Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2208/2022 22.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı “artıq ödənilmiş 564,12 manat pensiya məbləğinin tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə - iddiaçı) Cavabdeh (bundan sonra mətndə - cavabdeh) qarşı « artıq ödənilmiş 564,12 manat pensiya məbləğinin tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən 24 noyabr 2006-cı il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin sabiq xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixdən cavabdehin vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 294,83 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavəsi 27,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 183,88 manat olmaqla orta aylıq əmək haqqı 539,01 manat təşkil etmişdir. Bununla əlaqədar cavabdehin əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 17 il 05 ay 10 gün qulluq stajına uyğun olaraq əmək pensiyasının orta aylıq əmək haqqının (539,01 manat) 80 faizi – 431,21 manat məbləğində müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 17 il 5 ay 10 gün qulluq stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 57,25 faiz təşkil edir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 324,63 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavə 27,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 202,53 manat olmaqla orta aylıq əmək haqqı 587.46 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə onun qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (539,01 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (587,46 manat) arasındakı fərq məbləğinin (48,45 manat) 57,25 faizi-27,74 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (431,21 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyasının məbləği 458,95 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 495,67 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavə 27,30 manat mükafatlarla müavinətlərin cəminə görə əlavə 308,80 manat olmaqla orta aylıq əmək haqq 864,77 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixl 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə onun qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (587,46 manat) ilə sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (864,77 manat) arasındakı fərq məbləğinin (277,31 manat) 57,25 faizi-158,76 manat 1 sentyabr 2019-cu il tarixinədə hesablanmış pensiyasının (458,95 manat) üzərinə əlavə olunmaqla cavabdehin əmə pensiyasının məbləği 617,71 manat müəyyən edilmişdir "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən onun vaxtilə qulluq keçdiyi vəzifər üzrə ümumilikdə vəzifə maaşı 495,67 manat, rütbə maaşı 33,00 manat, qulluq stajına görə əlavə 104,09 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 308,80 manat olmaqla orta aylıq əmək haqqı 941,56 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək onun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (864,77 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınız (941,56 manat) arasındakı fərq məbləğinin (76,79 manat) 57,25 faizi-43,96 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (617,71 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 661,67 manat müəyyən edilmişdir. Lakin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 724,35 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində cavabdehə 564,12 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Bununla əlaqədar olaraq ona xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubla tərəfimizdən artıq ödənilmiş pul vəsaitınin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmişdir. Əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Məlumat üçün bildirilir ki, Mərkəzi Filial tərəfindən 2020-ci ilin oktyabr ayından etibarən əmək pensiyası 661,67 manat müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür. Qeyd edilənləri nəzərə alaraq, cavabdehə artıq ödənilmiş 564,12 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi tələbi müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməmiş və bildirmişdir ki, cavabdehə qarşı pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etmiş və hazırda həmin iş məhkəmə icraatındadır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Hazırkı tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğun olmuşdur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabər hüquqlu subyekt kimi çıxış etmirlər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə cavabdehə əlilliyə görə əmək pensiyası, daha sonrakı qərarı ilə (iddiaçının təqdim etdiyi pensiya işindəki qərarın nömrəsi və tarixi qeyd edilməmişdir) xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya məbləği sonrakı illərdə dəyişdirilmiş, sonuncu dəfə “pensiya miqdarının dəyişdirilməsi haqqında” DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə 724,34 manat məbləğində pensiya məbləği xx.xx.2020-ci il tarixədək cavabdehə ödənilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********8 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən iddiaçıya 661,67 manat məbləğində pensiya məbləği hesablanmışdır. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı iş üzrə isə belə razılığın olması müəyyən edilməmişdir. Həmçinin inzibati orqan tərəfindən cavabdehə 724,34 manat məbləğində pensiya ödənilməsi o zamankı DSMF-nin səlahiyyətli orqanın inzibati aktı – sərəncamı əsasında həyata keçirilmiş, həmin inzibati akt isə xx.xx.2022-ci il tarixədək qüvvədə olmaqla, hər hansı qaydada mübahisələndirilməmiş və ya ləğvinə dair məhkəmə qərarı və ya digər inzibati akt qəbul edilməmişdir. Cavabdehin pensiya məbləğinin yenidən hesablanması barədə iddiaçının qərarı isə xx.xx.2020-ci il tarixdə qəbul olunmuşdur. Hazırkı iş üzrə müəyyən edilir ki, qanunsuz hesab edilən əlverişli inzibati aktın ləğvinə əsas olan “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması məhkəmə araşdırması nəticəsində müəyyən edilməmiş və bu halları əsaslandıran hər hansı dəlil iddiaçı tərəfindən təqdim edilməmişdir. Birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman, həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İddiaçı orqan tərəfindən cavabdehə artıq ödənilmiş məbləğin geri qaytarılmasını zəruri edən əsas qismində yalnız pensiya məbləğinin düzgün hesablanmaması göstərilmişdir. Bu isə müvafiq əlverişli inzibati akt ləğv və ya etibarsız hesab edilmədən, onun icrasının dayandırılmasına və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı “artıq ödənilmiş 564,12 manat pensiya məbləğinin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2208/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2208/2022
22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver