Məhkəmə qərarları › İş №2-1(114)-2225/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2225/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2225/2025 16.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-8/2-6319/2024 nömrəli qərarın ləğv edilib icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-13992/2024 saylı qərardadı əsasında iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-2-8/2-6319/2024 nömrəli qərarı əsasında iddiaçının ƏDV sub-uçot hesabında pul vəsaiti dondurulmuşdur.Cavabdeh orqan qərarın qəbul edilməsini 14 saylı Ərazi Vergilər İdarəsinin qərarı əsasında vergi ödəyicisinə ƏDV üzrə 56573,04 manat məbləgində vergi, 1595,39 manat faiz borcu hesablanmışdır və borcu 105 faiz həcmində ƏDV subuçot hesabında olan pul vəsaitinin dondurulması barədə qərar qəbul edilmişdir.Qeyd edilən qərarla razı deyil və bu səbəbdən də onu mübahisələndirir. Qeyd edilənləri əsas gətirən iddiaçı, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-8/2- 6319/2024 nömrəli qərarın ləğv edilib icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vəsatətlə müraciət edərək iddiaçının mübahisəndirdiyi aktın müstəqil inzibati akt sayılmadığını və vergi orqanı tərəfindən borcun alınması istiqamətində həyata keçirilən tədbirlərdən biri olduğunu qeyd edib iddiaçı tərəfindən verilmiş iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianın mümkün sayılmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Göründüyü kimi, iddiaçının iddia tələbi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-8/2-6319/2024 nömrəli “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” qərarın ləğv edilib icraata xitam verilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Məhkəmə qeyd etmək istəyir ki, sözügedən “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati akt hesab olunmur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 65.2.3-1 maddəsinə əsasən, bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edir. Həmin Məcəllənin 65.2.3-2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1 maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana(quruma) şikayət verimədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sankdiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. Qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-8/2-6319/2024 nömrəli “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə” qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadığından inzibati məhkəmə icraatında müstəqil qaydada mübahisələndirilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar