyd olunan qərar ləğv edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı "xxxx" İstehsalat Kommersiya Şirkətinin cavabdeh Bərdə rayon Bərdə Bələdiyyəsinə(üçüncü şəxslər X12 və X2) qarşı Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia təmin edilsin. Bərdə rayon Bərdə Bələdiyyəsinin 08 dekabr 2014-cü il tarixli 20 saylı qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2197/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2197/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver