Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2219/2025 30.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin müəyyən edilərək təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ikinci dərəcə əlillik dərəcəsinin müəyyən edilərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Gəncə Şəhər Birləşmiş Xəstəxanasının V00189715LLU nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində elektron qiymətləndirilmiş və natamam dolduulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Qiymətləndirmə nəticəsindən narazı olan vətəndaş həmin göndəriş və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinədə olmuşdur. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbi ilə müddətsiz orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ikinci dərəcə əlillik dərəcəsinin müəyyən edilərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona 3-cü dərəcəli əlillik təyin edilmişdir. Lakin qeyd etmək istəyir ki, onun keçirdiyi xəstəliyi səbəbindən ona 2-ci qrup əlillik təyin edilməlidir. Həkim müayinəsindən keçsə də həkim müayinəsi üzrə onun xəstəliyi düzgün qiymətləndirilmədiyindən əlilliyi düzgün təyin edilməmişdir. Bundan sonra ona təyin edilmiş əlilliklə bağlı təqaüd də düzgün təyin edilməmişdir. Onun tərəfindən cavabdehə müraciət edilərək ömürlük 2-ci dərəcəli əlilliyinin təyin edilməməsi əsassızdır. Onun xəstəliyi əlilliyin təyin edilməsi ilə bağlı 2022-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliklər siyahısına aiddir. Bu baxımdan hesab edir ki, cavabdeh tərəfindən onun xəstəliyi ilə bağlı təyin edilmiş əlillik dərəcəsinin 2-ci qrup təyin edilməməsi onun hüquqlarını pozur və hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək ona cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarı ilə orqanizm funksiyalarının 60% pozulmasına görə ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edildiyi, həmin qərarla orqanizmin funksiyalarının pozulması faizinə münasibətdə razılaşmayaraq ikinci dərəcəli əlilliyin təyin edilməsini xahiş etdiyi halda, həmin qərarın mübahisələndirilməli olduğu bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün 30 gün müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
6. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
8. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
11. İddia tələbində ikinci dərəcə əlillik dərəcəsinin müəyyən edilərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. Halbuki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli qərarı ilə orqanizm funksiyalarının 60% pozulmasına görə ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilmişdir.
13. Ona görə də, qanunun tələblərinə və hüquqi marağına uyğun olaraq iddia tələbi “əlillik təyinatının aparılması barədə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının orqanizmin funksiyalarının pozulması faizinə münasibətdə ləğv edilməklə, yeni qərarın qəbul edilməsi” şəklində qeyd edilməlidir.
14. Bundan başqa, əlilliyi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək, orqanizm funksiyalarının 60% pozulmasına görə ümumi xəstəlik səbəbindən müddətsiz əlillik qəbul edilmiş, iddiaçı isə xx.xx.2024-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə bununla bağlı qeyd edir ki, iddia tələbi məcburetmə haqqında iddia növünə aid olmaqla həmin növ iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir. Həmin maddəyə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin də aydınlaşdırılması zəruridir.
16. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək, hüquqi marağına uyğun iddia tələbini dəqiqləşdirməsi təklif olunmuş, bununla əlaqədar qeyd edilən xətanın aradan qaldırılması üçün vaxt verilmişdir.
17. Lakin iddiaçı tərəfindən sərəncamda göstərilən nöqsanlar aradan qaldırılmamışdır.
18. Belə olan halda isə iddiaçıya orqanizm funksiyalarının 60% pozulmasına görə ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilməsi barədə qərar qüvvədə olduğundan (mübahisələndirilmədiyindən) hazırkı tələbə baxılması mümkün deyildir.
19. Beləliklə, məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
20. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva