Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2237/2025 16.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X23 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «məxsus olma barədə arayışın verilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Goranboy Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli, 2-93/96 saylı qətnaməsi ilə X2 tanınmış hüquqlarının cavabdeh orqan tərəfindən qeydiyyata alınması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayon Xalq Məhkəməsinin qəbul etdiyi xx.xx.1996-cı il tarixli, 2-93/96 saylı qətnamədə tərəf qismində qeyd olunan X8 onun doğma anasıdır. Goranboy rayonu, Şəfəq kəndində miras əmlak qoyan X9 arvadı olmaqla qanun üzrə vərəsəsidir. Məhkəmə X5 miras qalmış mülkün 21/6 hissəsinə atasının oğul nəvəsi X10, 26/9 hissəsinə miras qoyanın arvadı X3 vərəsəlik hüququnu tanımışdır. X13 vəsiyyət üzrə vərəsə hesab edilmiş və mülkün ikinci mərtəbəsində yerləşən 26.9 kv.m. sahəsi olan otaq və həmin mərtəbədə yerləşən 31.8 kv.m. sahəsi olan örtülü eyvan onun mülkiyyətinə verilmiş, X11 mülkün 26/9 hissəsinə qanun üzrə vərəsə hesab edilmiş və mülkün birinci mərtəbəsində yerləşən 21.6 kv.m. sahəsi olan otaq və 32.8 kv.m. sahəsi olan açıq eyvan, habelə, 44 kv.m. sahəsi olan əl damı onun mülkiyyətinə verilmişdir. Sahəsi 7 kv.m. olan mətbəx isə ümumi istifadədə saxlanmışdır. Qətnamədə texniki inventarlaşdırma bürosuna həvalə edilmişdir ki, tərəflərin paylarına uyğun qeydiyyat vəsiqəsi və texniki pasport verilsin. Həmin qətnamə icra orqanlarına göndərilməmişdir. Müraciəti əsasında qətnamə icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir. Lakin cavabdeh olan orqan qətnaməni icra etməmiş və əsas kimi göstərmişdir ki, qətnamə üzrə tərəf olmamışlar, habelə, qətnamə üzrə üzərlərinə öhdəlik qoyulmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, vətəndaş X1 rayon Xalq Məhkəməsinin 2-93/96 saylı 10 sentyabr 1996-cı il tarixli qətnaməsi əsasında Goranboy rayonu Şəfəq kəndində yerləşən miras əmlak üzərində qanun üzrə vərəsə X3 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılmış xx.xx.2024-cü il tarixli **********34 nömrəli daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunması barədə məktub göndərilmişdir. Bildirilir ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər, o cümlədən qanun və ya vəsiyyət üzrə vərəsəni təsdiq edən sənəd təqdim olunmamışdır. Eyni zamanda müraciətdə qeyd olunan Goranboy rayon Xalq Məhkəməsinin 2-93/96 saylı 10 sentyabr 1996-cı il tarixli qətnaməsi məhkəmə tərəfindən 7 saylı Ərazi İdarəsinə rəsmi göndərilməmiş, həmin qətnamə ilə Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri yerinə yetirilərək daşınmaz əmlaka dair sənədlər-əsaslar təqdim olunmaqla müraciət olunarsa, müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. İmtina məktubundan da göründüyü kimi Ərazi İdarəsi tərəfindən hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik ediləməmiş, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək Goranboy rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli, 2-93/96 saylı qətnaməsində göstərilən mülkə dair hüququn mərhum X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 verdikləri etiraz ərizəsinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Goranboy Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli, 2-93/96 saylı qətnaməsi, Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu, ölüm haqqında xx.xx.2024-cü il tarixli, 177 nömrəli arayış, doğum haqqında ИE 918902 nömrəli şəhadətnamə, qətnamənin qanuni qüvvəsini alması barədə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu, 1 saylı X22 Xidmət Mərkəzi Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 244 nömrəli məktubu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli imtinası və əmlakın özgəninkiləşdirilməməsi barədə xx.xx.2025-ci il tarixli məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, Goranboy Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.1996-cı il tarixli, 2-93/96 saylı qətnamə ilə Goranboy rayonu, Şəfəq kəndində yerləşən mərhum Qədir Bayramova məxsus miras mülkün 21/6 hissəsinə iddiaçı X10 vəsiyyət üzrə vərəsə hesab edilməsi, mülkün ikinci mərtəbəsində yerləşən 26.9 kv.m. sahəsi olan otaq və həmin mərtəbədə yerləşən 31.8 kv.m. sahəsi olan örtülü eyvanın onun mülkiyyətinə verilməsi, cavabdeh X3 mülkün 26/9 hissəsinə qanun üzrə vərəsə hesab edilməsi, mülkün 1-ci mərtəbəsində yerləşən 21.6 kv.m. sahəsi olan otaq, 32.8 kv.m. sahəsi olan açıq eyvan, habelə, 44 kv.m. sahəsi olan əl damının onun mülkiyyətinə verilməsi, ikinci mərtəbədə yerləşən sahəsi 7 kv.m. olan mətbəxin tərəflərin ümumi istifadəsində saxlanması, Goranboy rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən tərəflərin paylarına uyğun qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı qətnaməni cavabdeh orqana təqdim edərək hüququn mərhum anasına məxsus olması barədə arayışın verilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). ............... Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ............... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ............... Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat» (2 nömrəli Əlavə): Bənd 1.2 Bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, iddiaçının mərhum anasının qanun üzrə vərəsə olaraq mirasqoyan X6 qalmış miras əmlakdan payı qanuni qüvvəsin almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Hansı ki, həmin qətnamə ilə X4 miras mülkün 1-ci mərtəbəsində yerləşən 21.6 kv.m. sahəsi olan otaq, 32.8 kv.m. sahəsi olan açıq eyvan, habelə, 44 kv.m. sahəsi olan əl damının onun mülkiyyətinə verilməsi qət edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarı: Bənd 2. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. .............. Bənd 6. .............. Mülki və ya inzibati işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. .............. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun «C.İsmayılzadənin şikayətinə dair» xx.xx.2007-ci il tarixli Qərarı: Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. «Hornsbi Yunanıstana qarşı» İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Qərarnda qeyd edilmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində tutulan «məhkəmə baxışına hüquq» xəyali xarakter alacaqdır. Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» 07 may 2002-ci il tarixli qərarında da göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda iş üzrə İddiaçı mərhum anası X4 münasibətdə Goranboy rayonu, Şəfəq kəndində yerləşən ərindən qalmış miras əmlakdan payının müəyyən edilməklə mülkiyyət hüququnun tanınması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olması, məhkəmə qətnaməsinin icrası mexanizmi kimi həmin daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsinin yolverilənliyinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.4-cü maddəsindən irəli gəlməsi, əksi yanaşılacağı təqdirdə iddiaçının təqdim etdiyi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin yalnız kağız üzərində qalması amilləri iddianın təmin edilməsini şərtləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsindən cavabdeh orqanın imtinası qanuni əsaslara söykənməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli, 2-93/96 saylı qətnaməsində qeyd olunan X6 miras qalmış əmlaka dair payına mütənasib mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə İddiaçı arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2237/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2237/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver