Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2225/2021 09.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1956-cı il tarixdə Bərdə rayonun Qəhrəmanlı kəndində anadan olmuşdur. O, Bərdə rayonun Saatlı orta məktəbində oxumuş və 1971-ci ildə səkkizinci sinfi bitirmişdir. Bu barədə 20.07.1971-ci il tarixdə AZ 718798 nömrəli “səkkizillik təhsil haqqında” şəhadətnamə tərtib edilmişdir. Bundan sonra iddiaçı əmək fəaliyyətinə başlayaraq, Bərdə rayon Dövlət Arxivinin 19.04.2021-ci il tarixli 107 nömrəli arxiv arayışında qeyd edilən 1971-1998-ci illərdə Bərdə rayon sabiq S.Vurğun adına kolxozda işləmişdir. İddiaçı 13.05.1975-ci il tarixdən 16.05.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı pensiya təyin olunması məqsədilə inzibati orqana müraciət etmiş, sonuncu isə 24.07.2021-ci il tarixli **********6 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əmək kitabçasının surətini və ya əmək fəaliyyəti barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etdikdən sonra əmək pensiyası hüququna yenidən baxıla bilər. Əlavə olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon Dövlət Arxivinin19.04.2021-ci il tarixli 107 nömrəli arxiv arayışında qeyd edilən “S.Vurğun” kolxozunda 1971-1998-ci illər əmək fəaliyyəti dövrü məhkəmə qaydasında təsdiq edildikdən sonra sığorta stajına daxil edilə bilər. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1971-ci il tarixdən 1998-ci il tarixədək Bərdə rayon S.Vurğun adına kolxozda işlədiyi illərin sosial sığorta stajına hesablanaraq yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra mətndə cavabdeh) ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin 12.11.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək cavabdeh əsl cavabdeh ilə əvəz olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya təyinatı ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə Bərdə rayon Dövlət Arxivinin19.04.2021-ci il tarixli 107 nömrəli arxiv arayışında qeyd edilən “S.Vurğun” kolxozunda 1971-1998-ci illər əmək fəaliyyəti dövrü məhkəmə qaydasında təsdiq edildikdən sonra sığorta stajına daxil ediləcəyini göstərmişdir. Ona görə də, iş illərinin sosial sığorta stajına daxil edilməsini və onun əsasında yaşa görə əmək pensiyasının təyin olunmasını başqa qaydada həll edə bilmədiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barəsində iddiaçıya məlumat verilsə də, sonuncu məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İddiaçının şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh iddiaya qarşı 23.11.2021-ci il tarixli **********6 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. İddiaçının pensiya hüququ 01.07.2021-ci ildə yaranmışdır. İddiaçının əmək kitabçası mövcud deyil və 1971-1998-ci illərdə Bərdə rayon “S.Vurğun kolxozu”nda işlədiyini iddia edir. İşlədiyini iddia etdiyi illərlə bağlı təqdim etdiyi 19.04.2021-ci il tarixli 107 nömrəli arxiv arayışına əsasən ümumi stajı hesablandıqda cəmi 24 il 06 ay təşkil edir. İddiaçının mövcud sosial sığorta stajı ümumi stajı 26 il 05 ay 28 gündür ki, bunun 1 il 11 ay 28 günü mübahisələndirilməyən illər (hərbi xidmət illəri), 24 il 06 ayı isə arxiv arayışına əsasən mübahisələndirilən illərdir. Beləliklə, “Əmək pensoyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 24.07.2021-ci il tarixli **********6 nömrəli imtinası, Bərdə rayon Dövlət Arxivinin 19.04.2021-ci il tarixli 107 nömrəli arxiv arayışının notariat qaydada təsdiq edilmiş surəti, iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin surəti, cavabdehin 23.11.2021-ci il tarixli **********6 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən iddianı həm də qismən əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının kolxozda işlədiyi dövrlərə dair əmək kitabçası təqdim etməməsini əsas gətirərək pensiya təyin olunmasından imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.01.1993-cü il tarixdən 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” 117-ci maddəsinin “q” bəndinə əsasən arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” SSRİ Qanunun 67.1-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 01.07.2021-cu ildə 65 yaşı tamam olmuşdur. Yəni, iddiaçı qanunla müəyyən edilmiş pensiya yaşına çatmışdır. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi müddətə dair əmək kitabçası təqdim edilmədiyindən, həmin müddət sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə qeyd edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi (01.01.2006-cı ilədək) günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Arxiv arayışından görünür ki, Bərdə rayon sabiq S.Vurğun kolxozda kişilər üçün 1971-1972-ci illərdə minimum bir ilə 120 əmək günü norması, 1973-1980-ci illərdə minimum bir ilə 200 əmək günü norması,1981-1982-ci illərdə minimum bir ilə 240 əmək günü norması, 1983-1998-ci illərdə minimum bir ilə 260 əmək günü norması müəyyən edilmişdir. İddiaçı tərəfindən 1972, 1978-1982, 1985-1990, 1992-1994-cü illərdə əmək iştirakı norması tam ödənilmiş və 1995-1998-ci illərdə isə əmək haqqı alınmışdır. Ona görə də, həmin illər üzrə ona tam əmək stajı kimi 19 il hesablanmalıdır. 1971, 1973-1974 və 1983-1984-cü illərdə isə minimum əmək iştirakı norması tam ödənilməmişdir. Odur ki, bu illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət 1972-ci il üzrə (69+49) x 12ay/120min.norma=11 ay; 1973-1974-cü illər üzrə (134+14+155)x12ay/200min.norma =18 ay; 1983-1984-cü illər üzrə (228+109+6+60)x12 ay/260min.norma=18 ay təşkil edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1977-ci ildə əmək iştirakı norması tam yerinə yetirilmiş olsa da, həmin dövr iddiaçının hərbi xidmət dövrü ilə üst-üstə düşür. Buna görə də, məhkəmə hesab edir ki, həmin dövr bütövlükdə deyil, hərbi xidmət dövrü çıxılmaqla yerdə qalan dövr nəzərə alınmalıdır. İddiaçı 16.05.1977-ci il tarixədək hərbi xidmətdə olduğu üçün məhkəmə iddiaçının 1977-ci ildəki 07 ay staj dövrünü nəzərə alır. Digər tərəfdən, iddiaçı 1975-1976-ci illərdə də işləməsini qeyd edərək həmin müddətin də sosial sığorta stajına daxil edilməsini xahiş etsə də, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə rayon Dövlət Arxivinin arxiv arayışında bu hal öz əksini tapmamış, iddiaçı tərəfindən həmin dövrdə işləməsi ilə bağlı hər-hansı başqa bir sübut təqdim olunmamışdır. Bu səbəbdən də məhkəmə iddia tələbinin qeyd olunan hissədə təmin edilməməsi nəticəsinə gəlir. Beləliklə, iddiaçının cəmi kolxozda iş stajı 24 il 6 ay hesablanmalıdır. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilən və cavabdeh tərəfindən mübahisələndirilməyən hərbi qulluq müddəti (01 il 11 ay) arxiv arayışında qeyd edilən kolxozda iş stajı ilə birlikdə 25 ildən artıqdır. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 1971-1974 və 1977-1998-ci illərdə Bərdə rayonu sabiq S.Vurğun kolxozunda işlədiyi 24 il 06 müddətin sosial sığorta stajına daxil edilməsi və ona 01 iyul 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2225/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2225/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver