Məhkəmə qərarları › İş №2-1(114)-2241/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2241/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2241/2021 09.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1956-cı il tarixdə Bərdə rayonun Çələbilər kəndində anadan olmuşdur. O, 10.08.1977-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına əsasən 10.08.1977-25.09.1980 və 04.12.1980-30.12.1985-ci illərdə, habelə Bərdə rayon Dövlət Arxivinin 10.09.2020-ci il tarixli 186 nömrəli arxiv arayışına əsasən iddiaçı 1971-1976, 1980-1998-ci illərdə Bərdə rayon sabiq Otuzikilər, S.Axundov adına kolxozlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 07.05.1974-cü il tarixdən 03.05.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, 01.09.1976-cı il tarixdən 25.07.1977-ci il tarixinədək peşə məktəbində oxumuşdur. İddiaçı pensiya təyin olunması məqsədilə inzibati orqana müraciət etmiş, sonuncu isə 03.08.2021-ci il tarixli **********7 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlərə əsasən iddiaçının sığorta stajı 24 il 03 ay olmaqla tələb olunan 25 il müddətdən azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 18.353,16 manat, 01.01.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək 40,50 manat olmaqla, ümumilikdə 18393,66 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 01.01.1986-cı ildən sonrakı dövrə aid əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığından sözügedən dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlarla bağlı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1971-ci il tarixdən 1998-ci il tarixədək Bərdə rayon Otuzikilər, S.Axundov adına kolxozda AİM-də işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 1971, 1973-1974, 1976 və 1986-1998-ci illərdə Bərdə rayon Otuzikilər, S.Axundov adına kolxozda AİM-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı 23.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 09.12.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1971-ci ildən 1998-ci ilədək Bərdə rayon Otuzikilər, S.Axundov adına kolxozda müxtəlif sahələrdə işləmişdir.O, 1971-1976-cı illərdə Briqada №8, 1980-ci ildə Briqada №15, 1981-ci ildə Briqada №14, 1982-1988-ci illərdə Briqada №19, 1989-1998-ci illərdə isə inzibati vəzifədə işləmişdir. 01.09.1976-cı ildə 54 nömrəli Texniki Peşə Məktəbin “Qaldırıcı kran maşinisti” ixtisasına daxil olmuş və 25.07.1977-ci il tarixdə peşə məktəbini bitirmişdir. 07.05.1974-cü il tarixdən 03.05.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Pensiya təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, 03.08.2021-ci il tarixli məktubla ona pensiyas təyin olunmasından imtina etdilər. Onun Bərdə rayon Otuzikilər, S.Axundov adına kolxozda 1971-ci ildən 1998-ci ilədək qədər işləməsi arxiv arayışı ilə öz təsdiqini tapsa da, cavabdeh orqan bunu nəzərə almamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin yanvar ayından başlayaraq hər ay Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə məcburi dövlət sosial sığorta haqları ödəmiş, yalnız həmin ilin aprel ayı üzrə 22.05.2021-ci il tarixdə ödəniş etmiş, bu səbəbdən də may ayı üzrə iki ədəd çeki vardır. Cavabdeh qurumun nümayəndəsi X6 iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Vətəndaşın təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin 420 saylı arayışına əsasən 07.05.1974-03.05.1976-cı illər hərbi xidmət dövrü üzrə 01 il 11 ay 26 gün, 21.01.2021-ci il tarixində tərtib edilmiş Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 457 saylı arayışına əsasən 01.09.1976-25.07.1977-ci illər təhsil illəri üzrə 10 ay 24 gün, əmək kitabçasının surətinə əsasən 10.08.1977-15.08.1980-ci illər üzrə 3 il 05 gün, 04.12.1980-30.12.1985-ci illər işlədiyi dövr üzrə 05 il 26 gün, 2021-ci ilin fevral, mart ayları üzrə 40,5 manat pensiya kapitalına əsasən 2 ay olmaqla, ümumilikdə vətəndaşın mübahisələndirilməyən sığorta stajı 11 il 01 ay 21 gün təşkil edir. Bərdə rayon Dövlət Arxiinin 10.09.2020-ci il tarixli 186 saylı arxiv arayışına əsasən 1971-1976-cı illər üzrə vətəndaşın 183 əmək günü işləyərək normanı tam yerinə yetirməmiş və bu səbəbdən həmin dövr üzrə 9 ay, 1986-1998-ci illər üzrə əmək günü normasını tam yerinə yetirdiyindən 13 il olmaqla, sığorta stajı ümumilikdə 13 il 09 ay təşkil edir. Həmin arxiv arayışına əsasən 1980-1985-ci illər üzrə əmək fəaliyyəti əmək kitabçasında qeyd edilən digər fəaliyyət dövr ilə üst-üstə düşdüyündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq əmək kitabçasında qeyd edilən dövr nəzərə alınır. Həmin arxiv arayışına əsasən vətəndaşın mübahisələndirilən sığorta stajı 13 il 09 ay təşkil edir. Mübahisələndirilən dövr nəzərə alınmaqla vətəndaşın 24 il 10 ay 21 gün sığorta stajı olmaqla tələb olunan müddətdən azdır. Eyni zamanda fərdi hesabın slğorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixinədək 24 il 08 ay 21 gün sığorta stajına uyğun olaraq 18.843,45 manat təşkil edir. X1 Sisteminin Pensiya altsistemində 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada pensiya təyin edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, 2021-ci ilin fevral, mart ayları üzrə 40,5 manat pensiya kapitalı qeydə alınmışdır. Göründüyü kimi, mübahisələndirilən sığorta stajı 13 il 09 ay inzibati orqan tərəfindən sığorta stajı kimi nəzərə alınsa belə, vətəndaşın sosial sığorta stajı Qanunun 7-ci maddəsinin tələblərini qarşılamır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat vermiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən DSMF-ə ödənilmiş məbləğlər Alt sistemdə bu günkü günədək oturmamış olsa da, həmin çeklərin mötəbərliyinə şübhə yoxdur. Məhkəmə araşdırmasının predmetini cavabdehin 03.08.2021-ci il tarixli **********7 nömrəli imtinası, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 21.01.2021-ci il tarixli 457 nömrəli arayışı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin 14.09.2020-ci il tarixli, 420 nömrəli arayışı, Bərdə rayon Dövlət Arxivinin 10.09.2020-ci il tarixli 186 nömrəli arxiv arayışının notariat qaydada təsdiq edilmiş surəti, 10.08.1977-ci il tarixdə tərtib edilmiş iddiaçıya məxsus əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, cavabdehin nümayəndəsinin etirazı, iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondu- Yevlax şöbəsinə ödənilmiş vəsaitlər barədə 26.01.2021-ci il tarixli, ********* nömrəli; 26.02.2021-ci il tarixli, ********* nömrəli; 30.03.2021-ci il tarixli ********* nömrəli; DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ödənilmiş 25.05.2021-ci tarixli, ********* nömrəli; 29.05.2021-ci il tarixli, ********* nömrəli; 17.06.2021-ci il tarixli, ********* nömrəli; 26.07.2021-ci il tarixli, ********* nömrəli;18.08.2021-ci il tarixli, ********* nömrəli; 24.09.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzləri təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən iddianı həm də əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının kolxozda işlədiyi dövrlərin əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək pensiya təyin olunmasından imtina etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” 117-ci maddəsinin “q” bəndinə əsasən arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” SSRİ Qanunun 67.1-ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: - qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 23.01.2021-cu ildə 65 yaşı tamam olmuşdur. Yəni, iddiaçı qanunla müəyyən edilmiş pensiya yaşına çatmışdır. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi müddət əmək kitabçasında qeyd edilmədiyindən, həmin müddət sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə qeyd edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi (01.01.2006-cı ilədək) günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. İddiaçı arxiv arayışında qeyd edilən 1971, 1973-1974, 1976 və 1986-1998-ci illərdə işlədiyi müddətin sosial sığorta stajına daxil olunmasını məhkəmədən tələb etdiyindən, məhkəmə tərəfindən həmin illərə qiymət verilmişdir. İşdəki arxiv arayışına əsasən, iddiaçının faktiki əmək günü 1971-ci ildə 73 gün, 1973-cü ildə 86 gün, 1974-cü ildə 17 gün, 1976-cı ildə 7 gün, 1986-cı ildə 247 gün, 1987ci ildə 311 gün, 1988-ci ildə 309 gün, 1989-cu ildə 220 gün, 1990-cı ildə 320 gün, 1991-ci ildə 486 gün, 1992-ci ildə 405 gün, 1993-cü ildə 348 gün, 1994-cü ildə 544 gün olmuş, 1995-1998-ci illərdə isə o, əmək haqqı almışdır. Arxiv arayışından görünür ki, Bərdə rayon sabiq Otuzikilər, S.Axundov adına kolxozlarda kişilər üçün minimum bir ilə 220 əmək günü norması müəyyən edilmişdir. Göründüyü ki, iddiaçı tərəfindən 1986-1994-cü illərdə əmək iştirakı norması tam ödənilmiş və 1995-1998-ci illərdə isə əmək haqqı alınmışdır. Ona görə də, həmin illər üzrə ona tam əmək stajı kimi 13 il hesablanmalıdır. 1971, 1973, 1974 və 1976-cı illərdə isə minimum əmək iştirakı norması tam ödənilməmişdir. Odur ki, bu illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət (73+86+17+7)x12/220= 09 ay təşkil edir. Beləliklə, iddiaçının cəmi kolxozda iş stajı 13 il 9 ay hesablanmalıdır. Habelə, iş materialları ilə müəyyən olunur ki, işdəki mədaxil qəbzlərinə əsasən iddiaçı 2021-ci ilin yanvar-sentyabr ayları üzrə Dövlət Sosial Müdafiə Fonduna ödəniş etmiş, lakin cavabdeh orqan tərəfindən yalnız 2 ay – 2021-ci ilin yanvar və fevral ayları üzrə ödənişlər Fondun X1 Sistemində qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin tam və ya qüsurlu şəkildə X3 qeydiyyata düşməməsi onun vəziyyətinin pisləşməsi ilə nəticələnməməli və pensiya hüququnun təminatına mane olmamalıdır. Cavabdeh orqan qanunla ona verilmiş səlahiyyətlərindən istifadə etməklə ödənişlərin tam və dürüst şəkildə Sistemdə qeydiyyata salınması ilə bağlı tədbirlər görməli idi. Beləliklə, iddiaçının əmək kitabçasında qeyd edilən və cavabdeh tərəfindən mübahisələndirilməyən - hərbi qulluq müddəti, təhsil aldığı müddət və əmək kitabçasında qeyd olunan iş stajı, habelə iddiaçı tərəfindən 2021-ci ilin yanvar-sentyabr ayları üzrə Dövlət Sosial Müdafiə Fonduna ödəniş etdiyi müddət (09 ay) arxiv arayışında qeyd edilən kolxozda iş stajı ilə birlikdə 25 ildən artıqdır. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Təyinatı üzrə Mərkəzi filialının üzərinə iddiaçı X5 1971, 1973-1974, 1976 və 1986-1998-ci illərdə Bərdə rayonu sabiq Otuzikilər, S.Axundov adına kolxozda işlədiyi 13 il 09 müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 23.01.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar