Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-222/2022 31.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı hərbi biletin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə 05.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, xəstəliklə bağlı hərbi xidmətə yararsız olduğu üçün hərbi biletin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı anadangəlmə “idiopatik epilepsiya və epileptik sindromlar, postravmatik ensefalopatiya İİ mərhələ kəllədaxili hiprtenziya, qıcolma tutmaları ilə (ayda 7-9 dəfə) diaqnozu ilə xəstədir, 2-ci qrup əlil olaraq 130 manat pensiya alır. İddiaçı hərbi xidmətə çağrışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsində qeydiyyata alınmışdır. Hərbi xidmətə çağırışla bağlı dəfələrlə hər çağırışda 17 yaşından tibbi müayinədən keçirilmiş, onun xəstəliyi ilə bağlı hərbi xidmətə yararsız olması müəyyən edilmişdir. Ona hərbi xidmətə yararsız olması səbəbindən hərbi bilet verilməli olduğu halda süründürməçilik edilir. İddiaçıya hərbi bilet verilmədiyindən ölkəni tərk edib valideynlərinin yanına gedə bilmir. Cavabdeh orqana müraciət edərək səhhəti ilə əlaqədar ona hərbi biletin verilməsini tələb etsə də, cavabdeh qeyri-müəyyən cavab verməklə ona hərbi biletin verilməsini təmin etməmişdir. İddiaçının vəkili X2 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı dəfələrlə cavabdehin çağırışı əsasında komissiyaya getmiş və müayinədən keçmişdir, ona görə də cavabdehin iddiaya etiraz məktubunda qeyd edilənlərin hüququi əsası yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə göndərilmiş 14.01.2022-ci il tarixli, 348 nömrəli məktubda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsi tərəfindən 12.02.2018-ci il tarixdə ilkin hərbi qeydiyyata alınmış xx.xx.2001-ci il təvəllüdlü İddiaçı çağırış yaşına çatması ilə əlaqədar 2019-cu ilin aprel çağırışına cəlb olunmuş və ona orta təhsil alması ilə əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinin tələbləri ilə təhsilini davam etdirmək üçün 30.06.2020-ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Çağırışçı verilmiş möhlət müddətinin bitməsi ilə əlaqədar 2020-ci ilin iyul çağırışına cəlb olunaraq, tibbi şəhadətləndirilmiş, öyrənilmiş və əlavə tibbi müayinə olunması zərurəti yarandığı üçün Gəncə şəhəri A.Səhhət adına şəhər xəstəxanasına və Gəncə şəhəri Oftalmoloji xəstəxanasına göndərilmişdir. Müvafiq tibb müəssisələrində aparılan müayinə ilə əlaqədar təyin olunmuş diaqnozlara uyğun olaraq, çağırışçı rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin müvafiq maddələrinə əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. Qəbul edilmiş qərarın xüsusatlarına uyğun olaraq, çağırışçının nəzarət qaydasında tibbi şəhadətləndirilməsi üçün şəxsi işi Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və komissiyanın 15.04.2021-ci il tarixli məktubuna əsasən akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında zəruri müayinədən keçməsi tövsiyə olunmuşdur. Xidmətin Kəpəz rayon şöbəsi tərəfindən əlavə tibbi müayinə olunması məqsədilə göndəriş verilməsinə baxmayaraq, çağırışçı müayinədən yayınmağa cəhd göstərmiş, lakin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Kəpəz rayon polis idarəsinə müraciət edildikdən sonra şəxsin şöbəyə gətirilməsi mümkün olmuş və Mərkəzi hərbi həkim komissiyasının qeydinə əsasən, tələb olunan qaydada müayinə olunması üçün 14.09.2021-ci il tarixdə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, eləcə də akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilmişdir. Bununla belə, çağırışçı tibbi müayinələrdən keçməkdən növbəti dəfə imtina etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq, onun şöbəyə gətirilməsinə köməklik göstərilməsi məqsədilə Xidmətin müvafiq struktur bölməsi tərəfindən 19.11.2021-ci il tarixli məktubla yenidən rayon polis idarəsinə müraciət olunmuşdur. Yuxarıda əks olunan müddəaları nəzərə alaraq, iddiaçının barəsində yekun qərarın qəbul edilməsi və müvafiq sənədlə təmin olunması məsələsinə baxılması üçün onun qanunvericiliyin əsasları üzrə bütün zəruri müayinələrdən mütləq qaydada keçməsi tələb olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respulikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 07.10.2021-ci il tarixli H/3914 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin İ qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəyi bildirilmişdir. -surəti işə əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 25 saylı Tibbi Sosial Ekspert Komissiyasının 11.03.2016-cı il tarixli **********3 nömrəli məlumatından görünür ki, İddiaçı “Postravmatik ensefalopatiya tez-tez tutmalarla (affektiv respirator tipli) hipertension sindrom Sol tərəfli okulostaz diaqnozu qoyularaq sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuşdur. -surəti işə əlavə edilmiş Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının 18.07.2020-ci il tarixli 567 nömrəli Səhhətin müayinə edilməsi aktından görünür ki, müayinə nəticəsində İddiaçı “postravmatik ensefalopatiya İİ mərhələ kəllədaxili hiprtenziya, sağ yuxarı ətrafda hissəvi hərəkət pozulmalarla sol gözdə akkomodasion daxili çəpgözlük” diaqnozu qoyulmuşdur. -surəti işə əlavə edilmiş Ü.Musabəyli adına Şəhər Oftalmoloji Xəstəxanasının 14.02.2019-cu il tarixli 78 nömrəli tibbi rəydən görünür ki, müayinə nəticəsində İddiaçı sol gözdə müştərək hissəvi akkomodasion daxili çəpgözlük, disbinokulyar ambliopiya” diaqnozu qoyulmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2020-ci ilin iyul çağırışına cəlb olunaraq, tibbi şəhadətləndirilmiş, öyrənilmiş və əlavə tibbi müayinə olunması zərurəti yarandığı üçün Gəncə şəhəri A.Səhhət adına şəhər xəstəxanasına və Gəncə şəhəri Oftalmoloji xəstəxanasına göndərilmişdir. Müvafiq tibb müəssisələrində aparılan müayinə ilə əlaqədar təyin olunmuş diaqnozlara uyğun olaraq, çağırışçı rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin Xəstəliklər cədvəlinin müvafiq maddələrinə əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. Bundan sonra iddiaçı xəstəliyi ilə bağlı hərbi xidmətə yararsız olduğu üçün hərbi biletin verilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -12.3-cü maddəsinə əsasən vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. -12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. -15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. -15.2-ci maddəsinə əsasən tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: -15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; -15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; -15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; -15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; -15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. -23.0.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Cavabdehin 14.01.2022-ci il tarixli, 348 nömrəli məktubundan görünür ki, iddiaçı 2020-ci ilin iyul çağırışına cəlb olunaraq, tibbi şəhadətləndirilmiş, öyrənilmiş və əlavə tibbi müayinə olunması zərurəti yarandığı üçün Gəncə şəhəri A.Səhhət adına şəhər xəstəxanasına və Gəncə şəhəri Oftalmoloji xəstəxanasına göndərilmiş, daha sonra onun barəsində qəbul edilmiş qərarın xüsusatlarına uyğun olaraq, çağırışçının nəzarət qaydasında tibbi şəhadətləndirilməsi üçün şəxsi işi Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunduğu və komissiyanın 15.04.2021-ci il tarixli məktubuna əsasən vətəndaşın akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında zəruri müayinədən keçməsinin tövsiyə olunduğu qeyd olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, istinad olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində çağırışçının zərurət olduğu halda əlavə tibbi müayinə olunması nəzərdə tutulmuş, lakin qeyd olunan maddədə nəzarət qaydasında müayinə nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd olunan əlavə müayinədən sonra nəzarət qaydasında müayinənin tələb olunması və bu səbəbdən də iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya xəstəliklə bağlı hərbi xidmətə yararsız olduğu üçün hərbi biletin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xəstəliklə bağlı hərbi xidmətə yararsız olması əsası ilə hərbi biletin verilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-222/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-222/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver