Məhkəmə qərarları › İş №2-1(114)-2199/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2199/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2199/2023 23.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı arxiv arayışında qeyd edilən 1979, 1981-1983, 1986- 1988 və 1997-ci illərdə kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1957-ci ildə Tərtər rayonu, Evoğlu kəndində anadan olmuş, hazırda Tərtər rayonun İrəvanlı kəndində qeydiyyatda olmaqla yaşayır. xx.xx.1975-ci il tarixdə və xx.xx.1997-ci il tarixdə açılmış iddiaçıya məxsus əmək kitabçalarındakı qeydlərə əsasən iddiaçı xx.xx.1974-xx.xx.1975, xx.xx.1977-xx.xx.1997, xx.xx.1997-xx.xx.2001, xx.xx.2001-xx.xx.2010, xx.xx.2010-xx.xx.2011, xx.xx.2011xx.xx.2022-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bundan başqa, Tərtər rayon Dövlət Arxivi tərəfindən verilən arxiv arayışından görünür ki, iddiaçı 1972-1973, 1979-1981-1983,1986-1988, 1991-1997-ci illərdə sabiq Qələbə və İlqar Həsənov” adına kolxozlarda işləmiş və əmək haqqı almışdır (1979,1981-1983, 1986- 1988 və 1997-ci illərdə faktiki adam günü qeyd edilməmişdir). Qələbə kolxozunun xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokol qərarı ilə iddiaçı kolxozun sədri seçilmiş, İ.Həsənov adına kolxozun xx.xx.1995-ci il tarixli, 8 nömrəli protokol qərarı ilə iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının (bundan sonra mətndə - cavabdeh) xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə əsasən iddiaçıya avtomatlaşdırılmış qaydada 305,77 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyini zamanı iddiaçının xx.xx.1974-xx.xx.1975, xx.xx.1997-xx.xx.2001, xx.xx.2001-xx.xx.2006-cı il üzrə 09 il 01 ay 29 gün ümumi sığorta stajı (həmin dövrə uyğun olaraq 6.792,47 manat pensiya kapitalı) nəzərə alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********8 nömrəli ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, vətəndaşın xx.xx.2022-ci il tarixli müraciətinə uyğun olaraq Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 317,49 manat müəyyən edilmişdir. Həmin zaman iddiaçının Tərtər rayon, İ.B.Həsənov adına kolxozda işləməsi ilə bağlı qeydlər (1977-1979, 1982-1988 və 1995-1997-ci illərə aid işə qəbul və işdən azad olunma əmrlərinin təsdiqində latın qrafikalı möhürdən istifadə olunub) əmək kitabçasının doldurulması qaydasına zidd olduğundan həmin illərin sosial sığorta stajı olaraq hesablanması mümkün hesab edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış və vətəndaşın Tərtər rayon, İ.B.Həsənov adına kolxozda işləməsi faktına arxiv arayışına əsasən yenidən baxılmış və hərbi xidmət illəri də daxil olmaqla sığorta stajı 18 il 07 ay müəyyən olunmuşdur. Sığorta stajı arxiv arayışında qeyd olunmuş faktiki adam günlərinə əsasən müəyyən edilmişdir. Pensiya məbləği isə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Həmin müraciət aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialında baxılmış və xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-M-28350/2023 nömrəli məktubla bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərin əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən 305,77 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006- cı il yanvarın 1-dək faktiki sığorta stajı Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İddiaçını müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı, fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək 16 il 5 ay sığorta stajına uyğun fərdi hesabın sığorta hissəsində qeydə alınmış 24322,08 manat, Qanunun 37.3.1-ci maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçilməsilə əlaqədar xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qeydə alınmış 1046,94 manat pensiya kapitalı əsasında pensiyanın məbləği yenidən hesablanmış və xx.xx.2022-ci il tarixindən 317,50 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2023-cü il tarixindən 364,17 manata çatdırılmışdır. Təqdim edilən əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 9 il 1 ay 29 gün təşkil etdiyi halda iddiaçıya Qanunun 22- 1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə qəbul olma və işdən azad olma əmrləri latın qrafikalı möhürlə təsdiq edilib) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildirilmişdir ki, yaşa görə əmək pensiyanın məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. İddiaçı əvvəl Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə xx.xx.1977-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək arxiv arayışında qeyd edilən 1979, 1981-1983, 1986-1988 və 1997-ci illərdə kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1957-ci ildə Tərtər rayonu, Evoğlu kəndində anadan olmuş, 1963-1973-cü illərdə Soyulan kənd orta məktəbini bitirmişdir. xx.xx.1974-cü il tarixli 151 nömrəli əmr ilə "X2" çilingər vəzifəsində işləmiş, xx.xx.1975-ci il tarixli 111 nömrəli əmr ilə "Azərbaycan Texnika Təminatı Birliyinə" çilingər vəzifəsinə dəyişmiş, xx.xx.1975-ci il tarixli 31 nömrəli əmr ilə "Bərdə rayonlararası təsərrüfat hesablı nəqliyyat müəssisəsində" çilingər vəzifəsidə çalışmışdır. Hərbi xidmətə getdiyi üçün xx.xx.1975-ci il tarixli 161 saylı əmrlə tutduğu vəzifədən azad edilmiş, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1977-ci il tarixli İlqar Həsənov adına kolxozun ümumi iclasının qərarı ilə "Normalaşdırıcı texnik" vəzifəsinə təyin edilmiş, xx.xx.1979 -cu il tərixli kolxozun ümumi iclasının qərarı ilə "Texnika təhlükəsizliyi mühəndisi" vəzifəsinə təyin edilmiş, xx.xx.1982-ci il tarixli kolxozun ümumi iclasının qərarı ilə İlqar Həsənov adına kolxoza "Kolxoz idarə heyəti sədrinin müavini" vəzifəsinə təyin olunmuş, xx.xx.1988-ci il tarixli kolxozun ümumi iclasının qərarı ilə "X3 sədri" vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə xx.xx.1995-ci ilədək işləmiş, xx.xx.1995-ci il tarixli kolxozun ümumi iclasının qərarı ilə "Texnika təhlükəsizlik mühəndisi" vəzifəsinə təyin olunmuş, xx.xx.1997-ci il tarixdə öz ərizə ilə həmin vəzifədən azad olunmuşdur. Bundan sonra pensiya yaşına qədər müxtəlif vəzifələrdə çalışmış və son yaş həddi ilə əlaqədar işdən azad olunmuşdur. İddiaçı qeyd etmək istəyir ki, ona pensiya hesablanarkən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan əmək stajı nəzərə alınmamışdır. Bu uyğunsuzluğu görən kimi pensiyanın yenidən hesablanması ilə bağlı ərizələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 2023-cü ilin yanvar ayında müraciət etmişdir. Müraciətə cavab olaraq 14 fevral 2023-cü il tarixli 3-17-1/2-M-28350/23 nömrəli məktubla Dövlət Sosial Müdafiə Fondu tərəfindən imtina cavabı verilmişdir. Dövlət Sosial Müdafiə Fondundan göndərilmiş bu məktubla əlaqədar iddiaçı bildimək istəyir ki, kolxozlarda bir qayda olaraq işçilər işdən edilərkən yazılmış əmək kitabçaları möhürlənərək işçiyə verilirdi. Həmin dövrdə, yəni 1997-ci ildə əmək kitabçaları möhürlənərkən artıq möhürlər dəyişib latın qrafikalı möhürlərə keçid edildiyi üçün xx.xx.1977-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək kitabçamda olan iş stajı yeni, yəni latın qrafikalı möhürlə möhürlənmişdir. Həmin tarixlərdə iddiaçının həmin vəzifələrdə işlədiyini təsdiq edəcək yüzlərlə adam mövcuddur. İstənilən sayda şahid gətirilməsi mümkündür. Əmək kitabçasında göstərilən xx.xx.1977-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan əmək stajının yaşa görə əmək pensiyasına daxil edilərək yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-17-1/2-128752/2023 nömrəli etirazını təqdim etmiş və imtina əsaslarını müdafiə etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi imtina və etiraz əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M- 28350/2023 nömrəli imtinası; iddiaçıya məxsus xx.xx.1975-ci il tarixdə və xx.xx.1977-ci il tarixlərdə açılmış əmək kitabçalarının surəti, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 81740/2023 nömrəli məktubu, icraat materiallarının təsdiqlənmiş surəti, Tərtər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 13 nömrəli məktubu, arxiv arayışı, kolxozun protokol kitablarından çıxarışlar, Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/2-128752/2023 nömrəli etirazı; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-59/2-726/2023 nömrəli məktubu ilə təqdim edilmiş iddiaçının hərbi kartasının təsdiqlən surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1975, xx.xx.1977xx.xx.1997, xx.xx.1997-xx.xx.2001, xx.xx.2001-xx.xx.2010, xx.xx.2010-xx.xx.2011, xx.xx.2011-xx.xx.2022-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixədək 09 il 01 ay 29 gün, məhkəmə prosesinin gedişində isə 18 il 07 ay sosial sığorta stajı nəzərə alınmışdır. Həmin dövrlərə əmək kitabçasında qeyd olunan xx.xx.1974-xx.xx.1975, xx.xx.1997-xx.xx.2001, xx.xx.2001-xx.xx.2006 (09 il 02 ay 02 gün) iş dövrü, xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olduğu dövr (01 il 11 ay 26 gün) və faktiki adam günü qeyd olunan 1972-1973 və 1991-1996-cı il (7 il 06 dövr) daxil edilmişdir. İddiaçıya "Əmək pensiyaları haqqında" Qanununun 22-1.1-ci maddəsinə əsasən iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. İddiaçının mübahisəli əmək fəaliyyəti 1979, 1981-1983, 1986-1988 və 1997-ci illərdə kolxozda işləməsi ilə bağlıdır. İddiaçının pensiya hüququ yaranan zaman (xx.xx.2021-ci il tarixdə) qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun : 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə ) ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Bu müddətə həmçinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək staji daxildir və onun nəzərə alınması zamanı məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair şərt məcburi deyildir. İddiaçının mübahisəli əmək fəaliyyəti 1979-1997-ci illərə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Normadan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı kolxozda işlədiyi illərə dair arxiv arayışını təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 5-ci hissəsində qeyd olunur ki, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən müəyyən edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Bununla yanaşı, kolxozun nümunəvi nizamnaməsinə görə kolxozda işləyən şəxslər kolxoz üzvü sayılırlar. Nizamnamədə hər hansı istisna hal nəzərdə tutulmamışdır. Sıravi kolxozçudan tutmuş kolxoz sədri də daxil olmaqla kolxozda işləyən bütün işçilər kolxoz üzvü hesab edilirlər. Nizamnamədə qeyd edilmişdir ki, kolxozda iş günü, müddəti və qaydası, istirahət günləri, hər il pullu məzuniyyətlər verilməsi qaydası, habelə əmək qabiliyyətli kolxozçuların ictimai təsərrüfatda əmək iştirakı minimumu, sınaq müddətini keçmə qaydaları kolxozun daxili intizam Qaydaları ilə tənzim olunur. Kolxozçuların əmək haqqının səviyyəsi onların əmək iştirakı və kolxozun ümumi gəlirindən əməyin ödənilməsinə yönəldilmiş hissəsinin həcmi ilə müəyyən edil Başqa sözlə, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Lakin Tərtər rayon Dövlət Arxivi tərəfindən təqdim edilən arxiv arayışında 1979, 1981- 1983, 1986-1988 və 1997-ci illərə dair kolxoz sənədlərində iddiaçının da faktiki işlədiyi adam günləri qeyd edilməsə də, həmin illərdə onun əmək haqqı aldığı qeyd edilmişdir. İddiaçı həmin illərdə müəyyən edilmiş minimum adam günündən artıq işlədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının həmin illərdə minimum əmək iştirakı normasından az işlədiyinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmin illərə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının faktiki işlədiyi adam günlərinin qeyd edilməməsi iddiaçının ziyanına qiymətləndirilə, bu səbəbdən onun əmək pensiyası hüququ məhdudlaşdırıla bilməz. Digər tərəfdən, iddiaçının minimum əmək iştirakı normasının yerinə yetirilməsi barədə məlumatın olmaması həmin illərin tam əmək ili kimi götürülməsinə əsas verə bilməz. Məhkəmə baxışı zamanı həmin kolxozda işləyən digər şəxslərin 1979, 1981-1983, 1986-1988 və 1997-ci illər üzrə faktiki işlədiyi adam günü və aldığı əmək haqqı barədə məlumatı əldə edilmiş, həmin məlumata əsasən, bir adam gününə hesablanan orta günlük əmək haqqı müəyyən edilərək və əldə edilən nəticəyə uyğun olaraq həmin illərdə iddiaçının faktiki aldığı əmək haqqını orta günlük əmək haqqına bölməklə, faktiki adam günü müəyyən edilmişdir. Bu qayda ilə, Tərtər rayon Dövlət Arxivi tərəfindən təqdim edilən əmək haqqın cədvəllərində olan məlumatlar əsasında iddiaçının 1979, 1982-1983, 1986-1988-ci illərdə adam günü normasını tam şəkildə yerinə yetirməklə (anoloji şəxslərin əmək haqları ilə iddiaçının əmək haqları arasında uyğunluğa əsasən) bu illər üzrə cəmi 6 il, 1981 və 1997ci illər üzrə münasibətdə isə iddiaçı minimum əmək iştirakı normasından az işləməklə (misal üçün 1981-ci il üzrə 251 faktiki gün işləyən şəxs 2858 manat pul aldığı halda iddiaçı 2676 manat pul almış, bu tənasübdə (251x2676/2858=10 ay); 1997-ci il üzrə 305 faktiki günə uyğun 342450 manat əmək haqqı aldığı halda iddiaçı 95.400 manat almış, bu tənasübdə (95400x305/342450=5 ay) 1 il 3 ay sosial sığorta stajı toplamışdır. Göründüyü kimi, iddiaçı 18 il 07 ay mübahisələndirilməyən və 1979, 1981-1983, 1986-1988, 1997-ci illər üzrə 07 il olmaqla, xx.xx.2006-cı il tarixədək 25 ildən çox sosial sığorta stajı toplamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçının 1979, 1981-1983, 1986-1988 və 1997-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası yenidən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 1981-1983, 1986-1988 və 1997-ci illərdə sabiq Qələbə və İlqar Həsənov” adına kolxozlarında işlədiyi 07 il müddətin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar