Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2198/2024 13.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının 12 noyabr 2020-ci il tarixli 90 nömrəli əmrinin ləğv edilib, Tovuz rayon Aşağı Mülkülü kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vakant olan mühasib vəzifəsinə təyin edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh başçısınıın xx.xx.2018-ci il tarixli 111 nömrəli əmri ilə İddiaçı 2018-ci il 03 iyul tarixindən 2019-cu il 03 iyul tarixinədək stajçı kimi Tovuz rayon İH başçısının Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qulluğa qəbul edilmiş və nümayəndənin müavini vəzifəsinə təyin edilmişdir.
2. Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 258a nömrəli əmri ilə RİH başçısının Aşağı Mülkülü kənd İƏD üzrə nümayəndəsi vəzifəsinin icrası müvəqqəti olaraq nümayəndəliyin müavini İddiaçı həvalə edilmişdir.
3. Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 298 nömrəli əmri ilə İddiaçı daimi dövlət qulluğuna qəbul edilmiş və kiçik dövlət qulluqçusu ixtisası verilmişdir.
4. Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 307 nömrəli əmri ilə İddiaçı 12 noyabr 2019-cu il tarixdən Tovuz Rayon İH başçısının Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir.
5. Tovuz rayon Polis şöbəsinin Cavabdeh başçısına ünvanladığı xx.xx.2020-ci il tarixli 185-17395-1220 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri ilə xx.xx.1992-ci ildə Tovuz rayonunun Mülkülü kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Mülkülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən, Tovuz rayonunun Mülkülü kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan İddiaçı qanunsuz olaraq "Kalaşnikov" konstruksiyalı avtomatı əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında İddiaçı, xx.xx.1984-cü ildə Ağstafa rayonunda anadan olmuş, Ağstafa rayonunun Köçəsgər kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan X4 idarə etdiyi VAZ- 2107 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu Abulbəyli kəndi M.Musayev küçəsi ilə hərəkətdə olan zaman, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq baxış keçirilərkən həmin avtomobilin arxa oturacağında parçaya bükülmüş vəziyyətdə, İddiaçı məxsus olan üzərində 154428 rəqəmləri həkk olunmuş, 1978-ci il buraxılışlı 01 ədəd AK-74 konstruksiyalı avtomat silahı və içərisində 22 ədəd patron olan 01 ədəd sandırça aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Tovuz RPŞ-nin İstintaq Bölməsində material üzrə araşdırma aparılır.
6. Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 90 nömrəli əmri ilə İddiaçı 12 noyabr 2020-ci il tarixdən RİH başçısının Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. Əsas: Tovuz rayon Polis şöbəsinin məktubu.
7. Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 3 nömrəli əmri ilə X3 2021-ci il 18 yanvar tarixindən 2021-ci il 18 iyul tarixinədək stajçı kimi Cavabdeh başçısının Aşağı Mülkülü kənd İƏD üzrə nümayəndəliyində qulluğa qəbul edilmiş və nümayəndə vəzifəsinə təyin edilmişdir.
8. Tovuz Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 1(062)-46/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(104)-153/2022 nömrəli qərarı ilə İddiaçı müdafiəçisi tərəfində verilən apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 1(062)- 46/2021 saylı hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022ci il tarixli 1(102)-1490/2022 nömrəli qərarına əsasən kassasiya protesti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(104)- 153/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. II. Məhkəmədə icraat
11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı olan xx.xx.2020-ci il tarixli əmrin qanunsuz olduğundan ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən şəxsin hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, cavabdeh Tovuz RPŞ-nin Cavabdehnə 12 noyabr 2020-ci il tarixli 18517395-1226 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində İddiaçı qanunsuz olaraq "Kalaşnikov" konstruksiyalı avtomat əldə etməsi, saxlaması, gəzdirməsi aşkar edilərək götürülmüş və faktla bağı Tovuz RPŞ-nin istintaq aparılmaqdadır. Tovuz Rayon Məhkəməsinin 4(062)-37/2020 saylı 13 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cavabdeh 12 noyabr 2020-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı 12 noyabr 2020-ci il tarixdən "X6" qanuna və Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən RİH başçısının Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. Əsas kimi isə Tovuz RPŞ-nin məktubu göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-153 saylı hökmündən görünür ki, İddiaçı müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmaqla İddiaçı təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısı protest vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-1490 saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-153 saylı hökmü dəyişdirilmədən saxlanmışdır. İddiaçı bundan sonra dəymiş maddi və mənəvi ziyanla bağlı Tovuz rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən onun iddiası təmin edilərək. Onun həbs olunması nəticəsində ona dəymiş maddi və mənəvi ziyan ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin qərarını aldıqdan sonra iddiaçı dəfələrlə cavabdeh orqana işə bərpa edilməsi ilə bağlı müraciət etsə də hər dəfə şifahi şəkildə bildirlmişdir ki, iş olanda onu işlə təmin edəcəklər. Lakin şəxsin yazdığı rəsmi ərizələrə heç bir cavab verilməmişdir. Dövlət orqanlarının vətəndaşın yazmış olduğu heç bir ərizəyə cavab verilməmiş və buna dair dəfələrlə ərizə yazılmışdır. Həmin ərizələr iddiaçının işə bərpa edilməsi ilə bağlı olmuşdur. İddiaçı hesab edir ki, Cavabdeh tərəfindən onun işdən çıxrılması ilə bağlı verilmiş xx.xx.2020-ci il tarixli əmr qanunsuz olmuşdur. Həmin əmrdən görünür ki, şəxsin işdən azad edilməsi Polis şöbəsi tərəfindən İcra Hakimiyyətinə ümnvanlanmış məktub olmuşdur. Həmin məktubu rəhbər tutub şəxsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad etmişdir. Hesab edirlər ki, şəxsin işdən azad edilməsi həm X2 həm də Əmək Məcəlləsinə istinad edilmək ilə həyata keçirilmişdir. Bunun özü də qanunvericiliyin tələblərinə uyğun deyildir. Əmək Məcəlləsinin tələbləri Dövlət Qulluqçularına şamil edilməməlidir. Bundan başqa şəxsin işdən azad edilməsi əsası olan Polis şöbəsinin məktubunda nəzərdə tutulan əsaslarda tam olaraq aradan qaldırılmışdır. Bununla bağlı Gəncə Apellyasiya Məhkəməsinin hökmü var və həmin hökm Ali Məhkəmənin qərarı ilə qüvvəsində saxlanılmışdır.
13. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Başçısının 12 noyabr 2020-ci il tarixli 90 nömrəli əmrinin ləğv edilib, Tovuz rayon Aşağı Mülkülü kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vakant olan mühasib vəzifəsinə təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
16. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).
17. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə dair şərt ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir.
19. Hazırki mübahisə dövlət qulluqçusu ilə cavabdeh inzibati orqan arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və iddiaçının xidməti yaşayış sahəsi olmadığından, hazırkı işə iddiaçının yaşayış yeri üzrə baxılır. İddiaçının yaşayış yeri olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
25. İddiaçı məhkəmənin iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş emişdir.
26. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul edərək, tələbin təmin olunmasına dair qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh başçısınıın xx.xx.2018-ci il tarixli 111 nömrəli əmri; - Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 258a nömrəli əmri; - Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 298 nömrəli əmri; - Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 307 nömrəli əmri; - Tovuz rayon Polis şöbəsinin Cavabdeh başçısına ünvanladığı xx.xx.2020-ci il tarixli 185-17395-1220 nömrəli məktub; - Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 90 nömrəli əmri; - Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 3 nömrəli əmri; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022ci il tarixli 1(102)-1490/2022 nömrəli qərarı.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsalıdır və təmin edilməlidir.
29. Məhkəmə araşdırmaları nəticəsində iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh başçısının Aşağı Mülkülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 90 nömrəli əmri ilə Tovuz rayon Polis şöbəsinin məktubuna əsasən İddiaçı 12 noyabr 2020-ci il tarixdən RİH başçısının Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir.
30. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin predmetini iddiaçının işdən azad edilməsi barədə Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 90 №-li əmrinin ləğv edilməsi təşkil edir.
31. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.
32. Cavabdeh orqan iddiaçının işdən azad edilməsi barədə əmrində istinad etdiyi norma “X6” Qanun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi olmuşdur.
33. “X6” AR Qanununa görə: Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.
34. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə: Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
35. Göründüyü kimi, əvvəla, əmrdə cavabdeh orqan “X6” Qanunun adını çəksə də, dövlət qulluğuna xitam verilməsinin əsası və Qanunun istinad olunan norması göstərilməmişdir. Dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilməsi əsasları “X6” Qanunun 33-cü maddədə sadalanmışdır və həmin maddədə sadalanan hallardan hər hansı birinin mövcudluğu sübuta yetirilməmişdir.
36. Əmrdə istinad olunan norma Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi olmuşdur. Həmin bənddə nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Eyni zamanda həmin bənddə 72-ci maddəyə göndəriş edilir ki, 72-ci maddədə sadalanan hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
37. Hazırki işdə isə cavabdeh orqan yalnız Tovuz rayon Polis şöbəsinin Cavabdeh başçısına ünvanladığı xx.xx.2020-ci il tarixli 185-17395-1220 nömrəli məktubuna əsaslanmışdır ki, məhkəmə həmin məktubu iddiaçının işdən azad edilməsi üçün əsaslı saymır.
38. Belə ki, Tovuz Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 1(062)-46/2021 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(104)-153/2022 nömrəli qərarı ilə İddiaçı müdafiəçisi tərəfində verilən apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 1(062)-46/2021 saylı hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, İddiaçı təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022ci il tarixli 1(102)-1490/2022 nömrəli qərarına əsasən kassasiya protesti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2022-ci il tarixli, 1(104)- 153/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
39. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə: Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;
40. Göründüyü kimi, işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə, bu zaman iəgötürənin həmin işçi ilə əmək müqaviləsinə xitam verməsi üçün əsas yaranmış olur.
41. İddiaçının barəsində çıxarılmış ittiham hökmü (Tovuz Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 1(062)-46/2021 saylı hökmü) yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş və bəraət hökmü çıxarılmışdır. Yəni, ittiham hökmü qanuni qüvvəsini almamışdır.
42. Cavabdeh orqan isə həmin halları nəzərə almadan Tovuz rayon Polis şöbəsinin Cavabdeh başçısına ünvanladığı xx.xx.2020-ci il tarixli 185-17395-1220 nömrəli məktubuna əsasən elə həmin gün – xx.xx.2020-ci il tarixdə, iddiaçının barəsində cinayət təqibinin yekununu, çıxarılacaq yekun aktı gözləmədən işdən azad etmiş və dövlət qulluğuna xitam vermişdir.
43. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
44. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
45. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ilkin tələbində onun işdən azad edilməsi ilə bağlı olan xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsibi xahiş etmiş, məhkəmənin xx.xx.2024-ü il tarixli iclasında cavabdehin nümayəndəsi Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 3 nömrəli əmrini təqdimedərək, bildirmişdir ki, həmin əmrə X3 2021-ci il 18 yanvar tarixindən 2021-ci il 18 iyul tarixinədək stajçı kimi Cavabdeh başçısının Aşağı Mülkülü kənd İƏD üzrə nümayəndəliyində qulluğa qəbul edilmiş və nümayəndə vəzifəsinə təyin edilmişdir. Hazırda həmin nümayəndəlikdə mühasib yeri vakantdır, əgər iddiaçı tələbini dəyişib həmin vəzifəyə qəbul edilmək istəsə buna Cavabdeh etirazı yoxdur.
46. İddiaçı isə bunu müzakirə edib tələbini dəqiqləşdirmək üçün vaxtistəmiş və növbəti iclasda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Başçısının 12 noyabr 2020-ci il tarixli 90 nömrəli əmrinin ləğv edilib, Tovuz rayon Aşağı Mülkülü kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vakant olan mühasib vəzifəsinə təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
47. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul edərək, tələbin təmin olunmasına dair qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir.
48. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Başçısının 12 noyabr 2020-ci il tarixli 90 nömrəli əmrinin ləğv edilməli, İddiaçı Tovuz rayon Aşağı Mülkülü kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vakant olan mühasib vəzifəsinə təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.
49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Başçısının 12 noyabr 2020-ci il tarixli 90 nömrəli əmri ləğv edilsin. İddiaçı Tovuz rayon Aşağı Mülkülü kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vakant olan mühasib vəzifəsinə təyin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva