Məhkəmə qərarları › İş №2-1(114)-2209/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2209/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2209/2021 16.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) 01.08.1954-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. İddiaçı 15.05.1973-cü il tarixdən 12.06.1975-ci il tarixədək hərbi xidmətdə olmuş, 25.11.1976-cı ildən əmək fəaliyyətinə başlayaraq 02.01.2005-ci il tarixədək işləmişdir. İddiaçıya 14.04.2009-cu il tarixində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, 07.04.2021-ci il tarixdə isə iddiaçıya təyin edilmiş əlilliyə görə əmək pensiyası dayandırılmışdır. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə inzibati orqana müraciət etmiş, sonuncu isə 22.09.2021-ci il tarixli **********0 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi 10.11.1977-ci il tarixində tərtib edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının ümumi sığorta stajı 23 il 05 ay olmaqla qanunla tələb olunan (25 il) müddətdən azdır. Eyni zamanda 23 il 05 ay sığorta stajına uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16.426,32 manat pensiya kapitalı tələb olunan (28.800 manat) pensiya kapitalından az olduğu üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının 13.07.2021-ci il tarixli T-76 saylı arxiv arayışına əsasən əmək kitabçasında qeyd olunmuş X1 05.02.1997-ci il tarixindən 07.11.2000-ci il tarixinədək olan arxiv sənədləri X5 filialına təhvil verilmədiyi üçün həmin dövrlərin araşdırılması imkan xaricindədir. Eyni zamanda, 12.07.2021-ci il tarixli akta əsasən 06.11.2000-ci il tarixindən 02.01.2006-cı il tarixinədək iddiaçının Xanlar Tikinti sahəsindəki əmək fəaliyyətinin araşdırılması zamanı məlum olmuşdur ki, onun adına 15 ay əmək haqqı hesablanmışdır. Bu səbəblə, sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş 130 manat pensiyanın artırılıb 268 manat pensiya təyin olunmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərildikdən sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək “əmək kitabçasında qeyd edilən 05.02.1997-ci il tarixdən 07.11.2000-ci il tarixədək X2 işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyasının dayandırıldığı 07.04.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 16.12.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı 15.12.2021-ci il tarixli **********2 nömrəli etiraz təqdim etmiş, etirazında imtinada qeyd olunan əsasları təkrarlayaraq əlavə olaraq bildirmişdir ki, iddiaçının 01.08.2018-ci il tarixində pensiya hüququ yaranmış və o, 16.05.2021-ci il tarixində ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. İddiaçının 06.11.2000-ci il tarixindən .02.01.2005-ci il tarixinədək Xanlar Tikinti sahəsindəki əmək fəaliyyətinin araşdırılması zamanı onun adına 15 ay əmək haqqı hesablandığı məlum olduğu üçün yalnız əmək haqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 22.09.2021-ci il tarixli **********0 nömrəli imtinası, 10.11.1977-ci il tarixində tərtib edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, hərbi biletin notariat qaydada təsdiq edilmiş surəti, cavabdehin 15.12.2021-ci il tarixli **********2 nömrəli etirazın surəti, Mingəçevir şəhər Statistika İdarəsinin 01.11.2021-ci il tarixli 161 nömrəli məktubu, Göygöl rayon Dövlət Arxivinin 29.10.2021-ci il tarixli 61 nömrəli arxiv arayışı, əmrlərdən çıxarışların təsdiqlənmiş surəti, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 01.11.2021-ci il tarixli **********998700 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. İddiaçının 01.08.1954-cü il tarixdə doğulması, 01.08.2018-ci il tarixdə pensiya yaşına çatması, 15.05.1973-cü il tarixdən 12.06.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu 02 il, əmək kitabçasında qeyd edilən 25.11.1976-cı il tarixdən 05.02.1997-ci il tarixədək olan işlədiyi 20 il 02 ay və 06.11.2000-ci il tarixdən 02.01.2005-ci il tarixədək Xanlar Tikinti sahəsindəki əmək haqqı aldığı 15 ay (01 il 03 ay) müddət nəzərə alınmaqla, 23 il 02 ay sosial sığorta stajı işin mübahisəsiz hallarıdır. Mübahisəli hal iddiaçının əmək kitabçasında qeyd edilən 05.02.1997-ci ildən 07.11.2000-ci ilədək X2 işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, həmin kitabçada qeyd edilən müəssisənin arxiv sənədlərinin təhvil verilmədiyi üçün aparılan qeydlərin yerində qarşılıqlı yoxlanmasının mümkün olmamasıdır. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan (01.01.1993-cü il tarixdən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin «a» bəndinə əsasən Əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (1997-2000-ci illər) həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı 05.02.1997-ci ildən 07.11.2000-ci ilədək X2 işləməsi barədə əmək kitabçası təqdim etmişdir. Mingəçevir şəhər Statistika İdarəsinin 01.11.2021-ci il tarixli 161 nömrəli məktubundan görünür ki, X3 19.02.1998-ci il tarixindən 23.09.2002-ci il tarixinədək Azərbaycan Respublikasının Statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 01.11.2021-ci il tarixli **********998700 nömrəli məktubundan görünür ki, X3 30.04.1998-ci il tarixdən vergi uçotuna alınmışdır. Göründüyü kimi, bəhs olunan sənədlərə görə iddiaçının işləmiş olduğu X1 ən azından 1998-ci ildə dövlət qeydiyyatında olması təsdiq olunmuşdur. Həmin müəssisənin 1998-ci ildən əvvəlki dövrdə qeydiyyatda olmaması işdə olan sübutlarla təsdiq olunmasa da, cavabdeh iddiaçının işlədiyi dövrdə həmin idarənin mövcudluğunu şübhə altına salan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının 05.02.1997-ci ildən 07.11.2000-ci ilədək X2 işləməsi əmək kitabçasında olan məlumatlarla təsdiq olunduğundan və həmin məlumatların mötəbər olmaması hər hansı dəlillə təsdiq olunmadığından həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Beləliklə, iddiaçının X2 işlədiyi 03 il 09 ay müddət və cavabdeh tərəfindən mübahisələndirilməyən 23 il 05 ay müddət daxil olmaqla, ümumilikdə 25 il sığorta stajı vardır. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Digər tərəfdən, məhkəmə hesab edir ki, İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından və iddiaçı pensiya hüququnun yarandığı 01.08.2018-ci il tarixdən deyil, 07.04.2021-ci il tarixdən pensiya təyin olunmasını tələb etdiyindən yaşa görə əmək pensiyası 07.04.2021-ci il tarixdən təyin edilməlidir. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 05.02.1997-ci ildən 07.11.2000-ci ilədək X2 işlədiyi 03 il 09 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona 07.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar