Məhkəmə qərarları › İş №2-1(114)-2239/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2239/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2239/2025 11.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi PHŞ-nə qarşı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin Milli təhlükəsizliyin hüquqi təminatı ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin xx.xx.2022-ci il tarixli 0913/e nömrəli əmrinə əsasən İddiaçı Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin qiyabi şöbəsinin 5ci kurs imtahan sessiyasında distant formada iştirak etməsi üçün 2022-ci ilin noyabr ayının 01-dən dekabr ayının 10-dək 40 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini dövlət yanğın mühafizə xidmətinin 18 mart 2024-cü il tarixli 1034518A nömrəli vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər X3 idarəsinin 25 nömrəli Yanğından mühafizə hissəsinin sürücüsüdür.

3. xx.xx.2024-cü il tarixli 107834 ******* nömrəli Rusiya Federasiyasının Təhsil Diplomunun Azərbaycan dilinə tərcüməsindən görünür ki, İddiaçı 10 oktyabr 2019-cu ildə Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin Milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas) ixtisası üzrə qiyabi şöbəsinə qəbul olunmuş və xx.xx.2024-cü ildə bitirmişdir.

4. Rusiya Federasiyası tərəfindən xx.xx.2024-cü il tarixdə 750313 nömrəsi ilə xx.xx.2024-cü il tarixli 107834 ******* nömrəli diplom 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.

5. xx.xx.2024-cü il tarixli 895 qeydiyyat nömrəli Diploma əlavənin Azərbaycan dilinə tərcüməsindən görünür ki, təhsil forması qiyabi, təhsil illərinin rəsmi müddəti 5 (beş) il göstərilmişdir.

6. Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 30/386 nömrəli cavab məktubunda bildirilmişdir ki, "X5 Nazirliyinin X3 Xidmətinin Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi «Sankt-Peterburq Universiteti" 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələrin aralıq attestasiyasının keçirilməsi ilə bağlı aşağıdakılar bildirilir. 29 iyul 2020-ci il tarixli MR 3.1/2.1.0205-20 nömrəli Metodiki Tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq Rusiya Federasiyasının Baş X8 tərəfindən təsdiq edilmiş yeni koronavirus infeksiyasının (COVİD- 19) qarşısının alınması ilə bağlı tövsiyələr, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilməlidir. Eyni zamanda, bu tövsiyələr həm Universitetdə oxuduğu müddətdə qüvvədə idi, həm də hazırda qüvvədədir. Bundan əlavə, Sankt-Peterburqda Sankt-Peterburq Hökumətinin 13 mart 2020-ci il tarixli 121 nömrəli qərarı ilə Sankt-Peterburqda yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmasına qarşı tədbirlər də qüvvədə olub və hal-hazırda hələ də qüvvədədir. Bu tədbirlərə uyğun olaraq, ali təhsilin təhsil proqramlarını həyata keçirən təşkilatlar təhsil fəaliyyətini həyata keçirərkən sanitariya- epidemioloji qaydalara, habelə İstehlakçıların Hüquqlarının Müdafiəsi və X7 Federal Xidmətinin tələb və tövsiyələrinə əməl etməlidirlər. Eyni zamanda, Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş ali təhsilin federal dövlət təhsil standartları universitet tərəfindən həyata keçirilən ixtisaslar və təlim sahələri üzrə elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməyə imkan verir. Belə ki, 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların keçirilməsi xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə təsdiq edilmiş tövsiyələrə uyğun olaraq universitet tərəfindən həyata keçirilib və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə zidd deyil.

7. Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli NA00034297 nömrəli qərarına əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-33/2-4859/24 nömrəli cavab məktubundan məlum olur ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: xx.xx.2018 – Çıxış - Rusiya xx.xx.2018 – Giriş - Rusiya xx.xx.2019 – Çıxış - Rusiya xx.xx.2019 – Giriş – Rusiya xx.xx.2019 – Çıxış – Rusiya xx.xx.2019 – Giriş – Rusiya xx.xx.2023 – Çıxış – Rusiya xx.xx.2023 – Giriş – Rusiya xx.xx.2024 – Çıxış – Rusiya xx.xx.2024 – Giriş – Rusiya II. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, 2018-ci ildən 2024-cü il tarixədək Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin" Milli təhlükəziliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsil almışdır. Bununla bağlı həmin təhsil müəssisəsindən ona 06 iyun 2024-cü il tarixdə diplom da verilib. Nəzərə çatdırır ki, təhsil müddətində işlədiyi xidmətin rəhbəri, yəni Fövqəladə Hallar Nazirliyinin daxili xidmət general-mayoru Füzuli Əsədov tərəfindən əmr də imzalanmışdır. Bilindiyi kimi, COVİD-19 bütün dünyada tüğyan etdiyi dövrdə, Rusiya Federasiyasının Baş X4 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli MR 3.1/2.1.0205-20 nömrəli metodiki tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq, 3.1. Yoluxucu xəstəliklərin qarşısının alınması, 2.1. Kommunal gigiyena, yeni koronovirus infeksiyasının qarşısının alınması üzrə tövsiyələrə uyğun olaraq, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilmişdir. Bu tövsiyələr adını yuxarıda qeyd etdiyim universitetdə təhsil aldığım müddətdə, həmçinin hal-hazırda da davam edir. Bu səbəbdən də, həmin müddətdə distant təhsilini davam etdirdiyi üçün sözüügedən universitetə getməmişdir. 06 iyun 2024-cü il tarixdə 27 nömrəli protokol əsasında Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin" Milli təhlükəziliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsilimi müvəffəqiyyətlə başa vurduğu üçün ona diplom verilmişdir. Bundan sonra, həmin diplomun tanınması barədə cababdeh-Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etdikdən sonra, həmin qurumdan heç bir əsaslı səbəb göstərilmədən ona xx.xx.2024-cü il tarixli NA00034297 nömrəli məktubla imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın mənə verdiyi imtina əsassızdır və ləğv edilməlidir. Bilindiyi kimi, adını yuxarıda qeyd etdiyim universitetdə distant təhsil aldığı dövrdə həmin ölkəyə gedib-gəlməyimmümkün deyil.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin Milli təhlükəsizliyin hüquqi təminatı ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli NA00034297 nömrəli qərarına əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir və həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi iş materialları ilə təsdiq olunmamışdır. İddiaçı isə xx.xx.2024-cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. Həmin iclasda iddiaçı iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: İ il-7 gün İİ il-13 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) İİİ il-getməyib (pandemiya dövrü) İV il-getməyib (pandemiya dövrü) V il-getməyib Vİ il-1 ay 23 gün Təhsil müddəti 6 ildir. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)-251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”(bundan sonra-Qaydalar)na uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 4.1.4-ci yarımbəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.4-cü yarımbəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “ Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.6-cı yarımbəndinə əsasən magistratura səviyyəsində qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Yekun olaraq qeyd etmək istəyirlər ki, cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Hesab edirlər ki, qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq, habelə, iddia tələbi həm həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün üçün rədd edilməlidir.

20. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

22. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli 107834 ******* nömrəli Rusiya Federasiyasının Təhsil Diplomuna əsasən İddiaçı 10 oktyabr 2019-cu ildə Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin Milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas) ixtisası üzrə qiyabi şöbəsinə qəbul olunmuş və xx.xx.2024-cü ildə bitirmişdir.

23. İddiaçı qeyd olunan diplomun tanınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasına əsasən, xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasında imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli NA00034297 nömrəli qərar qəbul etmişdir.

24. Göründüyü kimi, cavabdehin imtina dəlili ondan ibarətdir ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir.

25. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilaima formaları müəyyən edilir. 27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

26. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanının: 2.2-ci bəndində əsasən, Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

27. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın: 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları ilə müəyyən edilir.

29. Hər iki Qaydalar eyni məzmunlu olmaqla Qaydaların 4.1-ci bəndində tanınmaya dar ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifıkasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi;

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli, 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);

31. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifıkasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

32. Təhsil müddəti 5 il olmaqla distant formada 2018-2024-cü illəri əhatə edir. Məhkəmə nəzərə alır ki, iddiaçının təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmuş və Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetində müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etmişdir. İddiaçı təhsilini başa vurduqdan sonra Fövqəladə Hallar Nazirliyində xidmətini davam edir.

33. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən də Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetində 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində dərs (məşğələ) cədvəllərindən və tələbinin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlayn formatda cari attestasiyadan keçmişdir.

34. Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin xx.xx.2022-ci il tarixli 0913/e nömrəli əmrinə əsasən İddiaçı Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin qiyabi şöbəsinin 5ci kurs imtahan sessiyasında distant formada iştirak etməsi üçün 2022-ci ilin noyabr ayının 01-dən dekabr ayının 10-dək 40 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir.

35. Azərbaycan Respublikasının DSX Sərhəd Nəzarəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-38-33/2-4859/24 nömrəli məktubunda iddiaçının dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında olan məlumatlar da iş materiallarına əlavə olunmuşdur.

36. Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli 30/386 nömrəli cavab məktubunda bildirilmişdir ki, "X5 Nazirliyinin X3 Xidmətinin Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi «Sankt-Peterburq Universiteti" 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələrin aralıq attestasiyasının keçirilməsi ilə bağlı aşağıdakılar bildirilir. 29 iyul 2020-ci il tarixli MR 3.1/2.1.0205-20 nömrəli Metodiki Tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq Rusiya Federasiyasının Baş X8 tərəfindən təsdiq edilmiş yeni koronavirus infeksiyasının (COVİD- 19) qarşısının alınması ilə bağlı tövsiyələr, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilməlidir. Eyni zamanda, bu tövsiyələr həm Universitetdə oxuduğu müddətdə qüvvədə idi, həm də hazırda qüvvədədir. Bundan əlavə, Sankt-Peterburqda Sankt-Peterburq Hökumətinin 13 mart 2020-ci il tarixli 121 nömrəli qərarı ilə Sankt-Peterburqda yeni koronavirus infeksiyasının (COVİD-19) yayılmasına qarşı tədbirlər də qüvvədə olub və hal-hazırda hələ də qüvvədədir. Bu tədbirlərə uyğun olaraq, ali təhsilin təhsil proqramlarını həyata keçirən təşkilatlar təhsil fəaliyyətini həyata keçirərkən sanitariya- epidemioloji qaydalara, habelə İstehlakçıların Hüquqlarının Müdafiəsi və X7 Federal Xidmətinin tələb və tövsiyələrinə əməl etməlidirlər. Eyni zamanda, Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş ali təhsilin federal dövlət təhsil standartları universitet tərəfindən həyata keçirilən ixtisaslar və təlim sahələri üzrə elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməyə imkan verir. Belə ki, 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların keçirilməsi xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə təsdiq edilmiş tövsiyələrə uyğun olaraq universitet tərəfindən həyata keçirilib və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə zidd deyil.

37. Odur ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətdə tədris yükünü yerinə yetirə bilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab etməyə məhkəmə əsas görmür.

38. Belə ki, iddiaçı təhsil almasına dair təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunmuş təhsilə dair sənədi, diplomu və diploma əlavəni təqdim etmişdir.

39. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçı onunla birlikdə eyni Universitetdə təhsil almış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin digər əməkdaşlarının ali təhsilə aid ixtisasların kvalifikasiyasına dair cavabdeh orqanla mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarlarını təqdim edərək, cavabdeh orqanın eyni imtina əsasları üzrə dəlillərinin məhkəmələr tərəfindən əsassız sayılması və iddiaların təmin edilməsinə istinad etmiş və mövcud məhkəmə təcrübəsinin nəzərə alınmasını xahiş etmişdir.

40. Təqdim edilmiş məhkəmə qərarlarından görünür ki, həqiqətən analoji mübahisələr üzrə xeyrinə qərar qəbul edilmiş şəxslər iddiaçı ilə eyni hüquqi vəziyyətdədir, həmçinin cavabdeh orqan apellyasiya məhkəmələrinin qərarlarından kassasiya şikayəti verməmiş, yəni qəbul edilmiş qərarlarla razılaşaraq onları icra etmiş və aidiyyatı şəxslərə müvafiq şəhadətnamələri təqdim etmişdir.

41. Bununla belə, həmin təcrübəni özünün fəaliyyəti üzrə praktikasına çevirməmiş və nəzərə almamışdır.

42. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən, inzibati orqanın yanaşması qanunauyğun olmayan halda, yəni həmin mübahisədə hüququn tətbiqinə dair mövcud yanaşmanın düzgün olmadığı çoxsaylı məhkəmə qərarları ilə müəyyən edildiyi halda, inzibati orqan mövcud praktikasını məhkəmə təcrübəsinə uyğunlaşdırmağa, praktikasını yeni (məhkəmə qərarları əsasında formalaşdırılmış) praktikaya uyğunlaşdırmağa borcludur.

43. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

44. Məhkəmə istinad edilən normativ aktların müddəalarına əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçının Rusiya Federasiyası qəhrəmanı ordu generalı Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin X1 Mühafizə Xidməti Universitetinin xx.xx.2024-cü il tarixli 107834 ******* nömrəli bakalavr diplomu üzrə Milli təhlükəsizliyin hüquqi təminatı ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar