Məhkəmə qərarları › İş №2-1(114)-2214/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2214/2020

09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2214/2020 09.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 və Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X3) qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 və Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayon X1 xx xxxx 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə verilmiş JN-610A KOD 50400018 saylı şəhadətnamənin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ilədək Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşamış və qeydiyyatda olmuşdur. Ona Şəmkir rayonunun Dəllər qəsəbəsində XDS İK-nin xx xxxxxx 1989-cu il tarixli, 5 nömrəli iclas protokolu ilə 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2019-cu ildə həmin torpağı öz adına rəsmiləşdirmək istədə də, həmin torpağa dair şəhadətnamə verilməsi aşkar olunmuşdur. Şəhadətnamənin surətini əldə edərkən ona məlum olmuşdur ki, həmin torpaq sahəsi Şəmkir rayon X1 xx xxxx 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə JN-610A KOD 50400018 nömrəli şəhadətnamə ümumiyyətlə Azərbaycan Respublikası vətəndaşı olmayan, Dəllər qəsəbəsində heç bir zaman qeydiyyatda olmayan X2 adına verilmişdir. Texniki səhv olaraq və ya saxtakarlıqla verilməsi ona məlum deyil. X1 və XDS-nin adlı siyahısında X2 adı yoxdur. O, Şəmkir rayon X1 xx xxxx 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə verilmiş JN-610A KOD 50400018 nömrəli şəhadətnamənin ləğv olunması barədə varis olaraq Şəmkir Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmiş və ona həmin orqandan rəsmi imtina məktubu ilə aidiyyəti üzrə məhkəməyə müraciət eütməsi tövsiyyə olunmuşdur. Həmçinin, həmin torpaq sahəsi onun istifadəsindədir. O, həmin torpaq sahəsində ağaclar əkmiş və tikili tikdirmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 maddəsinin tələbinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx xxxxxx 2020-ci il tarixli sərəncam göndərilərək real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunmuş, lakin iddiaçı məhkəmənin müraciətinə uyğun nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X6 və Şəmkir Rayon İcra Hakimiyyəti cavabdeh qismində göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1. maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2. maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş cavabdehlər Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir, hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər. Həmçinin, şəhadətnamənin ləğv edilməsi Şəmkir Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir. Odur ki, iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqanlar cavabdeh, digər orqanlar üçüncü şəxs qismində cəlb edilə bilər. Bundan başqa məhkəmə şəhadətnamənin ümumiyyətlə inzibati icraatın predmeti olan inzibati akt olub-olmaması ilə bağlı qeyd edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı). Beləliklə, hazırda mübahisə predmeti olan şəhadətnamə yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 və Şəmkir Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X3) qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar