Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2238/2024 18.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı şəhid statusunun və 11000 manat sığorta ödənişinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı şəhid statusunun və 11000 manat sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.1993-cü il tarixli İV-JQ 386836 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X1 böyrək çatmamazlığı səbəbindən xx.xx.1993-cü il tarixdə Naxçıvan şəhərində vəfat etmişdir.
2. N saylı hərbi hissənin ölüm epikrizinə əsasən N saylı hərbi hissənin əsgəri X4 xx.xx.1993-cü il tarixdə “Difteriya, hipertoksik forma” diaqnozu ilə N saylı Hərbi Hospitalın Yoluxucu xəstəliklər şöbəsinə ağır vəziyyətdə daxil olmuş və xx.xx.1993-cü il tarixdə saat 22:05-də “Kəskin böyrək çatışmazlığı, kəskin üzərk çatışmazlığı” ilə vəfat etmişdir.
3. 750 nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 285 nömrəli əmrindən çıxarışa əsasən bölmənin (sıravi) mahir atıcısı sıravi əsgər X4 xx.xx.1993-cü il tarixdə hərbi xəstəxanada vəfat etdiyinə görə hərbi hissənin adlı siyahısından bütün təminat-təchizat qeydiyyatından çıxarılmışdır.
4. İddiaçı mərhum qardaşı X3 şəhid statusunun verilməsi (bərpa edilməsi) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1004 nömrəli məktubunda bildirilmişdir ki, N saylı hərbi hissənin ölüm epikrizinə əsasən N saylı hərbi hissənin əsgəri X4 xx.xx.1993-cü il tarixdə “Difteriya, hipertoksik forma” diaqnozu ilə N saylı Hərbi Hospitalın “Yoluxucu xəstəliklər” şöbəsinə ağır vəziyyətdə daxil olmuş və xx.xx.1993-cü il tarixdə saat 22:05-də “Kəskin böyrək çatışmazlığı, kəskin üzərk çatışmazlığı” ilə vəfat etmişdir. Həmçinin, N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 285 nömrəli əmrindən çıxarışında hərbi xəstəxanda vəfat etməsi göstərilmişdir. Bu səbəbdən mərhum qardaşı X3 şəhid statusunun verilməsi (bərpa edilməsi) mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil.
5. X2 birdəfəlik ödəmənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə həmin Nazirliyin xx.xx.2024-cü il tarixli 3-17/2-Q-1045/2024 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qullquçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməasi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 5-ci hissəsinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qullquçuların üumi siyahısı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda qardaşı X2 adı aşkar olunmamışdır. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xx.xx.1993-cü il tarixdə vəfat etməsinə görə ona şəhid adının və statusunun müəyyən edilməsi və qardaşı olaraq ona “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbləri mümkün sayılmamalıdır.
9. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
11. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
12. İddia ərizəsindən göründüyü kimi, iddiaçının cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi iki hissədən ibarətdir: - mərhum qardaşı X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xx.xx.1993-cü il tarixdə vəfat etməsinə görə ona şəhid adının və statusunun müəyyən edilməsi; - Qardaşı olaraq ona “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.
13. Məhkəmə əvvəla qeyd edir ki, şəhid adı və statusunun verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində olan məsələ olmadığına görə o, həmin tələbə cavab verməli orqan deyil.
14. Eyni zamanda, birdəfəlik sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində olsa da, tələbin həmin hissəsi ona görə mümkün sayıla bilməz ki, mərhum X2 şəhid adı və statusu mövcud deyil. Həmin status mövcud olacağı halda, şəhidin ailə üzvləri hazırkı məzmunlu tələblə müraciət edə bilərdi.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 2-ci bəndinə əsasən, şəhid ailəsinin üzvləri onun arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, qanunla onları saxlayan şəxs yoxdursa, baba və nənələri hesab olunur.
16. Göründüyü kimi, İddiaçı mərhum X2 qardaşıdır və qardaş qanunvericiliklə şəhid ailəsi üzvü hesab edilmədiyindən o, hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır.
17. Ona görə də, məhkəmə iddiaçıya hüquqi yardım göstərilməsinə zərurət duymamışdır.
18. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
19. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
24. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva