Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2203/2023 27.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. “Yelizavetpol şəhər idarəsi” fondundakı Yelizavetpol şəhər sakinlərinin daşınmaz əmlak siyahısında baş vermiş dəyişikliklərin 1913-cü ilə dair qeydiyyat kitabına əsasən, Əsgər və Həsən Allahverdi oğlanları Yelizavetpol şəhəri, 4-cü kvartal, Səfərabad küçəsində yerləşən 35 saylı ev (həyətyanı sahəsi ilə birgə) sahibləri olmuşlar.
2. Gəncə şəhər, Nizami küçəsi, 46 (keçmiş Gəncə şəhəri, Səfərabad küçəsi, 35; əvvəlki Yelizavetpol şəhəri, 4-cü kvartal, Əzizbəyov 54; Şıxnizami 64/46) ünvanında yerləşən mülk 1930-cu il tarixli inventarlaşdırma zamanı yerli təsərrüfat idarəsinin adına qeyd edilməklə, 5 nömrəli məktəbin balansında, 1954-cü il tarixli inventarlaşdırma zamanı 21 nömrəli məktəbin istifadəsində olduğu qeyd edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12 mart 1999-cu il tarixli 6138 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Nizami küçəsi, 46 saylı binanın bir hissəsi Nizami rayon Dövlət Sığorta Agentliyinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 258 nömrəli sərəncamı ilə isə bir hissəsi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmişdir (DƏDRX-nin Gəncə Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli və DƏDKR PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktublarına əsasən).
3. ünvan 1 ünvanda yerləşən bir mərtəbəli binanın bir hissəsi və zirzəmisindəki 219,0 kv.m qeyri-yaşayış sahəsi X4 xüsusi mülkiyyətinə verilmiş və bu barədə xx.xx.2005ci il tarixdə qeydiyyat aparılmışdır.
4. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2-318/07 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsi ilə 18 iyun 1964-cü ildə vəfat etmiş X13 X1 doğma qızı olması, X1 X3 ilə doğma qardaş olmaları ilə bağlı qohumluq münasibətində olmaya, X2 1931-ci ildə, X1 1934-cü ildə ölümlərinin qeyd edilməsinə və X13 X1 və X2 qanun üzrə vərəsəsi olmasına dair hüquqi faktlar müəyyən edilmişdir.
5. X20 və qeyriləri cavabdehlər X12 və qeyrilərinə qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldıraraq, həmin məhkəmənin 10 aprel 2007-ci il tarixli qətnaməsi ilə ölmüş hesab edilmiş miras qoyanlar X1 qızı və X2 qardaşı qızı olan mərhum X13 qanun üzrə vərəsəsi olduğundan qanun üzrə vərəsəlik zamanı sonuncunun övladları X14 1/8 pay hissəsi, X15 1/8 pay hissəsi, X17 1/8 pay hissəsi, İddiaçı 1/8 pay hissəsi, X5 1/8 pay hissəsini, mərhum oğlu X21 övladları X18 1/32 pay hissəsi, X8 1/32 pay hissəsi, X23 1/32 pay hissəsi, X19 1/32 pay hissəsi, mərhum qızı X16 övladları X9 1/24 pay hissəsi, X10 1/24 pay hissəsi və X11 1/24 pay hissəsi ilə Gəncə şəhəri, Nizami küçəsi, 46 ünvanda yerləşən miras mülkə vərəsə kimi tanınıb paylarına mütənasib olaraq mülkiyyət hüququnun verilməsi, 219,0 kv.m torpaq sahəsində yerləşən Gəncə şəhəri, Nizami küçəsindəki 46 saylı miras mülkün və torpaq sahəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin digər cavabdeh X4 adına verdiyi 27 iyun 2005-ci il tarixli 005468 saylı mülkiyyət hüququ haqqında şəhadətnamənin və onunla əlaqədar auksion protokolunun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mülkün bir hissəsinin cavabdeh Gəncə şəhər Nizami rayon Dövlət Sosial Sığorta Agentliyinin balansına verilməsi haqqında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12 mart 1999-cu il tarixli 6183 saylı sərancamının ləğv edilməsi və mübahisəli daşınmaz əmlakın əvvəlki vəziyyətə qaytarılması, həmin mülkün ümumi sahəsi 135,2 kv.m olan beş otağın, sahəsi 33,8 kv.m olan dəhlizin və sahəsi 50,3 kv.m olan zirzəminin cavabdeh Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin balansına verilməsi haqqında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 02 avqust 2004-cü il tarixli 258 saylı sərancamın ləğv edilməsi və mübahisəli daşınmaz əmlakın əvvəlki vəziyyətə qaytarılması və cavabdeh Gəncə Şəhər Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən 21 saylı orta məktəbin istifadəsinə verilmiş Gəncə şəhəri, Nizami küçəsi 46 saylı miras mülkün bir hissəsinin əvvəlki vəziyyətə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər.
6. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2008-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(104)-177/2009 nömrəli xx.xx.2009-cu tarixli qətnaməsi ilə təmin edilməmiş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(102)-1845/09 nömrəli xx.xx.2009-cu il tarixli qərarı ilə təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(104)-177/2009 nömrəli xx.xx.2009-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi, mülkiyyət və vərəsəlik hüququndan məhrum olması ilə əlaqədar 500.000 manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, Yelizavetpol şəhəri, 4 nömrəli kvartal, Səfərabad küçəsi 35 nömrəli ev hazırkı ünvan 2 evlə eyni evdir. Həmin ev Əsgər və Həsən Allahverdi oğlanlarının adına olmuş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə anası X24 onların varisi kimi tanınmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 12 mart 1999-cu il tarixli 6183 saylı sərəncamına əsasən binanın bir hissəsi Gəncə şəhəri Nizami rayon Dövlət Sosial Sığorta Agentliyinin, bir hissəsi isə xx.xx.2004-cü il tarixli 258 saylı sərəncamı ilə Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sərəncamına verilmişdir. Sonradan həmin bina tamamilə sökülmüşdür və icra hakimiyyəti tərəfindən başqa şəxslərə satılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2008-ci il tarixli 2(044)-1307/2008 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı və digərlərinin "məhkəmə qətnaməsi ilə ölmüş elan edilmiş miras qoyanların qanun üzrə vərəsəlik zamanı müvafiq paylar hüquqlu vərəsələrinin tanınması, mirasın əmlakda onların paylarına mütənasib mülkiyyət hüquqlarının verilməsi, miras əmlakın ayrı-ayrı yollarla özgəninkiləşdirilməsi haqqında auksion nəticələrinin, alğı-satqı müqaviləsinin və şəhadətnamənin etibarsız, yerli icra hakimiyyətinin sərəncamlarının isə ləğv edilməsi və mübahisəli daşınmaz əmlakın əvvəlki vəziyyətə qaytarılması" iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qeyd edilən qətnamə apellyasiya və kassasiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Lakin o hesab edir ki, qeyd edilən torpaq sahəsi başqa şəxslərə verildiyindən icra hakimiyyəti tərəfindən vərəsəlik və mülkiyyət hüququndan məhrum olunmuşdur. Ona görə də ona 500.000 manat pul ödənilməlidir.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
Əsaslandırma hissəsi:
10. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
11. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
12. İddia ərizəsindən məlum olur ki, iddiaçı hazırkı ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın sökülməsi və torpaq sahəsinin başqa şəxslərə verilməsi nəticəsində icra hakimiyyəti tərəfindən vərəsəlik və mülkiyyət hüququndan məhrum olunduğunu iddia edir və bu səbəbdən cavabdeh orqandan 500.000 manat məbləğində pul ödənilməsini tələb edir.
13. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
14. Lakin hazırkı halda, iddiaçının iddiasında göstərdiyi ünvan 2 evə (iddiaçının bildirməsinə görə - keçmiş Yelizavetpol şəhəri, 4 nömrəli kvartal, Səfərabad küçəsi 35 nömrəli evə) dair hər hansı hüquqlarının mövcudluğu müəyyən edilmir. İddiaçının ilk növbədə mübahisəli evə dair hüququ olmalıdır ki, onun sökülməsi və yerləşdiyi torpaq sahəsinin başqa şəxslərə satılması nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
15. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, X1 qızı və X2 qardaşı qızı olan mərhum X13 qanun üzrə vərəsələri olan sonuncunun övladları (iddiaçı da daxil olmaqla) cavabdehlər X12 və qeyrilərinə qarşı Gəncə şəhəri, Nizami küçəsi, 46 ünvanda yerləşən miras mülkə vərəsə kimi tanınıb paylarına mütənasib olaraq mülkiyyət hüququnun verilməsi və digər tələblərlə məhkəmədə qaldırdıqları iddia tələbi təmin edilməmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər malikdir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal eilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
17. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yəni, şəxsin subyektiv hüququ yoxdursa, inzibati orqan tərəfindən onun pozulma ehtimalı və şəxsin hüquqi müdafiəyə ehtiyacı da mövcud olmur.
18. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
19. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
20. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən daşınmaz əmlaka vərəsəlik və ya mülkiyyət hüquqlarının mövcud olması müəyyən edilmədiyindən o, həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
21. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva