Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-223/2022 02.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X15 oğlunun katibliyi, iddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı2 və üçüncü şəxs X5 iştirakı ilə, iddiaçılar X4, İddiaçı3, İddiaçı4, İddiaçı2 Cavabdeh1nə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar X10, İddiaçı3, İddiaçı4, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, X8 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh1 başçısının 04.06.1999-cu il tarixli, 144 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini, bu qərar əsasında X8 ayrılmış torpaq sahəsinə dair Tərtər Rayon Aqrar İslahat Komissiyyasının 14.10.2005-ci il tarixli qərarı ilə verilmiş şəhadətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, X1 Şükufə Tapdıq qızına qarşı onun və ailəsinin mülkiyyətində olan 0.045 hektar və 0.03 hektar torpaq sahəsindən X4 çıxarılmasına dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin işlə bağlı sözügedən məhkəmədən alınmış sənədlərdən onlara məlum olmuşdur ki, həmin torpaq sahəsi X8 Cavabdeh1 başçısının 04.06.1999-cu il tarixli, 114 nömrəli qərarı ilə verilmişdir. Bundan sonra iddiaçılar ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən fərdi evin tikilməsi üçün X8 0.03 hektar torpaq sahəsinin verilməsinə dair Cavabdeh1 başçısının 04.06.1999-cu il tarixli, 114 nömrəli qərarını və qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin kserosurətlərini əldə etmişlər. Onların yaşadıqları 0.06 hektar torpaq sahəsi və ümumi sahəsi 61 kv.m olan 1 otaqlı yaşayış evi keçmiş Mirbəşir şəhər XDS İcraiyyə Komitəsinin 29.12.1989-cu il tarixli iclasının qərarı ilə X7 (iddiaçı İmanova ŞükufəTapdıq qızının qayınanası) adına qərarlaşdırılmışdır. Həmin torpaq sahəsi Tərtər Rayon Aqrar İslahat Komissiyasının 14.10.2005-ci il tarixli qərarı ilə X7, X4, İddiaçı3, İddiaçı4, İddiaçı2 mülkiyyətinə verilmişdir. Bu torpaq sahəsinə dair 06.03.2006-cı il tarixli, JN-2529A (Kod ********)nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. X3 10.05.2013-cü il tarixdə bütün əmlakını iddiaçı X6 vəsiyyət etmişdir. X11 0.03 hektar torpaq sahəsinin ona verilməsinə dair qərarı qanunsuz üsullarla, yəni X7 adından müvafiq ərizəni özü yazaraq, özü imzalayaraq almışdır. X12 oğlu X5 onun mülkiyyətində olan topaq sahəsinin bir hissəsinin öz mülkiyyətinə keçirməsinə dair sənəd aldığını eşitmiş, onun torpağının bir hissəsinin ondan xəbərsiz verilməsi ilə bağlı Cavabdeh1nə dəfələrlə şikayət etmişdir. İddiaçıların nümayəndəsi 29.12.2021-ci il tarixdə məhkəmə iclasında tələbin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 başçısının 04.06.1999-cu il tarixli, 114 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, Məhkəmənin 29.12.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, həmçinin həmin tarixli qərardad ilə X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2i iddia ərizəsinə uyğun izahat verərək iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs X11 03.12.2021-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, X12 onun anasıdır. Onun sağlığında razılığı ilə Cavabdeh1 başçısının 04.06.1999-cu il tarixli qərarı ilə X7 adına olan torpaq sahəsində ev tikintisinə başlamış, araya çəpər-hasar saldırmışlar. Lakin anası vəfat edən zaman yas mərasimi ilə bağlı həmin çəpər götürülmüş, nəticədə tərəflər arasında mübahisə yaranmışdır. İddianın rədd edilməsini Məhkəmədən xahiş edir. Cavabdehin etibarnamə üzrə nümayəndələri Nümayəndə2 və Nümayəndə1 etibarnamə müddəti başa çatdığı üçün məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Həmin Qərarın 6.1-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İş materiallarından müəyyən olunur ki, Mirbəşir şəhər XDS İcraiyyə Komitəsinin 29.12.1989-cu il tarixli iclas protokolunun qərarına əsasən X7 adına qərarlaşdırılan 0.06 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh1 başçısının 114 nömrəli, 04.06.1999-cu il tarixli qərarı ilə 0.03 hektarının X7 oğlu X8 ayrılmışdır. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi üçüncü şəxsə ayrılan həmin torpaq sahəsinin istifadəçisi X12 olmuşdur. Belə olan halda iddiaçıların hazırki tələblə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçılar iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandıra bilməmişlər. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni onun torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Sadalananlardan əlavə bu da qeyd olunmalıdır ki, iddia qaldırmaq üçün prosessual müddət də ötürülmüşdür. Belə ki, iddiaçılar qanunla bu növ iddiaları vermək üçün müəyyən edilmiş 30 günlük prosessual müddəti pozmaqla məhkəməyə müraciət etmişlər. Belə ki, iddiaçılar iddia ərizəsində sözügedən qərarın onlara hələ mərhum X2 məlum olduğunu, 29.12.2021-ci il tarixli məhkəmə iclasında isə iddiaçıların nümayəndəsi həmin qərarın onlara 2014-2015-ci il tarixdən məlum olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən qərarın verildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 297-ci maddəsinin 24 dekabr 2002-ci il tarixə qədərki redaksiyasına görə, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: şəxsin hüquq və azadlıqları pozulmuş olsun; şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar; qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. 298-ci maddənin həmin tarixə qədərki redaksiyasında isə göstərilmişdir ki, ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: iddiaçılar X4, İddiaçı3, İddiaçı4, İddiaçı2 Cavabdeh1nə qarşı Cavabdeh1 başçısının 04.06.1999-cu il tarixli, 114 nömrəli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-223/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-223/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver