Məhkəmə qərarları › İş №2-1(114)-2222/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2222/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2222/2022 19.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialına qarşı müharibə veteranları üçün nəzərədə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ayda 80 manat olmaqla hesablanması, qalan məbləğin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9064/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, hazırki tələbə əvvəllər baxılıb və iddianın rədd olunması barədə qərar qəbul edilmişdir, ona görə də iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1743/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin yenidən ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia tələbi təmin edilməmiş və sözügedən qərardan apellyasiya şikayəti verilməmişdir. Göründüyü kimi hazırki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -78-ci maddəsinə əsasənmübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. İşin faktiki hallarından və yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi hazırki mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı olduğundan və həmin mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialına qarşı müharibə veteranları üçün nəzərədə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar