Məhkəmə qərarları › İş №2-1(114)-2224/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2224/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2224/2021 21.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 12.10.2021-ci il tarixli **********8 nömrəli “Əmək pensiyasının təyin edilməməsi barədə” bildirişdən görünür ki, İddiaçı əmək kitabçasında qeyd olunan KƏMX idarəsindəki 1993-cü və 1996-cı illər üzrə əmək haqqı almağı barədə məlumat qeyd edilməmişdir, bu səbəbdən də həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilmir. Təqdim etdiyi sənədlərə əsasən iş stajı 23 il 6 ay müəyyən edilmiş, tələb olunan azı 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İmtinanı qanunsuz hesab edən İddiaçı 18.10.2021-ci il tarixdə iddia ərizəsi və 24.11.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun 1993-cü il və 1996-cı illər Kirovabad şəhər X11 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin 1993-cü və 1996-ci illər Kirovabad şəhər X11 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidmət İdarəsi X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Həmin Kombinatda işlədiyi illər 27 avqust 2020-ci il tarixli 769/4 nömrəli arayışda tam göstərilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əmək kitabçasında qeyd olunan KƏMX idarəsindəki 1993-cü illər və 1996-cı illər üzrə əmək haqqı alması barədə məlumat qeyd edilməməsi səbəbdən həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. Beləliklə təqdim edilən sənədlərə əsasən iddiaçının sığorta stajı 23 il 6 ay müəyyən olunmuş, tələb olunan azı 25 il sığorta stajı olmaması səbəbindən yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X8 digər nümayəndə X1 izahatı ilə analoji izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - NZ seriyalı ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti; - ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının surəti; - İT-İ ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının surəti; - İddiaçı ərizəsi əsasında açılmış pensiya işinin surəti. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının Kirovabad şəhər X11 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X3 1993-cü və 1996-cı illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, həmin illər üzrə iddiaçının əmək haqqı alması barədə məlumat əldə edilməmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialının 28 sentyabr 2020-ci il tarixli, **********6 nömrəli məktubundan məlum olur ki, İddiaçı Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X6 işləməsinə dair təqdim etdiyi arxiv arayışında 1993 və 1996-cı illərdə işləməsinə dair əmək haqları qeyd edilmədiyindən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının 27.08.2020-ci il tarixli, 769/4 nömrəli və 07.12.2021-ci il tarixli 1337(400)/3 nömrəli arxiv arayışlarından görünür ki, Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X7 arxiv fondunun sənədlərinə əsasən fəhlə və qulluqçuların əmək haqqı cədvəllərindən məlum olur ki, İddiaçı həmin təşkilatda işləmişdir. Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X7 arxiv fondunun 1993 və 1996-cı illərin əmək haqqı cədvəlləri Dövlət arxivinin Gəncə filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının 27.08.2020-ci il tarixli, 768/4 nömrəli və 17.11.2020-ci il tarixli 1021/3 nömrəli arxiv arayışlarından görünür ki, Gəncə şəhəri ƏMX “Tərəqqi” İB-nin “Gözəllik” k-tının 09.08.1993-cü il tarixli 56-k nömrəli əmrinə əsasən İddiaçı 10.08.1993-cü il tarixdən “Gözəllik” kişi salonunun maddi məsul şəxs vəzifəsinə təyin edilmişdir. Gəncə şəhəri ƏMX “Tərəqqi” İB-nin “Gözəllik” k-tının 01.11.1996-cı il tarixli 69-k nömrəli əmrində İddiaçı məzuniyyətə çıxması qeyd edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kəlbəcər Rayon Dövlət Arxivinin 18.09.2020-ci il tarixli, 110 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 01.09.1999-cu il tarixdən 01.05.2000-ci il tarixədək Kəlbəcər rayon 70 saylı orta məktəbdə gözətçi işləmişdir. - İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 29.05.1973-cü ildən 12.06.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - “X13” ASC-nin məktubuna əlavə edilmiş arayış və əmrlərdən görünür ki, İddiaçı 23.07.1975-ci il də qəlibləmə sexinə 2-ci dərəcəli qəlibləyici vəzifəsinə işə qəbul edilmiş, 23.09.1976-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Veri Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 01.11.2021-ci il tarixli **********224500 nömrəli məktubundan görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) tərəfindən DSMF-yə ödənilmiş Məcburi dövlət sosial sığortası (MDSS) üzrə ödənişləri 18.03.2021-ci il tarixdə, 07.04.2021-ci il tarixdə, 04.05.2021-ci il tarixdə, 10.06.2021-ci il tarixdə, 02.08.2021-ci il tarixdə, 01.09.2021-ci il tarixdə və 22.09.2021-ci il tarixdə həyata keçirmişdir. Məhkəməyə təqdim edilmiş 23.11.2021-ci il tarixli, **********3 saylı xidməti məktubdan məlum olur ki, iddiaçının əmək kitabçasında qeyd olunan KƏMK idarəsindəki 1993-cü və 1996-cı illər üzrə əmək haqqı alması barədə məlumat qeyd edilməməsi səbəbindən həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş, bu səbəbdən həmin illər iddiaçının sosial sığorta stajı kimi qeydə alına bilməmişdir. 2006-cı ildən sonra iddiaçının fərdi hesabında qeydə alınan 7 ay üçün ödəniş nəzərə alınmış və sosial sığorta stajına əlavə edilmişdir. Beləliklə təqdim edilən sənədlərə əsasən iddiaçının 23 il 6 ay sosial sığorta stajı müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının inzibati orqan tərəfindən mübahisələndirilməyən 23 il 6 ay sosialı sığorta stajı mövcuddur və mübahisə doğuran illər yalnız iddiaçının əmək kitabçasında qeyd olunan KƏMK idarəsindəki işlədiyi 1993-cü və 1996-cı illərdir. Hazırki tələbində iddiaçı KƏMK idarəsində işlədiyi 1993-cü və 1996-cı illərin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən əmək pensiyası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən 1993-cü və 1996cı illərlə bağlı əmək haqqı almaması barədə dəlilinə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialının 07.12.2021-ci il tarixli 1337(400)/3 nömrəli arxiv arayışına əsasən Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X7 arxiv fondunun 1993 və 1996-cı illərin əmək haqqı cədvəlləri Dövlət arxivinin Gəncə filialına təhvil verilməmişdir. Əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından məhkəmə hesab edir ki, həmin illərlə bağlı təhvil verilməyən əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının “Sosial sığorta stajının hesablanması prosedura” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X12) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının 1993-cü il və 1996-cı illər Kirovabad şəhər X11 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X3 işlədiyi illərin əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməsinə baxmayaraq onun həmin təşkilatda işləməsinə dair əmək kitabçasında aparılan düzgün və dəqiq qeydləri mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İddiaçının əmək kitabçasına və Dövlət arxivinin yuxarıda qeyd edilən arxiv arayışlarına əsasən 29.05.1973-12.06.1975-ci illərdə hərbi xidmətdə olduğu 02 il 14 gün, 23.07.1975-24.09.1976-cı illərdə işlədiyi 01 il 02 ay 01 gün, “X13” ASC-də 01.11.1976- 29.03.1977-ci illərdə işlədiyi 04 ay 28 gün, 01.04.1977-11.04.1978-ci illərdə işlədiyi 01 il 23 gün, 12.04.1978-23.08.1997-ci illərdə Kirovabad şəhər X9 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X6 işlədiyi 19 il 04 ay 11 gün, 11.03.1998-01.08.1998-ci illərdə işlədiyi 05 ay və 12 Saylı Ərazi Vergilər Baş idarəsində fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə (VÖEN) alaraq fərdi sahibkar kimi 2020-ci ilin mart-sentyabr ayları ərzində hər ay üzrə 56,25 manat Məcburi Dövlət Sosial Sığorta haqqı ödədiyi aylar nəzərə alınıb toplandıqda cəmi 25 il 6 ay sosial sığorta stajı mövcuddur və yaşa görə əmək pensiya hüququ yaranmışdır. Bununla yanaşı, iddiaçı 22.05.1955-ci il təvəllüdlüdür və ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla inzibati orqan tərəfindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı 1993-cü il və 1996-cı illər Kirovabad şəhər X11 İcraiyyə Komitəsinin Əhaliyə Məişət Xidməti İdarəsi X3 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar