Məhkəmə qərarları › İş №2-1(114)-223/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-223/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-223/2023 13.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının vəkili X6, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı əmrlərin ləğvi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, işə məhkəmədə baxılarkən, yekun məhkəmə aktı olmadan onun N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmrinə uyğun olaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 239 nömrəli əmrlərinə əsasən, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmağının səbəblərinin araşdırılmasını və N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmrinə uyğun olaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 239 nömrəli əmrlərinin əsassız olması ilə əlaqədar ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdən Azərbaycan Ordusunda gizir kimi hərbi xidmətə başlamış və xx.xx.2018-ci ildən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmətini davam etdirmişdir. Hərbi hissənin yeməkxana rəisi vəzifəsində xidmətdə olan zaman, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmrinə uyğun olaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 239 nömrəli əmrinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “е” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Lakin ona yalnız əmrin imzasız və möhürsüz çıxarışı verilmişdir. Xidmət yerində olarkən yuxarı komandanlığın göstərişinə əsasən, xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissədə narkotik vasitədən istifadə edib-etməməyinin müəyyən olunması məqsədi ilə sidik və qanından nümunələr götürülmüşdür. Həmin vaxtdan uzun müddət keçdikdən sonra, yəni 2022-ci ilin may-iyun aylarında ekspert tərəfindən ondan götürülmüş nümunələrdə narkotik vasitə olan “Marixuana” aşkar edildiyi bildirilmişdir. Bununla bağlı araşdırma başlanılmış, araşdırmanın gedişi zamanı Müdafiə Nazirliyinin 6-cı təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən izahatı alınmış, izahatında bunun yalan olduğunu və narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan sonra Şəmkir hərbi prokurorluğunda narkotik vasitə qəbul etməyilə əlaqədar xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xətalara dair işlər üzrə icraat başlanılaraq baxılması üçün Gəncə hərbi məhkəməsinə göndərilmişdir. Barəsində olan inzibati iş hazırda məhkəmədə olduğu halda və yekun məhkəmə aktı qəbul olunmadığı halda, hətta Şəmkir hərbi prokurorluğunda barəsində hər hansı bir qərar qəbul olunmadığı halda, bununla belə xidmət müddətinin başa çatmasına az bir müddət (xx.xx.2022) qaldığı halda, N nömrəli hərbi hissə komandiri tərəfindən tərxis olunmağı barədə xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əsassız əmr verilmiş, həmin əmrə uyğun olaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 239 nömrəli əmrinə əsasən o “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Həmin əmrlərlə razı deyil. Belə ki, onların bu əməlləri özbaşınalıqdan başqa bir şey deyil. Bərpa olunsa belə, xidmətini davam etdirmək niyətində deyil. Belə ki, xidmət müddəti xx.xx.2022-ci ildə başa çatacaqdır. Bundan əlavə iddiaçı göstərilən əmrlər Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli ilə qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların şərəf məhkəmələri haqqında” Əsasnamənin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, ilk növbədə onun xidməti uyğunsuzluqla bağlı ehtiyata buraxılmağı üçün bilavasitə tabeçiliyində olduğu X11 Bölüyünün komandirinin raportuna əsasən, hərbi hissə komandirinə həmin raportu üzərində xüsusi qeyd aparmaqla göstərişi əsasında şərəf məhkəməsində müzakirə olunmalı və protokol tərtib olunmalı idi. Şərəf məhkəməsi gizirlərin iştirakı ilə tək tərkibli heyətdə keçirilərək sonda barəsində qərar qəbul olunaraq, Silahlı Qüvvələrdən xidməti uyğunsuzluqla bağlı ehtiyata buraxılmağına dair vəsatət verilməli, şərəf məhkəməsinin həmin qərarına uyğun olaraq yuxarı komandanlığa bununla bağlı təqdimat verilməli idi. Lakin nədənsə, bütün bu hallara riayət edilməmiş, Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 24 nömrəli ilə qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələbləri kobud şəkildə pozulmaqla barəsində əmrlər qəbul edilmişdir. Həmçinin ona intizam cəzası verildiyi halda eyni əmələ görə şərəf məhkəməsinə çıxarılmağı yolverilməzdir. Bunlar da onu deməyə əsas verir ki, intizam məsuliyyətinə cəlb edilmişdirsə, onun həmin əmələ görə yenidən barəsində ehtiyata buraxılmağı ilə bağlı qərar qəbul oluna bilməz. Məhkəmə iddia verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmamış hesab edilməsi qənaitinə gəlmişdir. İddiaçı vəkili X9 iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının rəisi vəzifəsində xidmətdə olarkən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə sonuncunun narkotik vasitədən istifadə etməsi barədə məlumat daxil olmuş, həmin məlumata əsasən N nömrəli hərbi hissəyə telefonoqram daxil olmuş, daxil olan telefonoqrama əsasən gizir İddiaçı xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hospitalda təyin olunmuş nümayəndələrə təqdim edilmiş, N nömrəli hərbi hospitalda nümayəndələr tərəfindən iddiaçıdan “qan və sidik” nümunələri götürülmüşdür. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.2022-ci il tarixli 7/221 nömrəli təliqəsinə əsasən Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 götürülmüş “qan və sidik” nümunələrinin iş təcrübəsi 2014-cü ildən olan Məhkəmə-tibbi eksperti kimyaçı Şəhla İbrahimova tərəfindən tədqiqatı aparılmış, tədqiqat nəticəsində iddiaçının sidik nümunəsində (sidik nümunəsinin İmmunofermentativ xətli test metodu ilə tədqiqat) “Drug analizi test cards 5 parametrs” İmmunoferment testin THC (marixuana) hissəsində bit xətt (pozitiv) müşahidə edilmişdir. İddiaçının müayinəsinin nəticələri barədə MN MTE və PAMdə tərtib edilmiş 122/K nömrəli Akt (Maddi sübutların tədqiqatı) N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissənin maddi-texniki təminat bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Elmar Şərifov xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Раtoloji Anatomiya Mərkəzinin 122/k nömrəli maddi sübutların tədqiqatı Aktına əsasən narkotik vasitədən (marixuana) istifadə etdiyinə görə maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxanasının rəisi vəzifəsində xidmət edən gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılması barədə raportla N nömrəli hərbi hissə komandiri qarşısında vəsatət qaldırmış, N nömrəli hərbi hissə komandiri tərəfindən vəsatət təmin edilərək xx.xx.2022-ci il tarixdə iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə təqdimat vermiş, N nömrəli hərbi hissə komandirinin təqdimatı əsasında iddiaçının Müdafiə nazirinin müavini - X5 xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Bundan əlavə cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçının orqanizmində narkotik maddənin olması ekspert rəyi ilə təsdiq edildiyindən şərəf məhkəməsi keçirilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş iddiaçı Müdafiə nazirinin müavini - X5 xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 239 nömrəli əmrinin surətindən görünür ki, iddiaçı, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının yeməkxana rəisi «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – X7 20 iyul 2022-ci il tarixli 0117gm nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 16 avqust 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3-1(095)-475/2022 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. - təsdiq edilmiş surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 122/K nömrəli Aktından görünür ki, məhkəmə-kimyəvi tədqiqat nəticəsində (sidik nümunəsinin İmmunofermentativ xətli test metodu ilə tədqiqatı) “Drug analizi test cards 5 parametrs” immunoferment testin THC (marixuana) hissəsində bit xətt (pozitiv) müşahidə edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş iddiaçının xidməti vərəqəsindən görünür ki, sonuncuya xidməti yerini üzürlü səbəblər olmadan özbaşına tərk etdiyinə görə hərbi hissə komandiri tərəfindən “şiddətli töhmət” intizam cəzası verilmişdir. -işə əlavə edilmiş söhbət vərəqindən görünür ki, iddiaçı yenidən məhkəmə-tibbi ekspertizadan keçirilməsini xahiş etmişdir. -işə əlavə edilmiş iddiaçının xidməti xasiyyətnaməsində qeyd edilmişdir ki, hərbi hissədə xidmət etdiyi müddətdə özünü intizamlı və işgüzar qulluqçu kimi göstərməyə çalışsa da buna nail ola bilməmişdir. Peşəkar bilik və hazırlıq səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. Rəhbərlik və tərbiyə etmə bacarığına malik deyil. İcraçılıq qabiliyyətinin səviyyəsi demək olar ki yoxdur. Xidmətə başladığı gündən işində ardıcıllıq prinsipinə əməl edə bilmir. Bir gizir kimi iş metodikasının zəifliyi və naliyyət baxımından aşağı göstəriciləri onun tutduğu vəzifəyə uyğun olmadığını göstərir. İşinə tənqidi və yaradıcılıqla yanaşmır. Vəzifə borcunun məsuliyyətini dərk etsə də, vicdanla yerinə yetirmir. Tabe olma bacarığı çox aşağı səviyyədədir. Hər zaman çalışır ki, xidmətdə nöqsanlar və problemlər yaransın. Verilən tapşırıqları nəzarət olunmadan yerinə yetirmir. Müstəqil xidmətini qura bilmir. Verilən tapşırıqların icrası zamanı müxtəlif bəhanələr gətirərək tapşırıqları icra etməkdən yayınmağa çalışır. Hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verərək xidmət zamanı narkotik maddə qəbul etmişdir. Göstərilən qüsur və nöqsanlara düzgün münasibət bəsləmir və onları vaxtında aradan qaldırmağa çalışmır. Mənəviyyatca zəifdir. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1507 nömrəli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, iddiaçının əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan hazırki iddianın müddətlə bağlı ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 sidik və qan analizi vermiş və onun analiz nümunələrində narkotik vasitə aşkar olunmuşdur. Bundan sonra iddiaçı barəsində 6-cı Təhqiqat bölməsində araşdırma aparılmış və Azərbaycan Respublikası CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Sonuncunun əməlində cinayət tərkibi olmadığından barəsində toplanılmış material inzibati məsuliyyətə cəlb olunması üçün Şəmkir hərbi prokurorluğu tərəfindən Gəncə Hərbi Məhkəməsinə göndərilmiş, lakin iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Bu səbəbdən iddiaçı Müdafiə nazirinin müavini - X5 xx.xx.2022-ci il tarixli 0117gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 239 nömrəli əmrinə əsasən isə 16 avqust 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. İddiaçı sözügedən əmrlərin qanunsuz və əsassız olduğundan ləğv edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.4-cü maddəsində qeyd olunmuşdur, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasının 1-ci bəndinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Həmin Nizamnamənin 2-ci bəndinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli; sayıq olmalı, dövlət sirrini ciddi surətdə saxlamalıdır. Həmin Nizamnamənin 4-cü bəndinə əsasən hərbi qulluqçu Vətən qarşısındakı öz hərbi andı ilə öhdəsinə götürdüyü əsgəri borcunu axıra qədər yerinə yetirməyə borcludur. Həmin Nizamnamənin 7-ci bəndinə əsasən bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə; inzibati xətalara görə - Azərbaycan Respublikası Silahlı X1 bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyətinə, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilərlər. Həmçinin Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 2.1-ci yarımbəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, əxlaq və davranış norma və qaydalarına əməl etməkdə digər şəxslərə nümunə olmalıdırlar. Həmin Qaydalarının 3.1-ci yarımbəndinə əsasən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşımaqla onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, intizamlı, vicdanlı və cəsarətli olmağa, bütün qüvvəsini səfərbər etməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə borcludurlar. Həmin Qaydalarının 3.2-ci yarımbəndinə əsasən hərbi qulluqçu Hərbi Andı pozmamalı, xidməti borcunu layiqincə yerinə yetirməli və nalayiq hərəkətlərə yol verməməli, öz davranışı ilə bir çox hərbi qulluqçunun fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə salmamalı, cəmiyyətdə hərbi qulluqçulara qarşı olan hörmət hissinin zəifləməsinə səbəbkar olmamalıdır. Həmin Qaydalarının 7.1-ci yarımbəndinə əsasən hərbi qulluqçu günün nizam qaydalarına və xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlibgetməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, komandanlığın icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Xidmət zamanı vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. Həmin Qaydalarının 8.1-ci yarımbəndinə əsasən hərbi qulluqçular sağlam həyat tərzi keçirməli, narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, hərbi xidmətdə olmadığı hallarda belə, hərbi geyim formasında spirtli içkilər qəbul etməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, hərbi qulluqçunun şərəf və ləyaqətinə xələl gətirən, eləcə də xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Həmin Qaydalarının 10.1-ci yarımbəndinə əsasən Davranış Qaydalarında təsbit olunmuş müddəaların hərbi qulluqçular tərəfindən pozulması hərbi qulluqçuların intizam məsuliyyətinə cəlb edilməsi və ya şərəf məhkəməsində dinlənilməsi üçün əsas ola bilər. İddiaçı tələbinin əsası kimi intizam məsuliyyətinə cəlb edildiyini və bu səbəbdən onun barəsində yenidən eyni əmələ görə intizam məsuliyyətinə cəlb olunaraq ehtiyata buraxılması barədə qərar qəbul edilməsinin əsassız olduğunu göstərmişdir. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3-1(095)-475/2022 nömrəli qərarından da görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri hissəsində isə şəxsin müddətə görə inzibati məsuliyyətdən azad olunması qeyd olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli 1507 nömrəli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ilə də iddiaçının narkotik vasitə istifadə etmə faktı öz təsdiqini tapmışdır. Qeyd olunanlardan da görünür ki, iddiaçı ehtiyata buraxılması üçün əsas olmuş əməllə bağlı nə cinayət, nə də ki, intizam məsuliyyətinə cəlb olunmamış, intizam məsuliyyətinə cəlb olunmuşdur. Bundan əlavə iddiaçı barəsində hazırki qərarın qəbul edilməsi üçün şərəf məhkəməsinin keçirilməli olduğunu əsaslandırmıdır. Məhkəmə iddiaçının bu dəlilinin də əsassız olduğu qənaətinə gəlmişdir, belə ki, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nda hərbi qulluqçunun şərəf məhkəməsində dinlənilməsi alternativ qaydada nəzərdə tutulmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -165-ci bəndinə əsasən xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Bütün bunlar isə iddianın əsassız olduğunu deməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əmr verilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə qarşı əmrlərin ləğvi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar