Məhkəmə qərarları › İş №2-1(114)-2219/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2219/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2219/2024 12.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Şəmkir rayonu Qılıncbəyli Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2003-cü ildə Şəmkir rayonu Qılıncbəyli Bələdiyyəsindən aldığı 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Şəmkir rayonu Qılıncbəyli kəndində qeydiyyatdadır. 2000-ci ildə Şəmkir rayonu Qılıncbəyli bələdiyyəsindən onun adına 400 kv.m torpaq sahəsi bələdiyyədən alqı-satqı müqaviləsi ilə almışdır. 2000-2004-cü illərdə alqı-satqı etdikləri torpaq sahəsinin ümumi dəyərini Şəmkir rayon Qılıncbəyli bələdiyyəsinə hissə-hissə ödəmişdir. Alqı-satqı etdikləri torpaq sahələri yerindədir. Həmin torpaq sahələrinə dair hüquqverici sənədi almaq üçün Qılıncbəyli bələdiyyəsinə müraciət etmiş, onu X3 rayon filialına yönəltmişlər. X3 rayon filialından onun adına 315 saylı şəxsi hesabının sürətini - 10 avqust 2023-cü ildə №3-48-13-F/1-R-466a/2023 saylı surətini təsdiq edib vermişlər. Alqı-satqı etdiyi torpaq sahələrinə dair çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli ona imtina məktubu verilmişdir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası 12 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə hazırlıq icraatı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir (Azərbaycan Respublikasının İPM-nin 62.3cü maddəsi). İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, iddia tələbinin mümkün hesab edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən iddiaçı tərəfə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-R-0013-8/24 nömrəli məktubdan və məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-1576/24 nömrəli etirazdan görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 0.4 ha həyətyanı torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi və həmin torpaq sahəsinə dair 11 saylı Şəmkir Ərazi İdarəsində hər hansı bir arxiv sənədlərinin aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətin icrası mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu Qılıncbəyli Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 05 nömrəli məktubda qeyd edilmişdir ki, Şəmkir rayonu Qılıncbəyli Bələdiyyəsi tərəfindən İddiaçı 2000-2004-cü illər ərzində 400 kv.m torpaq sahəsinin satılması barədə Şəmkir rayonu Qılıncbəyli Bələdiyyəsində heç bir sənəd yoxdur. Bununla yanaşı, işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə İddiaçı məxsus 315 nömrəli şəxsi hesabın və ona əsas olmuş sənədlərin əldə edilməsi məqsədilə Şəmkir rayonu Qılıncbəyli Bələdiyyəsinə məhkəmə tərəfindən sorğu verilmiş, Şəmkir rayonu Qılıncbəyli Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixli, 33 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı məxsus 315 nömrəli şəxsi hesabında göstərilən torpaq sahələrinin Qılıncbəyli Bələdiyyəsində heç bir rəsmi sənədi yoxdur. Beləliklə məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi və üzərində mülkiyyət hüquqlarını qeydə aldırmaq istədiyi torpaq sahəsini bələdiyyədən almasını təsdiq edən hər hansı sənəd yoxdur. Həmçinin iddiaçının özünə də məhəmə araşdırması nəticəsində sadalanan sənədlərin mövcudluğu barədə və onların məhkəməyə təqdim edilməsi təklif olunsa da iddiaçı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yalnız torpaq sahəsinin ayrılması və uzun müddət istifadə etdiyi kimi arqumentləri məhkəməyə bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd). İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Şəmkir rayonu Qılıncbəyli Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Şəmkir rayonu Qılıncbəyli Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar