Məhkəmə qərarları › İş №2-1(114)-2201/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2201/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2201/2023 26.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dövlət aktına uyğun düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dövlət aktına uyğun düzəliş edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə 2.48 ha torpaq sahəsi verilmiş və bu barədə JN 0186 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

2. X1 Tərtər rayonu Qaynaq kəndi ərazisində yerləşən 2,95 ha torpaq sahəsinin çatışmazlıqları barədə cavabdehə etdiyi müraciətinə xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, X2 və ailə üzvlərinə Tərtər rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ləğv edilmiş DTXK-nin Tərtər rayon şöbəsi tərəfindən verilmiş JN-187 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2,95 ha torpaq sahəsi verilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsinin ölçüsü faktiki istifadəsində olan 2,65 ha sahəyə uyğundur. Torpaq sahəsinin dövlət aktına uyğun olaraq düzəliş edilməsi digər mülkiyyətçilərlə mübahisə yaratdığı üçün məhkəmə qaydasında mübahisələndirilməsi məqsədəuyğundur.

3. Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə X6 və ailə üzvlərinə (X4 da daxil olmaqla) 0,63 ha torpaq sahəsi verilmiş və bu barədə JN 750 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Tərtər rayonu Qaynaq kəndi ərazisində yerləşən 2,48 ha torpaq sahəsi barədə çatışmazlıqların JN-186 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına uyğun olaraq düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Aqrar İslahatı Komissiyasının 12 aprel 2001-ci il tarixli 02 saylı qərarı ilə ona və ailə üzvlərinə Tərtər rayonu, Qaynaq kəndinin ərazisində 2,48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN 186 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin Tərtər rayon, Qaynaq kəndi ərazisində yerləşən 2,48 hektar torpaq sahəsində çatışmazlıq var. Belə ki, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin torpaq sahəsinin ölçüsü 2,23 hektar göstərilmişdir. Bu çatışmazlıqların aradan qaldırılması üçün cavabdeh orqana müraciət etmiş, lakin əsassız olaraq imtina cavabı verilmişdir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

7. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı, bundan başqa məhkəməyə təqdim etdiyi materiallarda iddiaçının özünün eyni məzmunlu tələb ilə cavabdeh inzibati orqana müraciət və bundan imtina edilməsi (və ya hərəkətsizlik göstərməsi) barədə yazılı sənədin mövcud olmadığı bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

10. İddia ərizəsi, o cümlədən iş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə 2.48 ha torpaq sahəsi verilmiş və bu barədə JN 186 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək torpaq sahəsinə dövlət aktına uyğun düzəliş edilməsi vəzifəsinin cavabdeh inzibati oqanın üzərinə qoyulmasını tələb edir.

11. Qeyd olunmaldır ki, iddia ərizəsinin sonluğunda “İmza” sözünün qarşısında İddiaçı adı yazılsa da, aşağı hissədə iddia ərizəsini İddiaçı nümayəndəsi X5 imzalamışdır. Halbuki, X1 İddiaçı əvəzindən iddia ərizəsini imza etmək səlahiyyəti olmamışdır.

12. İddia ərizəsinə xx.xx.2018-ci il tarixli ƏN-İ 752102 saylı etibarnamə əlavə edilsə də, həmin etibarnamədə İddiaçı tərəfindən X3 "xxxx" ASC-nin bütün filiallarında nümayəndə olmaq, onu təmsil etmək, onun adına olan plastik kartı, subsidiyaları almaq və s. bu kimi sələhiyyətlər verilmiş, hazırkı inzibati iş üzrə Azərbaycan Respublikası MPM-nin 74-cü və İPM-in 31-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin etibar edilməsi isə etibarnamədə öz əksini tapmamışdır.

13. Digər tərəfdən, iddia tələbi İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi materiallarda isə məhz onun cavabdeh inzibati orqana müraciəti və bundan imtina edilməsi (və ya hərəkətsizlik göstərməsi) barədə yazılı sənəd mövcud deyildir. İddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin məktubu X3 onun JN-187 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən verilmiş 2,95 ha torpaq sahəsinə dair çatışmazlıqların aradan qaldırılması barədə müraciətinə əsasən ona ünvanlanmışdır.

14. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 7-ci bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

15. Lakin iddiaçı təyin olunmuş müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmamışdır.

16. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

17. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıların nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar