Məhkəmə qərarları › İş №2-1(114)-2239/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2239/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2239/2024 03.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1971-ci il tarixdə Şəmkir rayonun Təzəkənd kəndində anadan olmuş, hazırda Şəmkir rayonu, Yeniabad ərazi dairəsi, Yeniabad kəndində qeydiyyatda olmaqla yaşayır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və İİ qrup Qarabağ əlilidir. xx.xx.1994-cü il tarixdə Daxili İşlər Nazirliyinin Hərbi-həkim komissiyasında iddiaçışəhadətləndirilərkən xəstəliyin səbəb əlaqəsi də təyin edilərək 721 nömrəli qərar verilmişdir. Belə ki, iddiaçı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 282 nömrə ilə şəhadətləndirilmiş və səbəbli əlaqəsi “hərbi xidmət dövründə alınmışdır” kimi göstərilmişdir. Hazırda iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə 400 manat məbləğində Prezident təqaüdü ödənilir. İddiaçı İİ qrup Qarabağ müharibəsi əlili kimi 2008-ci ildən Şəmkir Rayon İcra Hakimiyyətində “Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəsinə götürülməsinin qeydiyyatı jurnalı”nda növbəyə götürülmüşdür. İddiaçıya xx.xx.2009-cu il tarixdən “hərbi xidməti vəzifəsini yerinə yetirərkən” səbəb əlaqəsi ilə müddətsiz ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. İddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 23 yanvar 2024-cü il tarixdə keçirilmiş qəbulda sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində (bundan sonra mətndə - cavabdeh) baxılmışdır. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-3/2-H-8607/2024 nömrəli məktubunda bildirmişdir ki,Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixii 569 nömrəli və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamları ilə 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində ucota alınmış 2020-2023-cü illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər yuxarıda qeyd olunan sərəncamlarla əhatə olunan kateqoriyalara aid edilmədiyindən iddiaçının sosial-məişət şəraitinin Nazirlik tərəfindən yaxşılaşdırılması mövcud qanunvericiliyə uyğun deyildir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı orta məktəbi bitirdikdən sonra 1989cu il həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2 (iki) hərbi xidmət keçmiş və Dağlıq Qarabağa-döyüş əməliyyatları zonasına göndərilməklə hissənin şəxsi heyyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi Fizuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 19 fevral 1994-cü il tarixdə Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi uğrunda gedən X2 Fizuli rayonu uğrunda gedən döyüşlərdə iddiaçı ağır yaralanmış, belə ki, yaxınlığınna mərmi düşməsi nəticəsində kəllə-beyin travması və sağ dizimdən qəlpə yarası almışdır. xx.xx.1994-cü il tarixdə Semaşko xəstəxanasına stasionar müalicəyə göndərilmiş, daha sonra 10 mart 1994-cü il tarixdən xx.xx.1994-cü ilə kimi aldığı xəsarətlərə görə DİN-nin tibb idarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirmişdir. Daha sonra səhhəti ilə bağlı məzuniyyətə yollanmış, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi səhhətimin ağırlığı ilə əlaqədar yenidən DİN-nin tibb idarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalında müayinə və müalicəsini davam etdirmişdir. Nəhayət hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 250 nömrəli əmri ilə Hərbi Həkim Komissiyasının rəyinə əsasən səhhətinə görə 30-cu maddənin "B", 8-ci maddənin "V" bəndi ilə iddiaçı hərbi qulluqdan azad edilmiş və Şamxor RHK-ya göndərilmişdir. Həmin vaxtdan bəri də Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müadifəsi ilə əlaqədar İl qrup Qarabağ əlilliyinə görə Prezident təqaüdü və əlilliyə görə 600 manat sosial müavinət alır. Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Aparatının 01 oktyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının l Qarabağ müharibəsi əlili kimi 2008-ci ildən Şəmkir rayon İcra Hakimiyyətində "Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəsinə götürülməsinin qeydiyyatı jurnalı"nda növbəyə götürüldüyü və mənzil verilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq növbəlik əsasında baxılacağı bildirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və səhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə olaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. İddiaçı İ Qarabağ Müharibəsi zamanı gedən döyüş əməliyyatları zamanı ağır xəsarət aldığından hərbi qulluqdan azad edilməsinə, bu gün Qarabağ müharibəsi əlili olmasına baxmayaraq, Həkim Məsləhət Komissiyasının rəyində həmin xəsarətlərin döyüs əməliyyatlarında deyil hərbi xidmət vaxtı alındığı qeyd edilərək, ona 29 sentyabr 1994-cü il tarixli, 282 saylı xəstəlik haqqında səhadətnamə verildiyindən hələ də iddiaçı mənzilə ehtiyacı olmasına baxmayaraq mənzillə təmin olunmamışdır. İddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə etdiyi müraciətinə 16 fevral 2024-cü il tarixdə cavab olaraq, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin həmin Sərəncamlarla əhatə olunan kateqoriyalara aid edilmədiyi qeyd edilərək, sosial-məişət şəraitimin Nazirlik tərəfindən yaxşılaşdırılmasının mövcud qanunvericiliyə uyğun olmadığı qeyd edilmişdir. Halbuki, iddiaçı İ Qarabağ müharibəsində gedən döyüş əməliyyatlarında ağır xəsarət alaraq, davamlı olaraq müayinə və müalicələrdə olduğundan 11 oktyabr 1994-cü il tarixdə hərbi qulluqdan azad edilmişdir. Həkim Məsləhət Komissiyasının səhv rəyini əsas gətirərək, iddiaçının tələbindən imtina edilir. İddiaçı hətta Gəncə İnzibati Məhkəməsində həmin rəyi mübahisələndirsə də, müddəti ötürərək, illər sonra müraciət etdiyindən tələbindən imtina edilmişdir. Buna baxmayaraq, Gəncə İnzibati-lqtisadi Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2-1(83)- 306/2019 saylı qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X1rşı xidməti barədə məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin qərarla həmçinin, iddiaçının döyüş zonalarında ağır xəsarətlər aldığı, İl qrup Qarabağ müharibəsi əlili olduğu müəyyən edilmişdir. İddiaçıya Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında da iddiaçının xx.xx.1994-cü ildən stasionar müalicədə olduğu göstərilmişdir. İddiaçı Qarabağ müharibəsi əlili kimi qeydiyyatdadır, Qarabağ qazisi olmaqla "Qarabağ Qaziləri" Birliyinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X3 Birliyinin üzvü olsam da, İ Qarabağ Müharibəsi əlili kimi Prezident təqaüdü, əlilliyə görə mənə sosial müavinət alsa da, bu gün o mənzillə təmin edilə bilmir. İddiaçı illərdir evsiz, torpaqsız ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Həkim Məsləhət Komissiyasının rəyində iddiaçının xəsarətləri hərbi xidmət zamanı alması qeyd edilməsi bu gün onun qanunla müəyyən edilmiş hüquq və imtiyazlardan istifadə etmək hüququndan məhrum edir. Halbuki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və xəsarət alması bütün sənədlərlə təsdiq olunur. Hesab edir ki, cavabdeh iddiaçının müraciətini tam araşdırmadan tələbindən imtina etmişdir. Göstərilən xüsusatlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona görə də onun 2008-ci ildən Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı bu gün Qarabağ müharibəsi əlili olsa da, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş qaydada nə mənzil, nə də fərdi evlə təmin edilmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2024-cü il tarixli, 3-17-3/2-17850/2024 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iş üzrə iddia qanunvericilik baxımından tam əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydaları"nın 1.5-ci bəndində əsasən şəxsin əlilliyi ümumi və ya xüsusi səbəblərdən birinə əsasən müəyyən edilir. Xüsusi səbəblərə aiddir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar. İddiaçının əlilliyi müəyyənləşdirilərkən DTSERA arayışında səbəb kimi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar göstərilmişdir. Belə ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi, habelə "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının Nazirlik tərəfindən mənzillə təmin edilmələri nəzərdə tutulmuşdur. Sözügedən sərəncamlarda hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi əldə etmiş şəxslər əhatə olunmur. Qeyd olunanları nəzərə alaraq iddiaçının "mənzillə təmin olunmasına" dair iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014- cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır. 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Yuxarıda qeyd edilən qanunvericilik normalarından belə bir qənaətə gəlmək olar ki, Sərəncamlar yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qisimdə mənzil növbəsinə götürülmüş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə şamil olunur. İşin faktiki hallarından görünür ki, iddiaçıya müddətsiz İİ dərəcə əlillik təyin edilmiş, səbəb kimi isə “hərbi xidmət dövründə almışdır” göstərilmişdir. 17 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən təkrar müayinədən keçən əlillər üçün SER TSE-01 seriyalı xx.xx.2009-cu il tarixli TSEK arayışında əlilliyinin səbəb əlaqəsi “hərbi xidmət vəzifəsini yerinə yetirərkən xəstələnib” kimi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının müddətsiz İİ dərəcə əlilliyinin səbəb əlaqəsi “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” olduğundan ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamının müddəaları şamil oluna bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən Sərəncam yerli icra hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qisimdə mənzil növbəsinə götürülmüş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə şamil olunur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar