Məhkəmə qərarları › İş №2-1(114)-2241/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2241/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2241/2025 29.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2024-cü il tarixdən xəstəliyinə uyğun müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 650 nömrəli qərarda “Sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının travmatik əziyi, orta dərəcəli qapalı kəllə beyin travması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. X2 xx.xx.2023-cü il tarixli N15 nömrəli məktubunda diaqnoz “F07.0 Üzvi mənşəli (QKBT-sı nəticəsində yaranan) şəxsiyyət pozuntusu” kimi qeyd edilmişdir.

3. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1268 nömrəli rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0” kimi qeyd edilmişdir.

4. “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-51/2-R-1242-42-159/24 nömrəli tibbi arayışına əsasən İddiaçı həqiqətən “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində xx.xx.20N-ci il tarixindən hal-hazırki vaxtadək dispanser qeydiyyatdadır. Dz: Hər iki diz oynağının travmadan sonra osteoortrozu sağda 3, solda 4 dərəcəli, sol siz oynağının açıcı-bükücü kontrakturası açma-155%, bükmə-N0%. Sol aşıq baldır oynağının osteoortrozu, daimi ağrı sindromu, hərəkət funksiyasının pozulması. Dz:Posttravmatik baş ağrısı C3,C4,C5,C6, C7, C8, L4, L5 fəqərə disklərinin yırtığı C4,C5,L4, L5, S1 fəqərəarası disklərin protuziyası, Diabetik polineyropatiya kökcük ağrı sindromu, (G-44.3,M-51.2,G-63.2,R-52.2). Dz:X7. Gərginlik stenokardiyası. İnfarktdan sonrakı kardioskleroz. Arterial hipertoniya İİİ dərəcə. Xroniki ürək çatışmazlığı İİ fs. Stentləmədən sonrakı, vəziyyət. xx.xx.2017-ci il tarixindən hal-hazırki vaxtadək Poliklinika şöbəsinin Endokrinoloji kabinetində dispanser qeydiyyatdadır. Dz: Şəkərli diabet tip 2, çoxsaylı ağırlaşmalarla, insulin tələbli.

5. İddiaçı ilkin olaraq hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

6. İddiaçı əlillik vəziyyəti xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və 24.N0.2021-ci il tarixlərdə qiymətləndirilərək əlillik təyinatından imtina edilmişdir.

7. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X5 tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə; Yanaşı xəstəliklər – S06.0 – Baş beynin silkələnməsi, Baş beynin silkələnməsi, Posttravmatik ensefalopatiya; Yanaşı xəstəliklər – M24.5 – Oynaqların kontrakturası, Oynaqların kontrakturası, Sol diz oynağının natamam bükücü (45 dərəcə) kontrakturası; Yanaşı xəstəliklər – İ25.2 – Əvvəllər keçirilən miokard infarktı, Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz; Yanaşı xəstəliklər – İ97.1 – Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, koronarangioplastika Cx damar (xx.xx.2017) RCA (xx.xx.2018) stent, Angioplastika x3 (2017, 2018), koronar angioplastika RCA stent (xx.xx.2021) implantasiya əməliyyatından sonrakı vəziyyət.

8. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6872/2024 nömrəli qərar qəbul edilmişdir.

9. Məhkəmənin qərardadı əsasında əldə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2197 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri depressiv daxilolmalar F07.0” aşkar olunur. II. Məhkəmədə icraat

10. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1976-ci il tarixdə Lənkaran rayonunda anadan olmuşdur. 1998-ci il tarixdə həqiqi hərbi xidlətə çağırılmışdır. Həqiqi hərbi xidməti zamanı Gizirlər məktəbinə kurs almaq üçün göndərilmişdir. 03 sentyabr 1999-cu il tarixdə 178 nömrəli əmrinə əsasən gizir hərbi rütbəsi verilməklə şəxsi heyyətin siyahasından çıxarılaraq xidmətini davam etdirmək üçün Qazax rayonunda yerləşən N saylı h/hissəyə göndərilmişdir. Hərbi xidmətini davam etdirən zaman travma və xəsarətlər almışdır. Belə ki, 1999-cu ilin dekabr ayında döyüş mövqeyindən biri olan postda iki əsgərin düşmənin basdırdığı minaya düşdüyü üçün həlak olmuşdur. Həmin əsgərləri çıxaran zaman düşmənin atdığı minamyot nəticəsində sol qolundan kor qəlpə yarası almışdır. O, müalicə olunmuş və sağalmışdır. Yaralanmağı barədə hərbi hissədə qeydiyyat aparılmadığından o, bu barədə hər hansı bir sənəd təqdim edə bilmir. Lakin həmin yaralanma haqqında məlumat hərbi biletində qeyd edilmişdir. Bundan başqa 2002-ci il tarixdə döyüş mövqeylərinin gücləndirilmiş rejimdə xidmətini davam etdirərkən hərbi hissənin döyüş mövqeyində düşmənlə təmas xəttində döyüş postlarını yoxlayarkən sol dizindən travma xəsarəti və qapalı kəllə beyin tramması almışdır. Qeyd edir ki, xidmət zamanı o, olduğu hərbi hissənin ön xətdində olmuş və bütün döyüşlərdə iştirak etmişdir. Hərbi hissənin tibb məntəqəsinə gətirilmiş müalicə və müayinə olunmuş və xidmətə geri qaytarılmışdır. 2004-cü ilin iyun iyul aylarında N saylı hərbi hissənin tərkibində Ermənistan Respublikasının silahlı qüvvələrinin diversiyalarının qruplarının təxribatını və qəfləti hücumlarının qarşısının alınmasında Qazax rayonunun Qızıl-Hacılı, Məzəm-Fərəhli kəndlərinin düşməndən müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sonradan hərbi xidmətini yerinə yetirmək üçün 3-cü ordu korpusunun komandirinin 21 iyul 20N-ci il tarixli əmrinə əsasən o, 171 nömrəli h/hissəyə tağım komandiri müavini təyin olunmuşdur. Səhəti ilə əlaqədar hərbi hissə komandirinə müraciət etmiş və o xx.xx.20N-ci il tarixdə müayinə məqsədi ilə 195 nömrəli h/hissəyə Tibb taboruna göndərilmişdir. O, orada müayinə və müalicə olunmuşdur. Lakin müayinə və müalicəsinin heç bir nəticəsi olmadığı üçün onu N nömrəli hərbi hissəyə göndərmişlər. Sonra xx.xx.20N-ci ildə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına təxliyyə olunmuşdur. xx.xx.20N-ci il tarixədək orada müayinə və müalicə olunmuşdur. Müayinə və müalicənin nəticələri aşağıdakı kimi olmuşdur. Hipertoniya xəstəliyi 2-ci mərhələ, Birinci mərhələ disirkulyator, ensofalopatiya. Baş beyin üzvi xəstəliyin astenonevrotik təzahürləri, onurğa sütununun boyun nahiyəsinin C 2-C5 birinci mərhələ Osteaxondrozu və C2-C3 fəqərə arası diskin ön şmorli tipli qabarması ilə müşayət olunan onurğa stununun döş nahiyəsinin birinci mərhələ 4-cü dərəcə təsbit olunmayan skaliozu funkusyasının pozulmaması ilə. Ürək müainəsi: Sol mədəciyin hipertrofiyası və yan divarda miokardin qan təchizahın azalması qeyd olunması, Mədəciklərin çəpərin arxa divarı hipertrafiyası, Nəticə sol mədəciyin konsevtrik hipertrofiyası, Baş beyinin qan təchizatı daxili yuxu arteziyasında azalması, damarların hipertonusu qeyd olunmuşdur. xx.xx.20N-ci tarixdə xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissənin komandirinin təqdimatına əsasən MNnin 14 oktyabr 20N-ci il tarixli 0129 gm saylı əmrinə əsasən hərbi xidmət keçmə haqqında əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. xx.xx.20N-ci il tarixdə Qazax Rayon Mərkəzi xəstəxanasının poliknika şöbəsində dispanser qeydiyyata götürülmüşdür. xx.xx.2012-ci il tarixdə əlillik təyini üçün Tibbi Sosial Ekspertizası komisyasına göndərilmişdir. Ona hərbi xidmət dövründə xəstəlik səbəbi ilə 2ci qrup əlillik təyin edilmişdir. 2013, 2014, 2015-ci illərədək əlillik pensiyası almışdır. Sonradan əlilliyinin xidməti vəzifələrini yerinə yetirərkən olduğuna görə əlillik səbəbinin dəyişdirilməsi üçün xx.xx.2015-ci il tarixdə sənədləri Tibbi sosial ekspertiza komissiyasına göndərilmişdir. Baxış keçirilmiş və ona xidmət vəzifəsini yerinə yetirməklə əllilik təyin olunmuşdur. Bu əlillik 5 il yəni 2021-ci ilin sentyabr ayına kimi artırılmışdır. Hazırda ürəyində 4 stent var. 2021-ci ilin sentyabr ayında təkrar əlillik almaq üçün Qazax rayon mərkəzi xəstəxanasına müraciət etmiş və F88 hazırlanıb sistemə vurulması qərarı verilmişdir. xx.xx.2021-ci il tarixdə ona imtina cavabı gəlmişdir. X8 Trammatologiya və Ortopediya İnustutundan müayinədən keçmişdir. xx.xx.2021-ci il tarixdə yenidən sənətləri sistemə işlənilmişdir. xx.xx.2021-ci il tarixdə yenə heç bir səbəb olmadan imtina cavabı gəlmişdir. Bu hadisələrə görə o, sarsıntılar keçirmişdir. Qazax rayon psixatriya xəstəxanasında müalicəyə aparılmışdır. Sonradan 1 nömrəli psixatriya mərkəzi xəstəxanasına Bakı şəhərinə göndərilmişdir. xx.xx.2023-cu ildən xx.xx.2023-cü ilədək Məştağada stasianar müalicə və müayinə olunmuşdur. Həkim psixiatr komissiyasına çıxarılmışdır. Diaqnoz təsdiq edilərək rəy verilmişdir. Sənədləri toplanaraq X3 Tibbi Sosial Ekspertiza komissiyasının sisteminə vurulmuşdur. Əyani baxışa çağrılmışdır. Beləliklə yenə imtina cavabı gəlmişdir. O, öz haqqını ala bilmir. O, hərbi ximətə çağırılan zaman tam sağlam olmuşdur. Onun bu xəstəliklərinin olması hərbi xidmət zamanı olubdur. Ona görə də o, hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna uyğun deyil və aşağıda qeyd, şərh olunan AR Konstutisiyasına və digər qanuvericilik aktlarına ziddir.

12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “ona xx.xx.2024-cü il tarixdən xəstəliyinə uyğun müvafiq əlillik dərəcəsinin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək, X4 19 aprel 2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Baş-beynin silkələnməsi. Posttravmatik ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Sol diz oynağının natamam bükücü (45°) kontrakturası. İnfarktdan sonrakı kardioskleroz. Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, koronarangioplastika Cx damar (xx.xx.2017), RCA (xx.xx.2018), RCA (xx.xx.2021) əməliyyatından sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xüsusi səbəbdən-"Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. Əlillik təyininə əsas verən xəstəliyin (İ97.1) səbəb əlaqəsi düzgün seçilməmişdir. Qazax rayon sakini xx.xx.1976-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 650 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol diz oynağı nahiyyəsinin yumşaq toxumalarının travmatik əziyi, orta dərəcəli qapalı kəllə beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı danışmamış, kəkələmiş, sol qolundan yaralandığını, ayağından və başından travma aldığını göstərmişdir. Medikamentoz preparatlardan Kardiomagnil, Eqilok, Rosvaks, İnsulin iynəsi qəbul etdiyini bildirmişdir. Müayinə zamanı nəbzi 90 vurğu, saturasiyası 99%, arterial təzyiqi 160/90 mm.c.s. müəyyən edilmiş, aşağı ətraflarda ödem izlənmişdir. Baxış zamanı sol bazu nahiyəsinin aşağı 1/3-də çapıq izlənmiş, sol diz oynağında hərəkətlər tam həcmdə olmuşdur. Psixi statusu: əyani müayinədə vətəndaş kobud simulyativ davranış nümayiş etdirmiş, ilkin olaraq özünü anlaqsız təqdim etməyə çalışmış, verilən sualları dizartrik nitqi və ya əl işarələri ilə izah etmək istəmişdir. Müayinənin gedişatında danışdıqca nitqin axıcılığı düzəlmişdir. Özünü kobud anlaqsız şəxs kimi göstərməyə çalışsa da, verilən sualları başa düşmüş, mahiyyətinə uyğun cavablandırmışdır. Zahirən geyimi səliqəlidir, mimikası canlı olmuşdur. Təqdim edilmiş Baş beyin MRT müayinəsinin nəticəsi normal olmuşdur. X6 və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli **********/10356 nömrəli Arayışında diaqnoz “Sol diz oynağının posttravmatik əzilməsindən sonrakı vəziyyət. Sol diz oynağı, aşıqbaldır oynağının İV (dördüncü) mərhələ deformasiyaedici artrozu. Diz oynağının kəskin kontrakturası (bükmə N0 dərəcə, açma 155 dərəcə). Aşıq baldır oynağının açıcı kontrakturası (açma 85 dərəcə). Yerişin pozulması. Sol aşağı ətrafın funksiya pozğunluğu. Daimi ağrı sindromu“ kimi müəyyənləşdirilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli, xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışlarında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunmuş, öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 828 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Əldə olunan bəzi görüntülər irəli dərəcədə artefaklı olub, dəyərləndirmə suboptimaldır. Anesteziya dəstəyi ilə görüntülənmənin yenidən təkrarlanması tövsiyə edilir. Paranazal sinuslarda minimal divaryanı selikli qişa qalınlaşmaları qeyd olunur. Burun çəpəri sola doğru mülayim deviasiyalıdır. Beyin parenximasında diffuzyanı restriksiya edən sahə, solid və ya kistik lezyon izlənilmədi” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Müayinə zamanı tək-tək ekstrasistoliyalar qeydə alındı. Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=42%) azalıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Sol mədəcikdə false tendon izlənildi. Sol mədəciyin cüzi ekssentrik hipertrofiyası izlənilir. Seqmentar divar hərəkət qüsuru-inferolateralın, inferoseptumun və inferiorun bazalı akinetik, inferolateralın midi ciddi hipokinetik, inferoseptumun midi hipokinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli EXO-KQ-də min TÇ” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən kardioloji xəstəliyin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli N nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını və s. məsələləri yoxlamalıdırlar. Hazırkı işdə İddiaçı iddiası rədd edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər.

21. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

23. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 650 nömrəli qərarda “Sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının travmatik əziyi, orta dərəcəli qapalı kəllə beyin travması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.

24. İddiaçı ilkin olaraq hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

25. İddiaçı əlillik vəziyyəti xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və 24.N0.2021-ci il tarixlərdə qiymətləndirilərək əlillik təyinatından imtina edilmişdir.

26. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X5 tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə; Yanaşı xəstəliklər – S06.0 – Baş beynin silkələnməsi, Baş beynin silkələnməsi, Posttravmatik ensefalopatiya; Yanaşı xəstəliklər – M24.5 – Oynaqların kontrakturası, Oynaqların kontrakturası, Sol diz oynağının natamam bükücü (45 dərəcə) kontrakturası; Yanaşı xəstəliklər – İ25.2 – Əvvəllər keçirilən miokard infarktı, Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz; Yanaşı xəstəliklər – İ97.1 – Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, Ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğunluqlar, koronarangioplastika Cx damar (xx.xx.2017) RCA (xx.xx.2018) stent, Angioplastika x3 (2017, 2018), koronar angioplastika RCA stent (xx.xx.2021) implantasiya əməliyyatından sonrakı vəziyyət.

27. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-6872/2024 nömrəli qərar qəbul edilmişdir.

28. Məhkəmənin qərardadı əsasında əldə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2197 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri depressiv daxilolmalar F07.0” aşkar olunur.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

31. Həmin Əlavə:

7. Psixi və davranış pozuntuları Qeyd. Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması.

7.6.2. Üzvi mənşəli şəxsiyyət F07.0 pozuntusu Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin 35-60 2 il nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

6. Sinir sistemi xəstəlikləri Qeyd. Orqanizmin sinir sisteminin xəstəliklərdən, zədə və çatışmazlıqlardan irəli gələn davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi hərəkət və hissiyyat pozuntularının təzahüretmə dərəcəsinin nəzərə alınması ilə, hərəkət funksiyası pozuntusunun təzahüretmə dərəcəsinin qiymətləndirilməsinə (sadə və mürəkkəb hərəkətləri icra etmək qabiliyyəti) əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.

6.1. Başın travmaları S02- S09 Qiymətləndirmə 6.1.1. ümumi beynin mülayim 40-60 1 il pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası

32. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnozlardan “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdləri depressiv daxilolmalar F07.0” və “S06.0 – Baş beynin silkələnməsi, Baş beynin silkələnməsi, Posttravmatik ensefalopatiya” xəstəlikləri iddiaçıya əlillik təyinatına əsas verən həcmdə olmuşdur.

33. Belə ki, F07.0 XBT kodlu xəstəlik iddiaçıda orqanizminin funksiyalarının 35-60% aralığında pozulmasına görə 2 il müddətinə, S06.0 kodlu xəstəlik isə orqanizminin funksiyalarının 40-60% aralığında pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

34. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 650 nömrəli qərarda “Sol diz oynağı nahiyəsinin yumşaq toxumalarının travmatik əziyi, orta dərəcəli qapalı kəllə beyin travması” diaqnozunun səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik iddiaçının əlilliyinin səbəb əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar...

36. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

37. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

38. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur.

39. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin müəyyən olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar