Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-220/2021 13.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5 və üçüncü şəxs nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı xx.xx.2020-ci il tarixli 07 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) Gəncə şəhər Nizami bələdiyyəsinə (bundan sonra mətndə cavabdehə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixi qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 may küçəsinin şərq tərəfində yerləşən hissəsində (indiki Anadolu küçəsində yerləşən yaşayış məntəqələrinin torpaq sahəsi) sahibkarlıq fəaliyyəti üçün Gəncə şəhər Nizamin Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 1134 nömrəli sərəncamına əsasən 600,0 kv.m torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin layihəsi tərtib edilərək təsdiq edilmişdir. Bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh cavab məktubunda 2013-cü il tarixdən onun sahibliyində olan torpaq sahəsini mübahisələndirilən qərarla satdığını bildirmişdir. Ona görədə göstərdiklərini nəzərə alaraq cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) X8 «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli 07 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) X8 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxsin nümayəndəsi (vəkili) X6 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üçüncü şəxsə cavabdeh tərəfindən satılmışdır. İddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, habelə iddia müddəti ötürülməmişdir. Belə ki, mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi iş materialları ilə müəyyən olunmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür (Qanunun 62.3-cü maddəsi). Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik hüquq sahəsində qüvvədə olan) qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlmişdir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Başqa sözlə iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırki işin araşdırılan hallarından isə görünür ki, iddiaçının hazırki tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı mübahisələndirilən qərarla üçüncü şəxsə satılmış torpaq sahəsinin ona Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 1134 nömrəli sərəncamına əsasən verildiyinə əsaslanaraq satın almaqda üstünlük hüququna malik olduğunu bildirmişdir. Lakin iş materiallarında olan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxx 2019-cu il tarixli 100 nömrəli sərəncamından görünür ki, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı xx xxxx 2013-cü il tarixli 1134 nömrəli sərəncamını inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasını, düzgün tətbiq edilməməsini müəyyən etdiyindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 67.2-ci maddəsinə əsasən ləğv etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, bundan sonra Gəncə şəhər Nizami Bələdiyyəsi sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmış və daha sonra isə Bələdiyyə həmin torpaq sahəsini xx xxxx 2020-ci il tarixli 07 saylı qərarla üçüncü şəxs X1 barədə qərar qəbul etmişdir. Göründüyü kimi sözügedən torpaq sahəsi üçüncü şəxsə satılarkən iddiaçının artıq həmin torpaq sahəsinə hər hansı bir hüququ mövcud olmamışdır. Artıq subyektiv hüquq mövcud olmadığından məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayıla bilməz. Bundan əlavə məhkəmə iddiaçının nümayəndəsinin üçüncü şəxs X2 torpaq sahəsi ilə əlaqədar verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar arasında ziddiyətlər olması, yəni birinci çıxarışda 0.05 ha torpaq sahəsinin Gəncə şəhəri, Nizami rayonu, Anadolu küçəsində yerləşdiyi, ikinci çıxarışda isə həmin torpaq sahəsinin ünvan 1 ünvanda yerləşdiyinin göstərilməsi ilə bağlı bildirir ki, sözügedən çıxarışlar arasında hər hansı bir ziddiyyət yoxdur. Belə ki, birinci halda çıxarış yalnız 0.05 ha torpaq sahəsinə verilmişdir ki, belə olan halda ünvan nömrəsinin göstərilməsinə zərurət olmamışdır. İkinci halda isə həmin torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə vahid daşınmaz əmlak kimi qeydə alınmış, bundan əvvəl isə, yəni xx.xx.2021-ci il tarixdə sözügedən fərdi yaşayış evinə 75588 inventar nömrəli texniki pasport tərtib edilərək həmin evə 2 nömrəsi verilmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Gəncə şəhər Nizami bələdiyyəsinə (üçüncü şəxs X7) qarşı xx.xx.2020-ci il tarixli 07 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-220/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-220/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver