Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2216/2023 26.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Şəmkir rayonu üzümçülük sovxozunda işləmiş, Şəmkir 2 nömrəli Şərab zavodunun xx.xx.1992-ci il tarixli 105 nömrəli əmri ilə Şəmkir 2 nömrəli Şərab zavodunun 5-ci dərəcəli fəhləsi İddiaçı 2 nömrəli Şərab zavodundan yeni yaradılmış 7 nömrəli Şərab zavoduna 5-ci dərəcəli fəhlə, xx.xx.1992-ci il tarixli 3 nömrəli əmri ilə yeni yaradılmış 7 nömrəli Şərab zavoduna 4-cü dərəcəli fəhlə keçirilmişdir. Əmək kitabçasında İddiaçı işdən azad olma tarixi və əmri qeyd edilməmişdir.
3. İddiaçıya məxsus ГЕ- 133482 nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
4. Azərbaycan Respublikası X22 filialının xx.xx.2023-cü il tarixli k-1-50 nömrəli arxiv arayışında göstərilmişdir ki, Şəmkir filialında mühafizə olunan Şəmkir 2 nömrəli şərab zavodunun əmək haqqı kitabına əsasən İddiaçı 1992-ci ildə zavodda işləyərək 1992-ci ilin fevral ayından dekabr ayınadək əmək haqqı aldığı müəyyən edilmişdir. Şəmkir 2 nömrəli şərab zavodunun xx.xx.1992-ci il tarixli 105 nömrəli əmri ilə Şəmkir 2 nömrəli şərab zavodunun 5-ci dərəcəli fəhləsi İddiaçı 2 nömrəli şərab zavodundan yeni yaradılmış 7 nömrəli şərab zavoduna keçirilmişdir. Şəmkir 7 nömrəli şərab zavodunun 1993-1999-cu illərə dair əmək haqqı kitabları arxivə təhvil verilmədiyi üçün İddiaçı həmin illərdə işləyərək qazandığı əmək haqqı barədə arayış verilməsi mümkün deyildir. Filialda saxlanılan X25 və Emalı Müəssisəsinin arxiv sənədlərinə əsasən müəssisənin xx.xx.2000-ci il tarixli 1 $ 2 nömrəli əmri ilə xx.xx.2000-ci il tarixdən müəssisənin şərab zavoduna fəhlə qəbul edilmişdir. Müəssisənin 2000-ci ildən sonrakı illərə dair əmr kitabları arxivə təhvil verilmədiyi üçün işdən azad olunma əmrindən çıxarış verilməsi mümkün deyildir. İddiaçı 2000-2001-ci illərdə X25 və Emalı Müəssisəsində işləyərək hər ay əmək haqqı almışdır.
5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 19 il 1 ay 15 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixi və əmri yoxdur) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.
6. Məhkəmənin sorğusuna Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-78/2-75/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Şəmkir rayonunda yerləşən 7 saylı Şərab Zavodu və ya X25 və Emalı Müəssisəsi hazırda fəaliyyət göstərmir və hər hansı hüquqi şəxsin onun hüquqi varisi kimi qeydiyyata alınıb-alınmaması barədə heç bir məlumat yoxdur.
7. Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********340400 nömrəli cavab məktubunda bildirilmişdir ki, uçot məlumat bazasında 7 saylı Şərab Zavodu və X25 və Emalı Müəssisəsi hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmadığından hər hansı bir məlumatın verilməsi mümkün olmamışdır.
8. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş iddiaçı ilə eyni dövrdə eyni müəssisədə işləyən şəxslərin pensiya işlərindən müəyyən edilir ki: - X19 məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1992ci il tarixli 105 nömrəli əmrlə yeni yaradılmış Şəmkir rayonu 7 nömrəli şərab zavoduna V dərəcəli fəhlə keçirilmiş, xx.xx.1992-ci il tarixli 3 nömrəli əmrlə yeni yaradılmış Şəmkir rayonu 7 nömrəli şərab zavoduna İV dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 1 nömrəli əmrlə köçürmə yolu ilə "xxxx" Üzüm İstehsalı və Emalı Müəssisəsinə keçirilmiş və xx.xx.2000-ci il tarixli 11 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. - X2 məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1991-ci il tarixli 61 nömrəli əmrlə Şamxor üzümçülük sovxozunun 7 nömrəli briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1994-cü il tarixli 4 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdən yanğından mühafizə dəstəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixli 1 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən köçürmə yolu ilə "xxxx" Üzüm İstehsalı və Emalı Müəssisəsinə keçirilmiş və xx.xx.1996-cı il tarixli 22 nömrəli əmrlə müəssisənin yanğından mühafizə dəstəsinin rəisi vəzifəsi ixtisar edildiyi üçün xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir. - X7 məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1992-ci il tarixli 105 nömrəli əmrlə yeni yaradılmış Şəmkir rayonu 7 nömrəli şərab zavoduna Vİ dərəcəli fəhlə keçirilmiş, xx.xx.1992-ci il tarixli 3 nömrəli əmrlə yeni yaradılmış Şəmkir rayonu 7 nömrəli şərab zavoduna Vİ dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 1 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən köçürmə yolu ilə "xxxx" Üzüm İstehsalı və Emalı Müəssisəsinə keçirilmiş və xx.xx.1998-ci il tarixli 17 nömrəli əmrlə müəssisənin fəaliyyətinin dayanması ilə əlaqədar işdən azad edilmişdir. - X14 məxsus xx.xx.1966-cı il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1992-ci il tarixli 105 nömrəli əmrlə yeni yaradılmış Şəmkir rayonu 7 nömrəli şərab zavoduna V dərəcəli ocaqçı keçirilmiş, xx.xx.1992-ci il tarixli 3 nömrəli əmrlə yeni yaradılmış Şəmkir rayonu 7 nömrəli şərab zavoduna V dərəcəli ocaqçı qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 1 nömrəli əmrlə köçürmə yolu ilə "xxxx" Üzüm İstehsalı və Emalı Müəssisəsinə keçirilmiş və xx.xx.2000-ci il tarixli 11 nömrəli əmrlə müəssisə ləğv olunduğu üçün işdən azad edilmişdir. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Şəmkir rayonunun Könüllü kəndində fəaliyyət göstərmiş 7 saylı Şərab zavodunda 5-ci dərəcəli fəhlə işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla mövcud qanunvericiliyin tələbinə əsasən ona 65 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaşa görə pensiyaya çıxmaq hüququ 2023-cü ilin yanvar ayının 01-də yaranmışdır. Həmin vaxtı o yaşa görə pensiyasına çıxmaq üçün sənədlərini, yəni hərbi biletini, əmək kitabçasını, lazım olan digər sənədlərini Azərbaycan Resüpublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim edərək mövcud qanunvericiliyin tələbinə görə 01 yanvar 2023-cü il tarixdən ona yaşa görə pensiya təyin edilməsini xahiş etsə də, cavabdeh orqan ona 03 mart 2023-cü il tarixdə 3-17-1/2-H-44221/2023 saylı imtina məktubu vermişdir. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının həmin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, həmin imtina ilə onun Konstitusiyamızda təsbit olunmuş yaşa görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Ona görə ki, o, əmək kitabçasında qeyd edilmiş, sosial sığorta stajına hesablanmayan xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi olan dövrdə həqiqətən də Şəmkir rayonu Könüllü kəndindəki 7 saylı Şərab zavodunda 5-ci dərəcəli fəhlə işləmiş, hər il, hər ay üzrə əmək haqqı da almışdır. Həmin zavodun mühasibat sənədləri bu günə kimi X22 şöbəsinə verilmədiyinə görə həmin illəri cavabdeh orqan qanunsuz olaraq ona staj hesab etmir. Eləcə də diqqətsizlikdən, 1992-2000-ci illlərdə həmin zavodda işləsə də yalnız arxivdə 2000-2001-ci illərdə işlədiyi və əmək haqqı aldığı müəyyən edilmişdir. İşdən çıxma əmri isə diqqətsizlikdən möhürlə təsdiqlənməmişdir. Onun həmin illərdə işlədiyini iş yoldaşları da təsdiq edə bilər. Onun əmək kitabçası da kadrlar şöbəsində olmuşdur. Əmək kitabçasında işdən azad olunmağı möhürlə təsdiqlənməmişdirsə, burda onun günahı yoxdur. O, bunu pensiya sənədləri toplayan zaman bilmişdir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şəmkir 7 nömrəli Şərab zavodu və X25 və Emalı müəssisəsində fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
24. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuş və qnaunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. xx.xx.1979-cu il tarixli ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı mübahisələndirilməyən sığorta stajı 19 il 1 ay 15 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Şəmkir rayonunun Könüllü kəndində yerləşən 7 saylı Şərab zavodunda işlədiyi illərdir. İddiaçının ******* nömrəli əmək kitabçasında xx.xx.1992-ci il tarixli 3 nömrəli əmrlə 5-ci dərəcəli fəhlə qəbul edilməsi barədə qeydlər olsa da müəssisənin əmr kitablarına əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin tarixi və nömrəsi qeyd olunmamışdır. Hazırda isə mövcud qaydalara uyğun olmadan hazırlanmış əmək kitabçasındakı qeydlərin cavabdeh tərəfindən əsaslı olaraq sosial sığorta stajına daxil edilməyərək əmək pensiyasının təyin olunmaması qanuna uyğun olmuşdur.
25. Cavabdehin nümayəndəsi X9 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti; - İddiaçıya məxsus ГЕ 133482 nömrəli hərbi biletin surəti; - Azərbaycan Respublikası X22 filialının xx.xx.2023-cü il tarixli k-1-50 nömrəli arxiv arayışı; - İddiaçının pensiya işi üzrə icraat materialları; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-78/2-75/2023 nömrəli məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********340400 nömrəli məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş X1, X5, X11, X8 və X15 pensiya işləri üzrə icraat materialları; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-44221/2023 nömrəli imtina məktubu. Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququ yarandığı tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əmək kitabçasının doldurulma qaydası pozulması (işdən çıxma tarixi və əmri yoxdur) və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
29. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsaslı hesab edir.
30. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
32. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
33. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
34. Cavabdeh orqan tərəfindən məhz xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Şəmkir 7 nömrəli Şərab zavodu və X25 və Emalı müəssisəsində fəhlə işlədiyi dövr mübahisələndirilərək, iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Buna əsas kimi isə İddiaçı təqdim etdiyi əmək kitabçasının doldurulma qaydasının pozulması, yəni işdən çıxma tarixi və əmrinin olmaması göstərilmişdir (həm imtina məktubunda, həm yazılı etirazda).
35. Məhkəmə cavabdeh orqanın həmin dəlillərini əsaslı sayır.
36. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
37. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X27) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
40. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Maddə 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: - İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. - İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Maddə 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
41. Göründüyü kimi, əmək pensiyalarının təyin olunması sahəsində mövcud olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur.
42. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasında Şəmkir 2 nömrəli Şərab zavodunun xx.xx.1992-ci il tarixli 105 nömrəli əmri ilə Şəmkir 2 nömrəli Şərab zavodunun 5-ci dərəcəli fəhləsi İddiaçı 2 nömrəli Şərab zavodundan yeni yaradılmış 7 nömrəli Şərab zavoduna keçirilməsi qeyd olunsa da, işdən azad olunması barədə qeyd aparılmamış, işdən çıxma tarixi və əmri göstərilməmişdir.
43. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
44. Hazırkı işdə iddiaçının əmək kitabçasında işdən çıxma əmri mövcud olmadığı üçün, iddiaçının işlədiyini iddia etdiyini dövrü təsdiq edən digər sənədlərin mövcudluğu da araşdırılmış və Azərbaycan Respublikası X22 filialının xx.xx.2023-cü il tarixli k-1-50 nömrəli arxiv arayışına əsasən İddiaçı 1992-ci ildə zavodda işləyərək 1992-ci ilin fevral ayından dekabr ayınadək əmək haqqı aldığı, Şəmkir 2 nömrəli şərab zavodunun xx.xx.1992-ci il tarixli 105 nömrəli əmri ilə Şəmkir 2 nömrəli şərab zavodunun 5-ci dərəcəli fəhləsi İddiaçı 2 nömrəli şərab zavodundan yeni yaradılmış 7 nömrəli şərab zavoduna keçirildiyi, X25 və Emalı Müəssisəsinin xx.xx.2000-ci il tarixli 1 $ 2 nömrəli əmri ilə xx.xx.2000-ci il tarixdən müəssisənin şərab zavoduna fəhlə qəbul edildiyi, 2000-2001-ci illərdə X25 və Emalı Müəssisəsində işləyərək hər ay əmək haqqı aldığı müəyyən edilmişdir. Lakin arxivdə iddiaçının işdən azad olunma əmri aşkar edilməmiş, eyni zamanda 1993-1999-cu illərdə əmək haqqı alması müəyyən olunmamışdır.
45. Yəni, arxiv arayışı ilə İddiaçı 1992-ci ilin fevral-dekabr ayları, yanvar 2000dekabr2001-ci il tarixlərdə sözügedən müəssisədə işləməsi təsdiq olunsa da, 1993-1999cu illərdə faəliyyət dövrü barədə təsdiqedici hər hansı sənəd aşkarlanmamışdır.
46. Digər tərəfdən, iddiaçı onunla eyni dövrdə eyni müəssisədə işləyən X6, X4, X12, X20, X16, X17, X19 cavabdeh orqan tərəfindən pensiya təyinatı aparıldığını bildirdiyi üçün məhkəmə tərəfindən müvafiq orqandan həmin şəxslərin pensiya işləri tələb edilmiş və DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-165427/2023 nömrəli məktubu ilə X1, X5, X11, X8 və X15 pensiya işləri məhkəməyə təqdim edilmiş, pensiya alt sistemində X6 və X10 aid heç bir məlumat aşkarlanmadığı bildirilmişdir.
47. Öyrənilmiş pensiya işləri ilə müəyyən edilmişdir ki, həqiqətən X4, X12, X20 və X23 iddiaçının işlədiyi müəssisədə işləmişlər (iddiaçı və həmin şəxslər eyni tarixli eyni nömrəli əmrlə - yeni yaradılmış Şəmkir rayonu 7 nömrəli şərab zavoduna işə qəbul edilmişlər).
48. Lakin iddiaçıdan fərqli olaraq X4, X12, X20 və X15 hər birinin əmək kitabçasında onların xx.xx.1995-ci il tarixli 1 nömrəli əmrlə köçürmə yolu ilə "xxxx" Üzüm İstehsalı və Emalı Müəssisəsinə keçirilmələri, habelə işdən azad olma tarixi və əmri qeyd edilmiş, həmin qeyd işəgötürən tərəfindən imzalanaraq müəssisənin möhürü ilə təsdiq edilmişdir.
49. Göründüyü kimi, İddiaçı xx.xx.1992-ci il tarixdən 2000-ci il tarixədək Şəmkir 7 nömrəli Şərab zavodu və X25 və Emalı müəssisəsində fəhlə işləməsi (2000-2001-ci illər arxiv arayışı ilə öz təsdiqini tapır) öz təsdiqi tapmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, iddianın təmin edilməsi istisna edilir.
50. Belə ki, bu halda iddiaçıya pensiya təyinatı aparılması üçün tələb olunan 25 il iş stajı toplanmamış olur.
51. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iş stajının ona əmək pensiyası hüququ verən sosial sığorta stajına hesablanmasından imtinası qanuni olmuşdur.
52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva