Məhkəmə qərarları › İş №2-1(114)-224/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-224/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-224/2020 04.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı müharibə veteranı kimi pul müavinəti fərqinin hesablanıb ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı xx xxxx 1998-ci il tarixdə 011841 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir və bununla da o, qanunvericiliklə müharibə veteranları barədə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. İddiaçı müharibə veteranı kimi pul müavinəti fərqinin hesablanıb ödənilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə (bundansonraDövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi) müraciət etmiş, cavabdeh isə xx xxxxxxx 2019-cu il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ona müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədə 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1998-ci ildən müharibə veteranıdır, lakin ona müharibə veteran kimi müavinət xx.xx.2019-cu il tarixdən etibarən ödənilir. Halhazırda Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsindən müharibə veteranı kimi müavinət alır, lakin qanunla müharibə veteranlarına ödənilməyən müavinətin, yəni müavinət almaq hüququ yarandığı gündən sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanunamüvafiq olaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixə qədər fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Belə ki, bir çox onun kimi olan hərbçi yoldaşlarına həmin məbləğin məhkəmə qaydasında ödənilməsi təmin edilmişdir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh müraciətinə əsassız olaraq imtina etdiyi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək, 1990- 2009-cu illərdə hüquq mühafizə orqanında işlədiyini, həmin illər üzrə sosial müavinət aldığını, sonradan yaşa görə əmək pensiyasına çıxdığından sosial müavinətin ödənilməsinin dayandırıldığını, lakin xx xxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almağa başladığını bildirdi və əvvəlki üç illik müddətin ödənilməsinə dair iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanunu Respublikamızda sosial müavinətlərin təyin edilməsi və verilməsinin hüququ əsaslarını müəyyən edir. Qanunun 7-ci maddəsinin 7.0.6 bəndində bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, vətəndaşın əmək pensiyası hüququ olmadıqda və veteran vəsiqəsi təqdim edildikdə, veteran vəsiqəsinin təsdiq edildiyi tarixdən təyin edilməsi nəzərdə tutulmuşdur. Yəni, sosial müavinəti şəxs əmək pensiyası almaq hüququ olmadıqda ala bilər. İddiaçı isə tələb etdiyi illərdə əmək pensiyası aldığından ona sosial müavinətin ödənilməsi mümkün deyildir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin və xx.xx.1998-ci il tarixli, 011841 nömrəli vəsiqənin təsdiqlənmiş surətləri və Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, ********** nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı xx.xx.2019-cu ildən sosial müavinətin əvəzi kimi ödənilən Prezident təqaüdü almasına istinad edərək, əvvəlki xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ona ödənilməyən sosial müavinətin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 011841 nömrəli, xx xxxx 1998-ci il tarixli vəsiqədən məlum olur ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. 11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda müavinətin ödənilməsi dayandırılır. "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarının 1.1. maddəsində qeyd edilir ki, bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. 1.3. maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. 1.4. maddəsinə əsasən birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçıya xx.xx.1998-ci il tarixdən müharibə veteranı statusu verilmiş, 2006-cı ildən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən sosial müavinət almışdır. Sonradan iddiaçının əmək pensiyası hüquq yarandığından qeyd edilən Qanunun 11.1.5-ci maddəsinə əsasən sosial müavinətin ödənilməsi dayandırılmışdır. Məhkəmə iddiaçının hazırda Prezident təqaüdü alması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında ayrı-ayrı vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdləri hüququn yarandığı tarixdən təyin olunaraq ödənilir və təqaüdün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri, fəxri adlara görə aylıq təqaüdlər, Azərbaycan Respublikası Milli Qəhrəmanlarına və onların ailə üzvlərinə verilən Prezident təqaüdü, 20 Yanvar şəhidinin ailə üzvlərinə Prezident təqaüdü, şəhid ailə üzvlərinə Prezident təqaüdü, müharibə əlillərinə Prezident təqaüdü, 20 Yanvar əlillərinə Prezident təqaüdü, Böyük Vətən Müharibəsi əlillərinə Prezident təqaüdü kimi növləri vardır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının 1, 2 və 5-ci hissələrinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuş, Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilməsi və Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilməsi qərara alınmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanı ilə sosial müavinət Prezident təqaüdü ilə əvəz edildiyindən və prezident təqaüdünün ödənilməsi əmək pensiyası hüququnun olması ilə məhdudlaşdırılmadığından iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Lakin o da qeyd edilməlidir ki, Prezident təqaüdünün əvvəlki illər üçün ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı yaşa görə əmək pensiyası aldığından və bu sosial müavinətin ödənilməsini istisna etdiyindən, hazırkı halda isə Azərbaycan Respublikası Prezidenti təqaüdünün üç il əvvələ ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından cavabdeh inzibati orqanın imtinası qanunamüvafiqdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı müharibə veteranı kimi pul müavinəti fərqinin hesablanıb ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar