Məhkəmə qərarları › İş №2-1(114)-222/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-222/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-222/2025 03.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X13 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə, üçüncü şəxs X3 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə, üçüncü şəxs X3 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən üçüncü şəxsin adına verilmiş **********75-10301 qeydiyyat nömrəli çıxarışın tərtib olunması səbəbindən, ona vurulmuş 100000 (yüz min) manat madi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Aşağı Seyfəli kənd sakini X6 ilə 19 dekabr 2007-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 3 övladı doğulmuşdur. Uşaqlar onun himayəsindədir. X2 ilə birgə nikah müddətində Şəmkir rayonunun Aşağı Seyfəli kəndində alqı-satqı yolu ilə 0.12 ha həyətyanı torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində birgə nikah müddətində iki mərtəbəli fərdi yaşayış evi tikdirmiş, 2014-cü ildə həmin evə köçmüşdür. Ona və uşaqlara aid bütün əmlaklar hazırda həmin evdədir. Qanun normalarının tələbinə görə ər-arvadın birgə nikah müddətində əldə etmiş olduğu əmlak hər ikisinin mülkiyyəti sayılır. Ərilə aralarında olan nikah pozulanda rəsmi qaydada cavabdehə müraciət etmiş və müvafiq bütün sənədləri cavabdehə təqdim etmişdir ki, birgə nikah müddətində əldə edilmiş əmlak olduğu üçün həmin əmlakla bağlı olaraq, onun mülkiyyət hüquqları qeydə alsın. Cavabdeh onun mülkiyyət hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Müraciətilə bağlı olaraq cavabdeh 3-cü şəxs kimi işə cəlb olunmuş, eyni zamanda özü də müvafiq sənədləri təqdim etmişdir. Bundan sonra məhkəmə qərarı verilmiş, həmin qərar əsasında mübahisəli mülkə və mülkün yerləşdiyi həyətyanı torpaq sahəsinə cavabdeh baxış keçirməli və müvafiq çıxarış tərtib etməli idi. Lakin keçmiş əri cavabdeh tərəfindən aparılan ölçmə işlərinə maneə yaratmış və nəticədə cavabdeh imtina etmişdir. Buna görə təkrar məhkəməyə müraciət etmiş, ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırlmasını istəmişdir. Şəmkir rayon Məhkəməsi iddia tələbini təmin etmiş, qətnaməni üçüncü şəxs olaraq məlumat üçün cavabdehə göndərmişdir. Qarşı tərəf qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan məhkəmə qətnaməsi icra olunarkən mənə ona məlum olmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin qəbul etmiş olduğu məhkəmə qətnaməsindən sonra cavabdeh mübahisənin və torpağın, evin ½ hissəsinin mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildiyi halda birgə nikah müddətində əldə etmiş olduğu həyətyanı torpaq sahəsinin üzərində, yerləşən fərdi yaşayış evinə görə iş üzrə 3-cü şəxs, keçmiş qayınatası X1 adına mülkiyyət hüququna dair müvafiq Çıxarış tərtib etmişdir. Həmin çıxarışda həyətyanı torpaq sahəsini keçmiş əri Anar Bayraməliyevin adına qeydə alsa da, həmin torpağın üzərində yerləşən və birgə nikah müddətində inşa edilən fərdi yaşayış evini keçmiş qayınatasının adına qeydə almaqda haqlı olmamışdır. Çünki, cavabdeh həmin evin mübahisəli olmasını, evin yerləşdiyi həyətyanı torpaq sahəsinin sabiq əri Anar Bayraməliyevin mülkiyyətində olmasını, məhkəmə mübahisələrini və məhkəmə qərarları, iddiaçının onlara olan ərizələri barədə məlumatlı olduğu üçün həmin evin qeydə alınmasından imtina etməli və 3-cü şəxin adına mülkiyyət hüququna dair çıxarış verməkdən imtina etməlidir. Buna görə də rəsmi qaydada cavabdehə məktub göndərib, üçüncü şəxsin adına tərtib etmiş olduğu **********75 qeydiyyat nömrəli reyestrdən çıxarışı ləğv etməsini xahiş etmişdir. Lakin cavabdeh bildirmişdir ki, həmin çıxarışın ləğv olunması onun səlahiyyətləri daxilində deyildir. Buna görə də iddiaçı cavabdehin qanunsuz hərəkətlərinin aradan qaldırılması üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. O hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, onla ərinin birgə nikah müddətində inşa etmiş olduğu fərdi yaşayış evinə 3-cü şəxsin adına mülkiyyət hüququna dair çıxarış vermişdir. Bununla da cavabdeh onun hüquqlarını kobudluqla pozmuşdur və maddi ziyan vurmuşdur. Cavabdehə müracət edərək maddi ziyanı ödəməsini xahiş etmiş, həmin maddi ziyanı 100.000 (yüz min) manat həddində dəyərləndirmişdir. Lakin cavabdeh maddi ziyanı ödəməkdən imtina etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 aid cəlbetmə qaydasında işə baxılmasına cəlb edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 bildirdi ki, üçüncü şəxsin adına verilmiş çıxarış hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Həmin müddət ərzində isə iddiaçı tərəfindən daşınmaz əmlaka dair mübahisə olması ilə bağlı heç bir məlumat verilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. İddiaçı tərəf iclasın təxirə salınmasını xahiş etsə məhkəmə iclasın təxirə salınmasını məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 4.1, 4.2 və 5.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, iddiaçı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinin üçüncü şəxsin adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması nəticəsində ona dəymiş 100000 manat maddi zərərin ödənilməsinə nail olmağa çalışır. Məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, sözügedən daşınmaz əmlak üzərində mübahisə olması və qeydiyyatın aparılmaması ilə bağlı cavabdeh orqana iddiaçı tərəfindən rəsmi müraciət edilməmişdir. Hazırki vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüququ pozulmamışdır ki, iddia tələbi mümkün sayılsın. Cavabdeh inzibati orqan qanunla üzərinə düşən səlahiyyətləri icra etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə hesab edir ki, iddiaçının əmlak üzərinə hüquqların qeydə alınmasının dayandırılması barədə cavabdeh orqana rəsmi müraciəti olmamışdır, bu zaman üçüncü şəxsin adına qeydiyyatın aparılması nəticəsində cavabdeh orqanın iddiaçını maddi ziyana uğratması nəticəsinə gəlinməsi düzgün olmaz. Yəni burada hüquq pozulmasından söhbət gedə bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə, üçüncü şəxs X3 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar