Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2245/2022 24.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil Tofiq oğlunun, Cavabdeh1 nümayəndələri X4 və X7 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Vəkil cavabdehlər Cavabdeh1nə və Azərbaycan X1rşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayon keçmiş Nizami adına X8 xx.xx.1993-cü il tarixli X9 qərarı ilə Dörd Yol adlanan yerin Tərtər istiqamətindəki küncündə əkin üçün istifadə edilməyən 0.03 ha torpaq sahəsində, Cavabdeh1 Başçısnın xx.xx.2001-ci il tarixli qərarı ilə sənədləşdirilməsinə icazə verilmiş, Tərtər rayonunun Baş Memarı tərəfindən razılaşdırılmış, xx.xx.2009-cu ildə istismara qəbul edilmiş, X3 kənarında yerləşən, xx.xx.2021-ci il tarixdə sökülən və sahəsi 218.04 kv.m olan ticarət obyektinin real bazar dəyərini təşkil edən 350.000 manat maddi və 250.000 manat mənəvi zərərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayon keçmiş Nizami adına X8 xx.xx.1993cü il tarixli X9 Qərarı ilə Dörd Yol adlanan yerin Tərtər istiqamətindəki küncündə əkin üçün istifadə edilməyən 0.03 ha torpaq sahəsində, Cavabdeh1 Başçısının xx.xx.2001-ci il tarixli Qərarı ilə sənədləşdirilməsinə icazə verilmiş, Tərtər Rayonunun Baş Memarı tərəfindən razılaşdırılmış, xx.xx.2009-cu ildə istismara qəbul edilmiş, X3 kənarında yerləşən, xx.xx.2021-ci il tarixdə sökülən və sahəsi 218.04 kv.m olan ticarət obyekti ona məxsusdur və təxminən 1993-cü ildən orada ticarət fəaliyyət göstərmişdir. Sözügedən ticarət obyektinin iddiyaçıya məxsus olması faktı Tərtər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir. 2021-ci ilin sentyabr ayında Azər Avtoyol İdarəsinin əməkdaşları əraziyə gələrək ölçmə-biçmə işləri aparmış və ona Tərtər Rayon İсrа Hakimiyyəti tərəfindən kompensasiya veriləcəyi bildirilmişdir. Bundan sonra Tərtər RPŞ-nin əməkdaşlarının nəzarəti ilə Cavabdeh1 rəhbərliyi ilə obyekti sökülmüşdür. Bununla da ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. İddiaçı ziyanın ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin tikinti zolağına düşən obyektlər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmədiyinə görə ona kompensasiya ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində prosessual statusuna xitam verilmişdir. İddiaçının vəkili Vəkil Tofiq oğlu iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X12 iddianı qəbul etməyərək bildirmişdir ki, qeyd olunan tikili mülkiyyətdə olmadığına görə iddiaçıya kompensasiya ödənilə bilməz. Həmçinin tikili digər tikililər kimi iddiaçının iştirakı ilə sökülmüşdür. Cavabdeh1 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Rayon İcra Hakimiyyətinə göndərilən xx.xx.2021-ci il tarixli, 3/16-3056 nömrəli məktubda sözügedən avtomobil yolunun tikinti və təhkim zolağında qeyri-qanuni tikilmiş və quraşdırılmış müxtəlif təyinatlı obyektlərin sökülüb ərazinin boşaldılması xahiş olunmuşdur. Qeyd olunan məktubu və qanunvericiliyi əsas kimi götürən Rayon İcra Hakimiyyəti tərəfindən yol kənarında qeyri-qanuni tikilmiş obyektlərin sahibləri ilə dəfələrlə fərdi söhbətlər aparılmış, işin mahiyyəti onlara izah edilmiş, qanunsuz tikililərin sökülməsi barədə onlara xəbərdarlıq edilmişdir. Bunun müqabilində onlara yaşadıqları kəndin daxilində həmin ölçüdə torpaq sahəsinin ayrılması təklif olunmuşdur. Həmçinin onlara bildirilmişdir ki, mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına alınmamış hər hansı bir obyekt üçün dövlət tərəfindən kompensasiya ödənilməsi nəzərdə tulmamışdır. Bununla bağlı bildiririk ki, Bərdə-Ağdam Dövlət əhəmiyyətli avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsinin kənarında 150-yə yaxın obyekt sökülmüş, obyektlərə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışları olmadığı üçün heç kəsə kompensasiya ödənilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 2(061)-1553/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Tərtər rayon keçmiş Nizami adına X8 xx.xx.1993-cü il tarixli X9 Qərarı ilə Dörd Yol adlanan yerin Tərtər istiqamətindəki küncündə əkin üçün istifadə edilməyən 0.03 ha torpaq sahəsində, Cavabdeh1 Başçısının xx.xx.2001-ci il tarixli Qərarı ilə sənədləşdirilməsinə icazə verilmiş, Tərtər Rayonunun Baş Memarı tərəfindən razılaşdırılmış, xx.xx.2009-cu ildə istismara qəbul edilmiş, X3 kənarında yerləşən, xx.xx.2021-ci il tarixdə sökülən və sahəsi 218.04 kv.m olan ticarət obyektinin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş Cavabdeh1 başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 1135 nömrəli məktubundan görünür ki, Bərdə-Ağdam avtomobil yolunun çəkilişində yolun çəkilməsinə mane olan ticarət obyektləri vətəndaşların özlərinin iştirakı ilə sökülmüşdür. Bununla yanaşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları mövcud qaydalara uyğun olaraq cəlb edilmiş qiymətləndirmə şirkətinin mütəxəssisləri ilə birlikdə siyahıyaalma işləri aparmış və nəticədə müəyyən olunmuşdur ki, sözügedən layihə çərçivəsində yolun Tərtər rayonunun inzibati ərazisindən keçən hissəsində tikinti zolağına düşən və vətəndaşların istifadəsində olan çox sayda obyektlər Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçmədiyi üçün həmin vətəndaşlara kompensasiyaların ödənilməsi mümkün olmamışdır. -surəti işə əlavə edilmiş Tərtər Rayon Dövlət Arxivinin 234 saylı, 28 iyul 2009-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı Nizami adına X8 15 yanvar 1993-cü il tarixli X9 qərarı ilə Dörd Yol adlanan yerin Tərtər istiqamətində mağaza tikintisi üçün 0.03 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” xx.xx.2009-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı Tərtər Rayon Azadqaraqoyunlu Kəndi ərazisində, Dörd Yol adlanan ərazidə ona verilmiş 0.03 ha torpaq sahəsində tikinti sahəsi 218.04 olan birmərtəbəli Ticart Obyekti istismara qəbul edilmiş, antiseysmik tədbirlər yerinə yetirilmiş, tikinti-sanitariya və yanğından mühafizə qaydalarına əməl edilmişdir. Akt Cavabdeh1 Başçısının Memarlıq və Tikinti Şöbəsinin və qeyri idarələrin möhürü ilə təsdiqlənmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1993-cü il tarixli X2 Pasportundan görünür ki, İddiaçı məxsus Tərtər Rayon Azadqaraqoyunlu Kəndi ərazisində inşa etdirdiyi tikinti obyektinin texniki sənədləri hazırlanmışdır. -"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 216/Mİ/22 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Tərtər rayonu, X3 sağ tərəfi ünvanında olan İddiaçı məxsus 0.03 ha torpaq sahəsində sökülmüş 218.04 kv.m qeyri-yaşayış binasının bərpa dəyəri 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Tərtər rayon keçmiş Nizami adına X8 xx.xx.1993-cü il tarixli X9 Qərarı ilə Dörd Yol adlanan yerin Tərtər istiqamətindəki küncündə əkin üçün istifadə edilməyən 0.03 ha torpaq sahəsi mağaza tikilməyi üçün verilmiş və həmin torpaq sahəsində tikilmiş 218.04 kv.m olan ticarət obyektinin Cavabdeh1 Başçısının xx.xx.2001-ci il tarixli Qərarı ilə sənədləşdirilməsinə icazə verilmişdir. Sözügedən ticarət obyektinin iddiaçıya məxsus olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Ticarət obyekti xx.xx.2021-ci il tarixdə Bərdə-Ağdam Dövlət əhəmiyyətli avtomobil yolunun çəkilməsi işləri ilə əlaqədar sökülmüşdür. Nəticədə o, mülkiyyətindən məhrum olmuş və zərərə məruz qalmışdır. İddiaçı ona vurulmuş maddi ziyanı 350.000 (üç yüz əlli min) manat, mənəvi ziyanı isə 250.000 (iki yüz əlli min) manat dəyərində qiymətləndirərək həmin pulun cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə bununla bağlı qeyd edilməsini zəruri hesab edir ki, şəhər və yaxud rayon ərazisində aparılan abadlaşdırılma, yenidənqurma tədbirləri müvafiq şəhər və yaxud rayon icra hakimiyyətinin sərəncamı və ya göstərişi əsasında aparılır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən Cavabdeh1 müvafiq ərazidə mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməyə borclu olan əsas icra hakimiyyət orqanıdır. İş materialları ilə iddiaçıya məxsus ticarət obyektinin söküntü anına qədər mövcudluğu, eləcə də hazırda sökülmüş olması halı öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -1.1.6-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün kompensasiya dedikdə bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər ( maddə 1097.3). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 1113.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinin tələbinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının mülkiyyət hüququna onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Məhkəmə cavabdehin etirazına münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh1 tərəfindən sökülmüş qeyri-yaşayış sahəsinə görə kompensasiya ödənilməməsi iddiaçının konstitusion hüquqlarını pozmaqla Azərbaycan Respublikası İnzibati İcraat Haqqında Qanunun 12-ci maddəsinə də ziddir. Belə ki, iddiaçı qanuni mülkiyyətində olmuş torpaq sahəsində inşa etdiyi qanunsuz tikililər üzərindəki mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, həmin əmlak iddiaçının qanuni əsaslarla sahibliyində və istifadəsində olmuşdur. İddiaçı həmin tikililərdən istifadə etməklə faktiki mülkiyyəti kimi davranmışdır. Belə ki, bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, iddiaçı qanuni mülkiyyətinə verilmiş torpaq sahəsində inşa etdiyi qanunsuz tikililərin iddiaçının mülkiyyəti kimi qəbul edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasmın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafıq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Həmin maddədə göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir.Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir.Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfındən şəxsin müvafıq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. «Van Marle və başqaları Niderlanda qarşı» iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X10rşı» qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqları da, «mülkiyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunla tərəfındən həmin marağın mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır.Həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, şəhərin planlaşdırılması qaydalarının pozulması və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Ərizəçinin tikidiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Həmin qərarda həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Daha sonra, Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafıq qeydiyyata alınmamasını onun mülkiyyətçi kimi tanınması üçün maneə hesab etməmişdir. «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında isə göstərilmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüquq olaraq qalardı. «Akverdiyev Azərbaycana qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında isə vurğulanmışdır ki, əmlaka sahib olmaq "mövcud əmlakın sahibliyi" ilə məhdudlaşmır. O, həmçinin aktivləri, və ərizəçinin mülkiyyət hüququndan effektiv istifadə edə biləcəyinə dair ağlabatan və "legitim gözləntinin" olmasını iddia edə biləcək tələbləri də ahatə edir. Gözlənti o zaman legitimdir ki, o, qanunvericiliyin müddəası və ya sözü gedən əmlak maraqlarına toxunan hüquqi akt əsasında yaranmış olsun. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçının qanuni mülkiyyətində olan qeyri-yaşayış sahəsi dövlət ehtiyacları üçün sökülsə də, cavabdeh tərəfindən iddiaçıya müvafiq həcmdə kompensasiya ödənilməmişdir. Göründüyü kimi iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuşdur. Bu fakt isə özlüyündə cavabdeh orqanın imtinasının əsassız olduğunu deməyə əsas verir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı sökülmüş əmlakına görə ona vurulmuş real zərəri 350.000 manat həddində hesab etmişdir. İddiaçıya məxsus ticarət obyektinin bərpa olunmasına tələb olunan xərcin müəyyən olunması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və xx.xx.2022-ci il tarixli, 216/Mİ/22 nömrəli mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus sökülmüş 218.04 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsinə tələb olunan xərc 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat müəyyən edilmişdir. Göründüyü kimi sökülmüş tikili üçün iddiaçı tərəfindən tələb edilən məbləğlə mütəxəssis tərəfindən müəyyən olunmuş məbləğ eynilik təşkil etmir, bu səbəbdən də məhkəmə tələbin maddi ziyanla bağlı 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat həcmində təmin olunmasını məqsədəmüvafiq hesab edir. Həmçinin iddiaçı dəymiş mənəvi zərərin əvəzi kimi 250.000 (iki yüz əlli min) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməli olduğunu iddia edir. Qeyd edilməlidir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən müdaxilə nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Bu baxımdan hazırki iddia üzrə iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, eləcə də özünün hansı mənəvi sarsıntı və iztirablar keçirməsini sübut edə bilmədiyindən məhkəmə tələbi həmin hissədə də əsassız hesab edir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus olmuş əmlakın bərpa edilməsinə tələb olunan 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabına Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 216/Mİ/22 nömrəli qiymətləndirmə hesabatının tərtib edilməsinə görə 500 (beş yüz) manat dəyərində məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdeh1ndən dövlət büdcəsi hesabına 298.300 (iki yüz doxsan səkkiz min üç yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1ndən 500 (beş yüz) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, müxbir hesab AZ03NABZ**********0000002944, kod:805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ******************** saylı hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2245/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2245/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver