Məhkəmə qərarları › İş №2-1(114)-22/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-22/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-22/2024 14.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, İİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1655/2022 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlil olaraq pensiya alsa da, hazırda aldığı pensiya dayandırılmışdır. O, əlilliyinə görə hərbi xidmətdən də azad olunmuşdur. O, dəfələrlə tibbi yoxlanışdan keçsə də cavabdeh orqan tərəfindən ona əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. Bu səbəbdən də o, İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 14 may 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə, cavabdehin isə nümayəndəsinin iştirakını təmin etməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə etiraz təqdim edərək, orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsinə əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması, eyni zamanda 2013-cü ildən sonra xəstənin heç bir stasionar müalicə almamasını nəzərə alaraq iddiaçı barədə əyani müayinə qərardadının qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « MTE və PAB » PHŞ-nin xx.xx.2022-ci il tarixli, T 532/2022 nömrəli və xx.xx.2023-cü il tarixli, 47 nömrəli ekspert rəyləri, AR ƏƏSMN DTSERA tərəfindən məhkəməyə təqdim edilmiş etiraz, TSEK müayinələrin nəticələri, AR ƏƏSMN DTSERA Tibbi-Sosial Ekspert Komissiyasının qərarları əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TSEK müayinələrin nəticələrindən görünür ki,İddiaçı xx.xx.1998-ci il tarixdə keçirilən müayinənin nəticəsində “sağ bazu sümüyünün xr hemotogen osteomeliti sağ bazu oynağında hərəkətin məhdudluğu sağ bazunun yuxarı 1/3 hissəsində s viş (XBT kodu - M95-99)” diaqnozu ilə 16 yaşınadək "digər" meyarı ilə, xx.xx.2014-cü il tarixdə eyni diaqnoz ilə 1 il müddətinə İİİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2015-ci il tarixdə "digər osteomielit, sağ bazu sümüyünün osteomeliti remisiya dövrü cərrahi əməliyyatdan sonrakı vəziyyət, ağrı sindromu funksiyasının pozulması ilə, sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı (XBT kodu - M80-M94, M86, M86.8, M86-M90)" diaqnozu ilə "diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmiş, xx.xx.2016-cı il tarixdə "sağ bazu sümüyünün osteomeliti remisiya dövrü cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, intramedulyar stiflə osteosintezdən sonrakı vəziyyət, funksiya pozğunluğu ilə (XBT kodu - M80-M94, M86-M90, M86, M86.8)" diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2021-ci il tarixdə "digər xroniki hematogen osteomielitlər, sağ bazu sümüyünün xroniki hoatogen osteomeliti, bazu oynağının kontrakturası-hərəkət məhdudluğu, borunun orta yuxarı 1/3-nin ön boyun səthinin kolloid çapığı, ağrı sindromu, sol budun orta 1/3-nin bitişmiş sınığı, intramedulyar stiflə osteosintez əməliyyatından sonrakı vəziyyət, əzələnin kontrakturası, bud sınığının nəticələri (XBT kodu - M80-M94, M86-M90, M86, M86.8)" diaqnozu ilə "əlavə müalicəyə ehtiyacın olması" səbəbi ilə və xx.xx.2022-ci il tarixdə isə "Z98.8 digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ bazunun irinli-iltihabi xəstəliyi ilə əlaqədar keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, çapıq toxumaları ilə, qalıq əlamətləri. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, bazu sümüyünün orta 1/3-nin sümük strukturunun qeyri hemogenliyi. Kontraktura-hərəkət məhdudluğu (bazu oynağı kürək sümükləri ilə). Ağırlaşma T93.1 Bud sınığının nəticələri, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı intramedulyar ştif ilə osteosintez əməliyyatından sonrakı vəziyyət, ağrı sindromu ilə" diaqnozu ilə "2013-cü ildən sonra xəstənin heç bir stasionar müalicə almaması, ixtisaslaşdırılmış müalicənin davam etdirilməsinin məsləhət görülməsi" səbəbi ilə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən sonra barəsində keçirilmiş bütün müayinələrin nəticələsi olaraq onun barəsində İİ dərəcə əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞnin həm xx.xx.2022-ci il tarixli, T 532/2022 nömrəli, həm də xx.xx.2023-cü il tarixli, 47 nömrəli ekspert rəylərində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində adına tərtib edilmiş 9346003AAU9U (Forma 088) saylı göndərişdə qeyd edilən "Z98.8 - digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ bazunun irinli-iltihabi xəstəliyi ilə əlaqədar keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, çapıq toxumaları ilə qalıq əlamətləri, Ağırlaşma: M24.5-oynaqların kontrakturası, bazu sümüyünün orta "1/3nin sümük strukturunun qeyri-homogenliyi, kontraktura hərəkət məhdudluğu (bazu oynağı kürək sümükləri ilə), T93.1-bud sınığının nəticələri, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, intramedulyar ştif ilə osteosintez əməliyyatından sonrakı vəziyyət ağrı sindromu ilə” diaqnozu onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kliniki, laboratorinstrumental və diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicəsi düzgün aparıldığından xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarından hər hansı birini aid etməyə imkan verməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə ekspert rəyinin nəticə hissəsində qeyd edilmiş "patofunksional dəyişikliklər"in nədən ibarət olduğunu öyrənmək məqsədi ilə məhkəmə cavabdeh orqana sorğu göndərmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli, 1680 nömrəli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli, T 532/2022 nömrəli rəyin nəticə hissəsində qeyd edilən "patofunksional dəyişikliklər" dedikdə, aldığı xəsarətlərlə bağlı yaranmış çapıq toxumalar, sağ bazu oynağındakı hərəkət məhdudluğu (kontraktura), sol aşağı ətrafda aparılmış cərrahi müdaxilədən, irinli iltihabi prosesdən sonra yaranmış ağrı sindromu başa düşülür. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunarkən təyin edilmiş diaqnozlar - "digər osteomielit, sağ bazu sümüyünün osteomeliti remisiya dövrü cərrahi əməliyyatdan sonrakı vəziyyət, ağrı sindromu funksiyasının pozulması ilə, sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı (XBT kodu - M80-M94, M86, M86.8, M86-M90)", "digər xroniki hematogen osteomielitlər, sağ bazu sümüyünün xroniki hoatogen osteomeliti, bazu oynağının kontrakturası-hərəkət məhdudluğu, borunun orta yuxarı 1/3-nin ön boyun səthinin kolloid çapığı, ağrı sindromu, sol budun orta 1/3-nin bitişmiş sınığı, intramedulyar stiflə osteosintez əməliyyatından sonrakı vəziyyət, əzələnin kontrakturası, bud sınığının nəticələri (XBT kodu - M80-M94, M86-M90, M86, M86.8)" və "Z98.8 digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ bazunun irinli-iltihabi xəstəliyi ilə əlaqədar keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, çapıq toxumaları ilə, qalıq əlamətləri. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, bazu sümüyünün orta 1/3-nin sümük strukturunun qeyri hemogenliyi. Kontraktura-hərəkət məhdudluğu (bazu oynağı kürək sümükləri ilə). Ağırlaşma T93.1 Bud sınığının nəticələri, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı intramedulyar ştif ilə osteosintez əməliyyatından sonrakı vəziyyət, ağrı sindromu ilə" diaqnozları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlillik təyin edilən xəstəliklərin siyahısında öz əksini tapmamışdır. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının müayinəsi zamanı qoyulmuş diaqnozlar əlillik əlaməti təyin etmir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2015-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə təyin edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlillik təyin edilən xəstəliklərin siyahısında mövcud olmadığından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində əlilliyin bərpa edilməməsi mövqeyi haqlıdır və bu səbəbdən iddia təmin edilməməlidir. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) -5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. -5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar