Məhkəmə qərarları › İş №2-1(114)-2203/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2203/2025

04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2203/2025 04.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndələri X2 və X3 iştarakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı və ya vergi ödəyicisi) xx.xx.1969-cu il tarixdə Goranboy şəhərində anadan olmuş, hazırda Goranboy şəhəri, M.Məhərrəmov küçəsi, ev 31, mənzil 5 ünvanında qeydiyyatdadır. İddiaçı xx.xx.2023-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə Goranboy şəhəri, M.Məhərrəmov küçəsi, ev 31, mənzil 5 ünvanı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyekt AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi xx.xx.2024-cü il tarixdə “X8nin həyata keçirilməsi haqqında” **********2001 nömrəli qərar qəbul etmiş, qərarla iddiaçının nümayəndəsi X5 xx.xx.2024-cü il tarixdə tanış edilmişdir. “X8nin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2001 nömrəli qərar xx.xx.2024-cü il tarixdə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İnzibati orqan vergi ödəyicisindən xx.xx.2024-cü il tarixli **********2138 nömrəli tələbnamə ilə malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən sənədlər, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlər, illər üzrə mal qalığının adlı siyahısı istənilmişdir. Həmin tarixdə vergi orqanı tərəfindən vergi ödəyicisinin yuxarıda qeyd edilən mağazaya baxış keçirilmiş ayr-ayrı nöqsanlar aşkar edildiyindən xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6504 nömrəli qərar qəbul edilmişdir. İddaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6504 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2025-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan kabineti vasitəsi ilə məhkəməyə ərizə göndərərək, ərazi məhkəmə aidiyyətinə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçı və onun nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında göstərmişdir ki, xidmət göstərdiyi digər bir iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsi həmin işi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərdiyindən hazırki iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, işə Bakı İnzibati Məhkəməsində baxılması daha məqsədəmüvafiqdir. Məhkmə iclası zamanı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X6 etiraza uyğun izahat vermiş, eyni zamanda əlavə olaraq bildirmişdir ki, işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, qeyd edilən şəxsin faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaması, bütün işlərin nümayəndə olan Xəyyam Nəbiyev tərəfindən həyata keçirilməsi, şəxsin özünün həyata keçirilən maliyyə əməliyyatlarından və sahibkarlıq fəaliyyətindən heç bir məlumatının olmamasına dair əsaslı şübhələr var, çünki Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev Bakı-Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşən mağaza faktiki olaraq fəaliyyət göstərmir, bu hal məhkəməyə təqdim edilmiş mağazaların fotoşəkilləri ilə də sübuta yetirilmişdir. Bu səbəbdən də iddiaçının məhkəmə iclasında iştirakı zəruridir. İddiaçının yaşayış ünvanı ünvan 2rə, onun işə Gəncə İnzibati Məhkəməsində baxıldıqda iştirakının mümkün olacağından işə Gəncə İnzibati Məhkəməsində baxılmasının xahiş etmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X2 məhkəmə iclası zamanı digər nümayəndə Xalid Şahbazovun dediklərini eyni ilə təsdiq edərək, işə Gəncə İnzibati Məhkəməsində baxılması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2025-ci il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan kabineti vasitəsi ilə məhkəməyə vəsatət göndərərək, iddia ərizəsinə ərazi aidiyyəti üzrə baxılması üçün 2-1(114)- 2203/2025 saylı işin Bakı İnzibati məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, vəsatətini Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025ci il tarixli 2-1(114)-944/2025 saylı ərazi aidiyyətinin müəyyən edilməsi bardə qərarı ilə əsaslandırmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.4 Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə hesab edir ki, hazırkı işin ərazi aidiyyəti Bak İnzibati Məhkəməsidir. Belə ki, İPM-in 8.1.2-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, qanunun mənasından da göründüyü kimi şəxsin hər hansı ünvanda qeydiyyatda olması onun hələ həmin ünvanda yaşaması anlamına gəlmir. Hazırkı iş üzrə mübahisə predmeti olan vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyekt AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev Bakı- Salyan-Lökbatan dairəvi yolayrıcının qərbi ünvanında yerləşməklə Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin Vergi ödəyicilərinin uçotu idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə uçota alınaraq “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayış verilmiş və həmin idarə tərəfindən xx.xx.2024-cü il tarixdə nəzarət kassa nəzarət aparatı quraşdırılaraq **********7 nömrəli qeydiyyat vəsiqəsi işlənilmişdir. Həmçinin iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə göndərdiyi ərizədə işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə xahiş etmişdir. Beləliklə, barəsində vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmiş İddiaçı vergi ödəyicisi kimi Goranboy şəhəri, M.Məhərrəmov küçəsi, ev 31, mənzil 5 ünvanında qeydiyyatda olsa da, sahibkarlıq obyekti AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev Bakı-X1 Qərbi ünvanında yerləşdiyindən və həmin obyekt Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin Vergi ödəyicilərinin uçotu idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə uçota alındığından iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsinin tələblərinə əsasən hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən məhkəmələrə ünvanlanmış 27 noyabr 2024-cü il tarixli 1-8-10/2-2194/2024 saylı icmal məktubunda İPM-nin 8.1.2-ci maddəsinin ikinci cümləsində qeyd edilən hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yeri və olduğu yer anlayışlarına izah verilərək göstərilmişdir ki, “Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin, o cümlədən “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının müddəalarının ümumi təhlili onu göstərir ki, vergi ödəyiciləri olduqları yer, təsərrüfat subyektlərinin olduqları yer və ya iqtisadi maraqlar mərkəzinin yerləşdiyi uçota alına bilər. Başqa sözlə, vergi ödəyicisinin uçotunun aparılmasında rəhbər tutulan meyar kimi əsas onun sahibkarlıq fəaliyyətinin daha çox bağlı olduğu yer çıxış edir. Vergi qanunvericiliyinin məqsədləri baxımından vergi ödəyicilərinin vergi uçotuna alındıqları ünvanın həlledici olduğu nəzərə alınmaqla ərazi aidiyyətinin həlli məsələsində İPM-nin 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “şəxsin yaşayış yeri və ya olduğu yer” ifadəsi vergi ödəyicisinin vergi uçotuna alındığı yer anlamında təfsir olunmalıdır. Odur ki, vergi mübahisələri ilə bağlı cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmə yurisdiksiyasına aid olan ərazini əhatə etdikdə, belə iddialara vergi ödəyicisinin iddia verilən anda vergi uçotuna alındığı yerin, yəni uçotda olduğu vergi orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.” “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Cavabdeh ödəyicisi kimi Goranboy şəhəri, M.Məhərrəmov küçəsi, ev 31, mənzil 5 ünvanı üzrə qeydiyyata aldığı yer Goranboy şəhəri Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil olsa da, iddia verilən anda vergi uçotuna alındığı, yəni uçotda olduğu vergi orqanı (Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin Vergi ödəyicilərinin uçotu idarəsi) Bakı şəhərində yerləşməklə Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İddiaçı vergi ödəyicisi kimi AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev Bakı-X1 Qərbi ünvanında fəaliyyət göstərdiyindən, həmçinin həmin obyekt Bakı şəhəri X8 və Uçotun Təşkili Baş İdarəsinin Vergi ödəyicilərinin uçotu idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə uçota alındığından, inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Cavabdehin nümayəndələrinin iddiaçının şəxsən məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə Gəncə İnzibati Məhkəməsində baxılmasına dair izahatına münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən məsələ işə mahiyyəti üzrə baxılan zaman Azərbaycan Respublikası İPM-nin 57-ci maddəsinə əsasən həll edilməlidir. Yəni məhkəmə tərəfin şəxsən məhkəmə iclasında iştirakını zəruri hesab edərsə, İPM-nin 57-ci maddəsinə əsasən müvafiq tədbirlər görərək, şəxsin şəxsən məhkəmə iclasında iştirakını təmin edir. Qeyd edilən əsasla məhkəmənin ərazi aidiyyətinin dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin nümayəndələrinin qeyd etdiyi, şəxsin məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə işə Gəncə İnzibati Məhkəməsində baxılmasına dair firiklərini məhkəmə əsaslı hesab etmir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-944/2025 saylı, xx.xx.2025-ci il tarixli “ərazi aidiyyətinin mübahisələndirilməsi” haqqında qərarında da oxşar mövqe əks etdirilmişdir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məcəllənin 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məcəllənin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 8 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar