Məhkəmə qərarları › İş №2-1(114)-221/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-221/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-221/2023 16.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 11 iyun 2022-ci il tarixli DVX seriyalı 014665 nömrəli akt və bu akt əsasında 19 iyul 2022-ci il tarixli **********086500 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv olunaraq, Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən ona yazılmış 1000 manat miqdarında cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 ildir ki, Tərtər rayonu Mərkəzi Bazarın nəzdində fəaliyyət göstərir. 2022-ci ilin avqust ayında 19 iyul 2022-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar fəaliyyət göstərdiyi ünvana daxil olmuşdur. O əvvəlcə heç bir şey başa düşməsə də, sonradan diqqətlə baxdığı zaman Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat miqdarında cərimə olunmasını görmüşdür. Cəriməni ona əvvəllər tanımadığı X4 yazmışdır. Vergi orqanı işçiləri onun hüquqi savadsızlığından, internetdə işləmək qabiliyyətinin az olmasından istifadə edərək onu cərimələmişdir. İnternet vergi idarəsində işləmək bacarığı olmadığından sonradan bilmişdir ki, 14 iyun 2022-ci il tarixdə vergi xidmətindəki poçt qutusuna 11 iyun 2022-ci il tarixli bildiriş daxil olmuş, həmin bildirişdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək DVX seriyalı 014665 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmiş və barəsində qərar qəbul edilməsi üçün xx.xx.2022-ci il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. Bu məlumat ona nə telefonla, nə də poçt vasitəsilə gəlmədiyi üçün öz hüquqlarını müdafiə etmək imkanı olmamış, bir sözlə, internetdə işləmək bacarığının az olmasından istifadə etməklə, poçt və telefonla ona məlumat verməməklə öz hüquqlarını müdafiə etmək imkanının qarşısı alınmış və haqqında 1000 manat cərimə qərarı qəbul edilmişdir. Ona yalnız 1000 manat cərimə olunduğu yekun qərar və tələbnamənin surəti göndərilmişdir. İnternet vergi xidmətində yerləşən onlayn kargüzarlıq xidmətindən ona məlum olmuşdur ki, 11 iyun 2022-ci il tarixdə X3 və X8 adlı 11 saylı Ərazi Vergi İdarəsinin iki vergi müşaviri onun haqqında akt tərtib etmiş və həmin akt və ona əlavə olunmuş sənədlərdə guya onun ət satışı obyektinə gəlmişlər, onun qanunsuz olaraq ət satdığını, satdığı ətin çekini vermədiyini və çek üçün kassa aparatı olmadığını müəyyən etmişlər. Həmçinin, guya onun akt və əlavə edilən digər sənədləri imzalamaqdan imtina etdiyini göstərmişlər. Bu isə tamamilə yalandır. Belə ki onun obyektdə olduğunu iddia edən vergi işçiləri belə görünür ki, ümumiyyətlə onun obyektinə gəlməmişdir. Çünki o həmin vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə o vergi ödəyicisi olaraq fəaliyyətinin dayandırılması barədə 11 saylı Ərazi Vergilər İdarəsinə ərizə vermiş, ərizəsinə xx.xx.2022-ci ildə cavab gəlmiş və müraciətinə əsasən fəaliyyətinin xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırıldığı göstərilmişdir. Bundan əlavə olaraq xx.xx.2022-ci il tarixdə Vergi İdarəsindən daxil olan məktubda sahibkarlıq fəaliyyətinin dayandırıldığı barədə cavab almışdır. Ardınca 04 iyul 2022-ci ildə təkrarən Vergilər İdarəsinə müraciət edərək sahibkarlıq fəaliyyətinə başlamaq istədiyini bildirmiş, 05 iyul 2022-ci il tarixdə gələn cavabla fəaliyyətinin bərpa olunduğu təsdiq edilmişdir. Bütün bunların xülasəsi olaraq, necə ola bilər ki, sahibkarlıq fəaliyyətinin dayandığı, obyektinin işləmədiyi bir dövrdə vergi işçiləri gələrək obyektini müəyyən etmiş və onun qanunsuzluqla məşğul olduğunu aşkara çıxarmışlar. Bu onu göstərir ki, vergi işçiləri ümumiyyətlə obyektinə gəlməmiş və 11 saylı Ərazi Vergilər İdarəsində sənədləri tərtib etmişlər. Aktın əsassız olduğu göstərən ikinci məsələ budur ki, o ət satışı fəaliyyəti ilə məşğul olduğu zaman demək olar ki, həmin obyektdə olmur, obyekti qohumu olan başqa bir şəxs işlədir. O ətin gətirilməsi və heyvanların seçilməsi məsələsinə, qohumu isə heyvanın kəsilməsi və satılması məsələsinə baxır. O obyektə axşamlar gəlir və hesab kitab aparır. Lakin aktı oxuduqda görünür ki, guya həmin gün o obyektdə olmuş və sənədlərə imza etməkdən imtina etmişdir. Bu isə yalandır. Aktın əsassızlığını göstərən bir digər hal isə akta əlavə edilmiş sənədlər siyahısında şəkil olmamasıdır. Aktın məzmunundan şəxslərin bütün gün ərzində obyektdə olması görünür. Lakin maraqlı tərəfi budur ki, bütün gün obyektdə olan vergi işçiləri həmin vaxt obyektin açıq olması və iddiaçının orada ət satışı ilə məşğul olmağı barədə bir ədəd də olsa şəkil çəkməmişlər. Əslində iş üzrə bütün halları sübut edən yeganə şey şəkil ola biləcəyi halda şəkildən başqa aktda bütün sənədləri əlavə etmişlər. Bu da onu göstərir ki, vergi işçiləri 11 saylı Ərazi Vergilər İdarəsindən bu aktı tərtib etmiş və heç bir yoxlama aparmamışlar. Digər tərəfdən aktlara baxdıqda görürük ki, aktlardan birində sahibkar olaraq iddiaçının adı yazılıb imzadan imtina etdiyi göstərilsə də, digər aktda adı yazılmamış və imtina etdiyi göstərilməmişdir. Bu da onu göstərir ki, əslində vergi işçiləri onun yanına ümumiyyətlə gəlmədiklərindən bir aktda adını yazsalar da, digər aktda yanlarında olmadığından şüuraltı olaraq adını yazmağı unutmuş və iddiaçının orada olmadığını öz aktları ilə isbat etmişlər. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 11 iyun 2022-ci il tarixli DVX seriyalı 014665 nömrəli akt əsasında tərtib etdiyi 19 iyul 2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 1000 manat miqdarında cərimə olunduğu qərarın ləğv olunması qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 16 fevral 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, uçot-baza məlumatına əsasən fiziki şəxsin xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, fəaliyyət növlərinin dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi və ət və ət məhsullarının pərakəndə satışı olduğu müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMCdən icarə müqaviləsi əsasında obyekt götürdüyü müəyyən edilərək vergi orqanı əməkdaşları tərəfindən vergi ödəyicisinə obyektin vergi orqanında uçota alınması və nəzarət kassa aparatının quraşdırılması baradə iddiaçının iddia ərizəsində də qeyd etdiyi kimi xəbərdarlıq edilmiş, lakin vergi ödəyicisi vergi qanunvericiliyinə əməl etməmişdir. Daha sonra Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin xx.xx.2022-ci il tarixli 29/1-585 nömrəli məktubu ilə İddiaçı və digər vergi ödəyiciləri tərəfindən qanun pozuntusuna yol vermələri barədə məktub daxil olmuş, həmin məktubun icrası ilə bağlı vergi orqanı əməkdaşları tərəfindən yerində araşdırma aparılmış və İddiaçı təsərrüfat subyektinin (obyektin) vergi orqanında qeydiyyata alınmadan və yeni nəsil nəzarət kassa aparatı tətbiq edilmədən ət satışı fəaliyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi xx.xx.2020-ci il tarixdə vergi uçotuna durmasına, xx.xx.2022-ci il tarixdə obyekti icarəyə götürməsinə, fəaliyyəti aktiv olduğu 2 il müddətində vergi qanunverciliyi ilə öhdəlikləri yaranmasına, fəaliyyət növünə görə yeni nəsil nəzarət kassa aparatı tətbiq etməli olmasına baxmayaraq, dövlət büdcəsinə və sosial sığorta fondlarına ödəniş etməmiş, icarəyə götürdüyü obyekti vergi orqanında uçota qoymamış, fəaliyyəti aktiv olduğu dövrdə vergi orqanına müvafiq bəyannamələr təqdim edilməmiş, fəaliyyət göstərdiyi obyektə yeni nəsil nəzarət kassa aparatının quraşdırılmasını təmin etməyərək əksinə xx.xx.2022-ci il tarixdə fəaliyyətini formal olaraq dayandıraraq faktiki fəaliyyət göstərməkdə davam etmişdir. Qeyd olunanlardan da göründüyü kimi vergi ödəyicisi vergi qanunvericiliyinə əməl etməkdə intizamsızlıq gösətəməkdə davam etdiyinə görə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********0697 nömrəli qərar əsasında vergi ödəyicisinin fəaliyyət göstərdiyi təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixli operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri ilə vergi ödəyicisindən 10 (on) manat nağd pul ödəniş edilərək ət alınmış və obyektdə nəzarət kassa aparatı quraşdırılmadığı üçün nəzarət-kassa aparatı çeki təqdim edilmədiyinə görə vergi ödəyicisi barəsində “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı 014665 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş akt imzalanması üçün İddiaçı təqdim olunmuş, lakin o aktı imzalamaqdan və nüsxəsini götürməkdən imtina etmişdir. Vergi ödəyicisinin onun barəsində tərtib olunmuş aktı imzalamaqdan imtina etməsinə dair xx.xx.2022-ci il tarixli sərbəst formada akt tərtib olunmuşdur. DVX seriyalı 014665 nömrəli akt imzalanmadığına görə həmin akt xx.xx.2022-ci il tarixli **********996600 nömrəli bildirişlə vergi ödəyicisinə göndərilərək toplanmış materiallara baxılması üçün İddiaçı xx.xx.2022-ci İl tarixə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. Həmin bildiriş və akt vergi ödəyicisi tərəfindən poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə götürülməsinə baxmayaraq, İddiaçı xx.xx.2022-сi il tarixdə araşdırmada iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə vergi orqanına hər hansı məlumat verməmişdir. Beləliklə xx.xx.2022-ci il tarixdə Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı 014665 nömrəli akta baxılaraq, həmin Məcəllənin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsinə dair İddiaçı barəsində həmin tarixli **********9083 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı əvvəlki məhkəmə iclaslarında iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş və iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 iyul 2022-ci il tarixli, **********9083 nömrəli qərarının qanuniliyinin yoxlanılmasıdır. - Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışın təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. - Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışın təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı fəaliyyəti xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. - təsdiq edilmiş surəti işə əlavə edilmiş “vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, cavabdeh tərəfindən elektron kabinet vasitəsilə iddiaçıya göndərilmiş **********996600 nömrəli, xx.xx.2022-ci il tarixli bildiriş iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuşdur. -“Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********0697 nömrəli qərarın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı məxsus Tərtər şəhəri, Heydər Əliyev prospekti, Bazar ərazisində yerləşən ət satışı obyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi (ləri) üzrə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -“Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, DVX 014665 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, həyata keçirilmiş operativ vergi nəzarəti nəticəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması müəyyən olunmuşdur. -“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 iyul 2022-ci il tarixli, **********9083 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. -“Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********9084 nömrəli tələbnamədən görünür ki, büdcəyə ödənilməli olan 1000 manat vəsaitin xx.xx.2022-ci il tarixədək Tərtər YXO-nun AZ84CTRE******************** nömrəli hesabına ödənilməsi tələb edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli “vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması”-nın 4-cü hissəsindən görünür ki, elektron kabinet vasitəsilə sənəd və məlumatların mübadiləsindən imtina etdikdə vergi orqanına məlumat vermək və vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq vergi ödəyicisinin vəzifəsidir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəçi yəni, İddiaçı MMC-yə məxsus obyekti ət satışı fəaliyyəti üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq 170 manat müqabilində icarəyə götürmüşdür. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinin xx.xx.2022-ci il tarixli, 29/1-585 nömrəli məktubundan görünür ki, İddiaçı və digər vergi ödəyiciləri tərəfindən qanun pozuntusuna yol vermələri barədə məlumat verilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 49 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayonu "xxxx" MMC-də icarə müqaviləsi əsasında ət satışı ilə məşğul olur və 01.2022-ci il tarixdən hal-hazırki tarixə kimi fəaliyyət göstərir. -təsdiq edilmiş surətləri işə əlavə edilmiş elektron sistemdən çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli **********361700 nömrəli məktub, fəaliyyəti dayandırıldıqdan sonra vergi ödəyicisinə göndərilmiş xx.xx.2022-ci il tarixli **********626800 nömrəli məlumatladırma bildirişi və “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınması haqqında xx.xx.2022-ci il tarixli **********480000 nömrəli arayış məktubu iddiaçının elektron kabinetinə göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********0697 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Tərtər şəhəri, Heydər Əliyev prospekti, Bazar ərazisində yerləşən ət satışı obyektində operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli, DVX 014665 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 iyul 2022-ci il tarixli, **********9083 nömrəli qərarla İddiaçı Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -23.1.1-ci maddəsinə əsasən Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. -50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və 50.1.11-ci maddəsinə əsasən nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi operativ vergi nəzarətinin formalarına aiddir. -50.2.4-cü maddəsinə əsasən vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda operativ vergi nəzarətinin həyata keçirilir. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.7 və 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər. Məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi dəlilləri iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla qarşılıqlı təhlil edərək o qənaətə gəlmişdir ki, iddiaçının dəlilləri heç bir hüquqi əsası olmayan, məsuliyyətdən boyun qaçırma məqsədi daşıyır. Belə ki, iddiaçı ərizəsində ilkin olaraq internet vergi idarəsində işləmək bacarığının olmadığından cərimələndiyini, həmçinin xx.xx.2022-ci il tarixli bildirişdən gec məlumatı olduğundan hüquqlarını müdafiə edə bilmədiyini bildirmişdir. Məhkəmə iddiaçının sözügedən arqumentini inandırıcı qəbul etmir və bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş “vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, cavabdeh tərəfindən elektron kabinet vasitəsilə iddiaçıya göndərilmiş **********996600 nömrəli, xx.xx.2022-ci il tarixli bildiriş iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə oxunmuş, bundan əlavə iş materiallarına əlavə edilmiş teleqramdan görünür ki, həmin bildirişi iddiaçı xx.xx.2022-ci il tarixdə alımışdır, yəni iddiaçının hüquqlarının müdafiəsi üçün kifayət qədər imkanı olmuşdur. Bundan əlavə iddiaçı məsuliyyətə cəlb edildiyi dövrdə sahibkarlıq fəaliyyətini dayandırdığını bildirmişdir. İddiaçının bu arqumenti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsi tərəfindən İddiaçı və digərlərinin VÖEN-lərini dayandırmış olsalar belə sahibkarlıq fəaliyyətlərini davam etdirmələri barədə cavabdeh orqana məlumat verilmiş və aparılan yoxlama zamanı bu fakt öz təsdiqini tapmışdır. İddiaçının bu arqumenti iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi və "xxxx" MMC tərəfindən tərtib edilmiş 49 nömrəli, xx.xx.2022-ci il tarixli arayışla da təkzib olunur. Həmin arayışdan da görünür ki, iddiaçı faktiki olaraq fəaliyyətini davam etdirməklə icarə haqqı ödəməkdədir. İddiaçı elektron kabinetdən istifadə edə bilməməsini öz müdafiəsi üçün istifadə imkanını istisna edən bir hal da iddiaçı tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli “vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması”dır. Həmin müqavilənin 4-cü hissəsindən görünür ki, elektron kabinet vasitəsilə sənəd və məlumatların mübadiləsindən imtina etdikdə vergi orqanına məlumat vermək və vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq vergi ödəyicisinin vəzifəsidir. Odur ki, iddiaçı həmin müqaviləni oxuyub imzalamışdır. Hazırki halda isə elektron kabinetdən istifadə edə bilməməsini əsas gətirərək hüquqa zidd əməlinə bəraət qazanmaq niyyətindədir. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 iyul 2022-ci il tarixli, **********9083 nömrəli qərar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 iyul 2022-ci il tarixli, **********9083 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar