Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-224/2021 28.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əlillik dərəcəsinin verilməsi ilə bağlı imtina qərarının ləğv edilməsi və təkrar qiymətləndirmə tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdən etibarən əlillik dərəcəsinin müəyyən edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin oktyabr ayında infarkt (kəskin koronar sindrom) keçirmiş, həmin vaxtdan indiyədək müxtəlif vaxtlarda 6 dəfə stasionar qaydada müalicə almış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 475 nömrəli qərarı ilə ona «ÜİX: Stabil gərginlik stenokardiyası İİİ (üçüncü) funksional sinif. İnfarktdan sonrakı kardioskleroz. Ürək çatışmamazlığı İİ funksional sinif (AF-42%). Hipertoniya xəstəliyi İİİ (üçüncü) mərhələ. Xroniki qastroduodenit. Duodenoqastral reflyuks. 12 barmaq bağırsaq soğanağının eroziyası. Öd kisəsinin diskineziyası» diaqnozu qoyularaq, hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız (ədliyyə orqanlarında qulluğa yararsız) hesab edilmişdir. Hərbi-həkim komissiyasının həmin qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 645-K saylı əmri ilə o, uzunmüddətli xəstəliyi ilə əlaqədar «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru vəzifəsindən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. xx.xx.2020-ci ildə əlilliyinin müəyyən edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasına (bundan sonra TSEK) müraciət etmiş, xx.xx.2020-ci ildə ona sənədlərinin düzgün doldurulmaması barədə cavab gəlmiş, xx.xx.2020-ci ildə TSEK-ə yenidən müraciət etmiş, cavab olaraq onun əlavə müalicəyə ehtiyacının olması barədə cavab gəlmişdir. xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Gəncə şəhəri Kardioloji Xəstəxanada stasionar müalicə almış, müalicə aldıqdan sonra xx.xx.2020-ci ildə TSEK-ə müraciət etmiş, lakin ona yenidən müalicəyə ehtiyacı olduğu bildirildiyindən o, TSEK-ə əyani müayinəyə çağırılması ilə bağlı müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə o, əyani müayinədə olmuş, ona ürəyin xroniki işemik xəstəliyi diaqnozu qoyulmuş, lakin əlilliyinin müəyyən edilməsindən imtina edilmişdir. Ona görədə cavabdehin imtinasını əsassız hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2021-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxış iclasında iddiaçı «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əlillik dərəcəsinin verilməsi ilə bağlı imtina qərarının ləğv edilməsini və təkrar qiymətləndirmə öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, bu barədə dəqiqləşmə ərizəsi məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı yazılı münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini X4 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli müayinənin nəticələrinin çıxarışı, Gəncə şəhəri Kardioloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli stasionar xəstənin tibb kartasından çıxarışlar və xx.xx.2019-cu il tarixli 52 nömrəli arayış, xx.xx.2020-ci il tarixli və xx.xx.2020ci il tarixli rəngli doppler exokardioqrafiya müayinələr, xx.xx.2001-ci il tarixli əmək kitabçası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 475 nömrəli qərarı, xx.xx.2019-cu il tarixli 645-K nömrəli əmr, xx.xx.2020-ci il tarixli müayinə olunan şəxs üzrə məlumat, xx.xx.2020-ci il tarixli 0495003AAJ29, xx.xx.2020-ci il tarixli 0495003AAJ7R və xx.xx.2020-ci il tarixli 0495003AAKB2 nömrəli bildirişlər və göndərişlər, xx.xx.2019-cu il tarixli v20 nömrəli ultrasəs müayinəsi, xx.xx.2019-cu il tarixli 132 nömrəli protokol, xx.xx.2019-cu il tarixli X300 nömrəli transtorakal exokardioqrafiya və xx.xx.2021-ci il tarixli ******* nömrəli amblator kitabçadan çıxarış təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbitəminedilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, həmçinin iddia müddəti buraxılmamışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, iddiaçıya qoyulmuş «ürəyin xroniki işemik xəstəliyi» diaqnozu öz təsdiqini tapmaması səbəbindən TSEK xx.xx.2020-ci il tarixli qiymətləndirməyə əsaslanaraq diaqnoz öz təsdiqini tapmadığı barədə qərar qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Hərbi-Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 475 nömrəli qərarından görünür ki, İddiaçı «ÜİX: Stabil gərginlik stenokardiyası İİİ (üçüncü) funksional sinif. İnfarktdan sonrakı kardioskleroz. Ürək çatışmazlığı İİ (ikinci) funksional sinif (AF-42%). Hipertoniya xəstəliyi İİİ (üçüncü) mərhələ. Xroniki qasduodenit. Duodenoqastralreflyuks. 12 barmaq bağırsaq soğanağının eroziyası. Öd kisəsinin diskineziyası». Xəstəlikdir, xidmət dövründə alınmışdır diaqnozu qoyulmuşdur. İş materiallarında olan Gəncə şəhəri Kardioloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli stasionar xəstənin tibb kartasından çıxarışlardan görünür ki, Aorta aypara qapaqları kalsionozu. Sol mədəcik əzələsinin hipertrofiyası. Sol mədəciyin qlobal qəqəllüs qabiliyyəti aşağı düşmüşdür. EF-40%. Rəngli doplerdə İİ dərəcə mitral çatışmazlıq diaqnozu qoyulmuşdur. Aortanın sklerozu. Mədəciklərarası çəpərin bütün seqmentlərində akinez izləndi. Aorta aypara qapaqlarının kalsinozu. Sol mədəcik əzələsinin hipertrofiyası. Sol mədəciyin qlobal təqəllüs qabiliyyəti aşağı düşmüşdür – LVEF-37, 0%. DoplerExo: 2-ci dərəcə mitralçatışmamazlıq. Transmitral qan axını sol mədəciyin diastolik funksiyasının restruktiv tip pozulması üçün xarakterikdir və sol mədəciyin sistpolik – diastolik ölçüsü normaldır. Sistolik funksiya EF-31%. Qlobal hipokinez izləndi. Kameralar təmizdir. Rəngli doplerdə 2ci dərəcə mitral, 2-ci dərəcə trikuspidalçatmamazlıq diaqnozu ilə rəy verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 52 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi Gəncə şəhər X2 şöbəsində kəskin koronar sindromu diaqnozu ilə müalivəolunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli rəngli dopplerexokardioqrafiya müayinələrindən görünür ki, İddiaçı sol mədəciyin sistob-distolik ölçüsü normaldır. Sistolik funksiya (EF-37%)zəifdir. Arxa divar hissəsindən kanallar təmizdir. Sol mədəciyin sistob-distolik ölçüsü normaldır. Sistolik funksiya (EF-37%) zəifdir. Qlobal hipokinezin izlənilməsi kanalları təmizdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 645-K nömrəli əmrdən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İddiaçı uzunmüddətli xəstəliyi ilə əlaqədar «Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarxli 69-K nömrəli əmrlə Gəncə Hərbi Məhkəməsinin məhkəmə nəzarətçiləri qrupunun böyük məhkəmə nəzarətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixli 295-K nömrəli əmrlə uzunmüddətli xəstəliyi ilə əlaqədar «Ədliyyə orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 0495003AAJ29, xx.xx.2020-ci il tarixli 0495003AAJ7R və xx.xx.2020-ci il tarixli 0495003AAKB2 nömrəli bildirişlər və göndərişlərdən görünür ki, İddiaçı 2 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhətə Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş «Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestri»nə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli v20 nömrəli ultrasəs müayinəsindən görünür ki,İddiaçı öd kisəsində diskineziya, divarın qalınlaşması, mənfəzində qatılaşmış öd izləndi. Böyrəklərdə tək-tək duz kiristalları diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 132 nömrəli protokoldan görünür ki, İddiaçı öd qabarcıqları üstünultrası vardır. Peristalxios kafidir. Xroniki qastroduoolenit duappler qastral refleks 12 b/bağırsaq sağanağının eroziyası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli amblator kitabçanın çıxarışından görünür ki, müalicə nəticəsində xəstənin vəziyyəti nisbətən yüngülləşib. Xəstə ambulator müalicəyə göndərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikasının Qanununun:- - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi mənasına malikdir. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. - 58.2-ci maddəsinə əsasən İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən nzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 59.1.5-ci maddəsinə əsasən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatda əks olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyündən bəhs edən 74-cü maddəsində qeyd edilir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə mübahisələndirilən inzibati aktı yuxarıda sadalanan maddi hüquq normalarının tələbi baxımından yoxlayarkən həmin inzibati akt qəbul edilərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmadığını, həmçinin diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə tam, hərtərəfli həyata keçirilmədiyi qənaətinə gəlmişdir. Belə ki, «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın:- (bundan sonra Qayda) - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1.3-cü hissəsi ilə «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi», «Dövlət X3», «Dövlət Tibbi-Sosial Ekspertiza və X1» təsdiq edilmişdir. Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, (5.1) bu Fərmanın 1.3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyi müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin hüquqi varisləridir. Onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyatı üzrə yuxarıda adı çəkilən publik hüquqi şəxslərə keçir. Əsasnamənin 5.4-cü bəndi imperativ olduğundan məhkəmə Agentliyin 3-cü şəxs qismində işə cəlb olunmasına lüzum görməmişdir. Məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin sonuncu müayinəyə dair xx.xx.2020-ci il tarixli qiymətləndirməsindən bariz şəkildə göründüyü kimi sözügedən inzibati akt ümumiyyətlə cavabdeh tərəfindən əsaslandırılmamış, həmin məlumatda «diaqnozun öz təsdiqini tapmaması, diaqnoz öz təsdiqini tapmadığı barədə qərar qəbul edilmişdir» kimi mücərrəd bir cümlə yazılmış, konkret olaraq imtinanın səbəbləri göstərilməmişdir. Bu arada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «İnzibati İcraat haqqında» Qanun xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun preambulasında deyilir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və Qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə müvafiq olaraq bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, xx xxxxxx 2006-cı il tarixindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “İnzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə müvafiq olaraq inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-cü maddəsinə müvafiq olaraq inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən qəbul olunmuş inzibati akt yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları baxımından əsaslandırılmadığından qanunsuz sayılmalı və iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli əlillik dərəcəsinin verilməsi ilə bağlı imtina qərarı ləğv edilməli və Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin təkrar qiymətləndirilməsi öhdəliyi qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli əlillik dərəcəsinin verilməsi ilə bağlı imtina qərarı ləğv edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin təkrar qiymətləndirilməsi öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-224/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-224/2021
28.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver