Məhkəmə qərarları › İş №2-1(114)-2244/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2244/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2244/2022 18.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində qeydə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu Alabaşlı qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindəki qeydə düzəliş edərək, onun 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı qərarı ilə ona şəhid ailəsi olduğuna görə 0,13 ha torpaq sahəsi verilmişdir. Hər bir şəhid ailəsinə, o cümlədən ona siyahı üzrə 0,12 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Lakin torpaq sahələri bölündükdən sonra 0,01 ha torpaq sahəsi artıq qaldığına görə o iddiaçıya güzəşt edilmiş və beləliklə ona 0,13 ha torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə torpaq sahəsinin ölçüsü səhvən 0,03 ha göstərilmişdir. O şəhadətnaməni aldıqdan sonra bunu görmüş və Torpaq Şöbəsinə müraciət etmişdir. Ona şəhadətnamə yazılarkən mexaniki səhv olduğu bildirilmişdir. Həmin vaxt Torpaq Şöbəsinin müdiri olan Fazil Tağıyev şəhadətnamə yazılarkən mexaniki səhv baş verdiyindən 4-cü vərəqdə “0,13 ha oxunsun” qeydini yazmışdır. 2022-ci ilin iyun ayında o torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, çıxarış aldıqda onun 0,03 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alındığını görmüşdür. Bununla bağlı qeyddə düzəliş edilərək 0,13 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-037B saylı şəhadətnamədə torpaq sahəsinin ölçüsünün 0.03 ha göstərildiyi halda sonradan düzəliş edilərək 0.13 ha kimi göstərilməsinin heç bir hüquqi əsasının olmadığı və Ərazi İdarəsinə təhvil verilmiş elektron xəritə məlumatlarında qeyd olunan şəhadətnamə əsasında mülkiyyətə verilən torpaq sahəsinin 0.03 ha olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, Alabaşlı qəsəbəsində 0.03 ha torpaq sahəsi 1/3 hissə paylarla İddiaçı, X4 və X2 adlarına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş JN-037B, Kod 50703028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı qərarına əsasən 0.03 ha torpaq sahəsi İddiaçı və ailə üzvləri X4, X2 mülkiyyətinə verilmişdir. Bundan əlavə dövlət aktının 4-cü səhifəsində əl yazısı ilə “0.13 ha oxunsun” qeydi yazılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********09 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıların ərizəsinin icrasından imtina edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********20 nömrəli məktubuna surəti əlavə edilmiş Samux rayonu Alabaşlı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, 37-ci sırada qeyd olunmuş İddiaçı və ailə üzvləri X4, X2 “qanuni istifadəsində olan həyətyanı sahə qrafasında” 0.12 ha qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından qismən əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-037B, Kod 50703028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktı tərtib edilmiş və həmin sənəddə əl yazısı ilə “0.13 ha oxunsun” qeydi yazılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Lakin bu zaman həmin torpaq sahəsinin ölçüsünün dövlət reyestrində “0.03” ha kimi qeyd edildiyi məlum olmuşdur. İddiaçı ona və ailə üzvlərinə Aqrar İslahat Komissiyasının sözügedən qərarı ilə 0.13 ha torpaq sahəsi verildiyini və mexaniki səhv olaraq dövlət aktında torpaq sahəsinin ölçüsünün “0.03” ha kimi qeyd edildiyini iddia edir. Buna görə də dövlət reyestrindəki qeyddə torpaq sahəsinin ölçüsünü “0.13” ha kimi qeyd edilməsini tələb etmiş, cavabdeh orqan isə Ərazi İdarəsinə təhvil verilmiş elektron xəritə məlumatlarında qeyd olunan şəhadətnamə əsasında mülkiyyətə verilən torpaq sahəsinin 0.03 ha olduğu müəyyən edildiyindən bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. İş materiallarına əlavə edilmiş Samux rayonu Alabaşlı kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, 37-ci sırada qeyd olunmuş İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydə torpaq sahəsinin ölçüsünə “0.13 ha” kimi düzəliş edilməsini tələb etsə də yuxarıda qeyd edilmiş ilkin siyahıda iddiaçı və ailə üzvlərinə ayrılan torpaq sahəsinin ölçüsü 0.12 ha olduğu qeyd edilmişdir. Beləliklə iddiaçı və onun ailə üzvlərinə Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı qərarına əsasən 0.13 ha torpaq sahəsi verilməsi hər hansı bir sübutla öz təsdiqini tamadığından məhkəmə tələbi həmin hissədə qismən əsassız hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:- -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın imtinasını qismən əsassız hesab edir. Belə ki, cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edərəkən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən əlavə digər ilkin sənədlərin uyğunluğunu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq araşdırmalı olduğu halda bunu etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində «torpaq sahəsinin (ölçüsü, hektarla)» 0.12 ha kimi düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeyddə «torpaq sahəsinin (ölçüsü, hektarla)» 0.12 ha kimi düzəliş edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar