Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2243/2021 24.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh1nə qarşı “dövlət qulluqçusu kimi ümumi qaydada hesablanmış aylıq pensiyanın altı misli məbləğində birdəfəlik haqqın ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətdə -iddiaçı) 21.05.2004-cü il tarixdə 3 ay sınaq müddəti olmaqla Xanlar Rayon İcra hakimiyyəti başçısı aparatının Aqrar məsələlər üzrə şöbəsinin böyük aqronomu vəzifəsinə təyin edilmiş, 14.04.2006-cı il tarixdən tutduğu vəzifədən azad edilərək İcra Hakimiyyəti başçısının Aparatının qəbul otağının müdiri vəzifəsinə təyin edilmiş, 10.04.2007-ci ildə Dövlət qulluğu inzibati vəzifələrin doqquzuncu təsnifatı üzrə 3cü dərəcə dövlət qulluqçusu ixtisası dərəcəsi verilmişdir. 14.08.2012-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.3-cü maddəsinə əsasən dövlət qulluğuna xitam verilmiş, həmin tarixdən sözügedən Qanunun 29.2-ci maddəsinin 2-ci hissəsinə əsasən yeni yaradılmış Cavabdeh1 başçısının köməkçisi vəzifəsinə keçirilmişdir. 30.01.2014-cü il tarixdə dövlət qulluğunun inzibati vəzifələrinin 7-ci təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 25.12.2015-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. İddiaçıya 21.11.2008-ci il tarixdə yaşa görə pensiya təyin edilmişdir. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2-ci maddəsinə əsaslanaraq aylıq pensiyasının altı misli məbləğində birdəfəlik haqq ödənilməsi ilə bağlı Cavabdeh1nə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə göndərilən 29.09.2021-ci il tarixli, H- 741/03 nömrəli imtina məktubunda ümumi qaydada hesablanmış aylıq pensiyanın altı misli məbləğində birdəfəlik haqqın ödənilməməsinin səbəblərinin onlara məlum olmadığı bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı 19.10.2021-ci il tarixdə iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək dövlət qulluqçusu kimi ümumi qaydada hesablanmış aylıq pensiyanın altı misli məbləğində birdəfəlik haqqın ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu olduğu üçün öz ərizəsi ilə işdən azad edilərkən ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə uyğun olaraq ümumi qaydada hesablanmış aylıq pensiyasının altı misli məbləğində birdəfəlik haqq ödənilməlidir. İddiaya yazılı münasibət bildirən cavabdeh orqan bildirmişdir ki, iddiaçı 10.10.2012ci il tarixdə dövlət qulluğunda olmasının yaş həddinə çatdığına görə dövlət qulluğunda olma müddəti hər dəfə 1 ildən çox olmayaraq 2015-ci ilədək uzadılmış, 25.12.2015-ci il tarixdə isə öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. İddiaçının istinad elədiyi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində (Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir) iki əsas şərt göstərilmişdir: - Dövlət qulluqçusunun pensiya yaşına çatması; - Öz arzusu ilə dövlət qulluğundan çıxması. Həmin maddə dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. ”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. İşin faktiki hallarından isə görünür ki, İddiaçı işlədiyi müddət ərzində 2008-ci il tarixdən yaşa görə pensiya almışdır. Daha sonra dövlət qulluqçusunun dövlət qulluğunda olmasının 65 yaş həddinə çatmış və öz arzusu ilə dövlət qulluğundan çıxmamışdır. Əksinə dövlət qulluğunda olma müddəti hər dəfə 1 ildən çox olmayaraq 2015-ci ilədək uzadılmışdır. Bu səbəbdən də İddiaçı dövlət qulluğuna xitam verilərkən “Dövlət qulluğu haqqında“ Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi şamil edilməmişdir. 03.11.2021-ci il tarixli, 2-1(114)-2243/2021 nömrəli Qərardad ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin ksero surəti, cavabdehin 25.12.20150-ci il tarixli 239 nömrəli Əmri, cavabdehin iddiaçıya ünvanladığı **********-ci il tarixli H-741/03 nömrəli məktubu, cavabdehin məhkəməyə ünvanladığı 25.11.2021-ci il tarixli etiraz, məhkəməni sorğusu əsasında alınan iddiaçının pensiya işinə dair sənədlərin təsdiqlənmiş kserosurəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti etibarilə əsaslı deyil. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. (06.03.2018-ci il tarixədək olan dəyişikliklərə qədər qüvvədə olan redaksiyası) Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; ... 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. Maddə 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, özləri və ailələri üçün layiqli yaşayış səviyyəsinin təmin edilməsi prinsipini əks etdirən müddəalar “Dövlət qulluğu haqqında” Qanunun 19, 21-24, 33-cü və s. maddələrində nəzərdə tutulmuşdur. Bura dövlət qulluqçusunun dövlət məvacibi almaq hüququnu, pensiya təminatını, mükafatlandırılmasını, qanunla müəyyən edilmiş hallarda birdəfəlik haqqın verilməsini və s. aid etmək olar. Həmin Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik haqqın verilməsi də pensiyaya çıxan dövlət qulluqçusunun sosial vəziyyətinin yaxşılaşdırılmasına və layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır və işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 8 dekabr tarixli Qərarında qeyd etmişdir ki, bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. X4 xüsusilə vurğulamışdır ki, qanunverici bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması. Qanunun tələbindən göründüyü kimi, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq o halda verilir ki, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxmış olsun. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı 2015-ci ildə pensiya yaşına çatması əsası ilə deyil, öz arzusu ilə işdən çıxmışdır. Buna qədər isə o, pensiya yaşına çatmış, 21.11.2008-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmiş, həmin vaxt isə iddiaçının dövlət qulluğunda olan xidmət illəri 4 il olmuşdur. İşdəki pensiya işinin materiallarından məlum olur ki, o, 25.12.2015-ci ildə tarixdən pensiyasını dövlət qulluğuna görə dəyişdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının pensiya yaşına çatması ilə əlaqədar pensiya hüququ 21.11.2008-ci il tarixdən yarandığından, həmin vaxtdan ona yaşa görə əmək pensiyası təyin olunduğundan aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilməsi üçün əsas yoxdur. Ona görə ki, qeyd olunan maddənin birinci şərti, yəni dövlət qulluqçusunun pensiya yaşına çatması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsi şərti mövcud deyildir. Göründüyü kimi, iddiaçı müvafiq qanuna uyğun olaraq pensiya hüququna sahib olsa da onun işdən azad olma barədə ərizə verməsi ona ümumi qaydada hesablanmış aylıq pensiyanın altı misli məbləğində birdəfəlik haqq verilməsi üçün kifayət deyildir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə cavabdehin imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh1nə qarşı “dövlət qulluqçusu kimi aylıq pensiyanın altı misli məbləğində birdəfəlik haqqın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2243/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2243/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver