Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2245/2023 05.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2 N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2 0135gm nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin 4-cü tabor 10-cu bölük 1-ci taqım komandirinin müavini vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X7 Məhkəməsinin icraatında olan zaman iddiaçı tələbin həcmini artıraraq ona həmçinin maddi və psixoloji ziyana görə təzminatın da ödənilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdə Daşkəsən rayonundan SHXÇDX-nə çağrılmış, həqiqi hərbi xidməti başa vurduqdan sonra, ayrı-ayrı hərbi hissələrdə MAXE, sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 4-cü taborunun 10-cu bölük 1-ci taqımında baş gizir vəzifəsində olmuşdur. Ümumilikdə 16il 6 ay hərbi xidmətdə olmuş, hərbi xidmətdə olduğu müddət ərzində qüsursuz xidmətə görə yuxarı komandanlıq tərəfindən dəfələrlə mükafatlandılmış, 44 günlük Vətən müharibəsi dövründə bir neçə medalla təltif edilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının "Şücaətə görə",xx.xx.2018-ci il tarixdə "Qüsusuz xidmətə görə" 3-cü dərəcəli, xx.xx.2021-ci il tarixdə "Kəlbəcərin azad olunmasına görə", xx.xx.2020-ci il tarixdə "Şuşanın azad olunmasına görə", xx.xx.2021-ci il tarixdə "Vətən müharibəsi iştirakçısı"medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Quru Qoşunları Komadanlığı xx.xx.2022-ci il tarixdə, 0135gm nömrəli əmrlə Azərbaycan Respublikası MN-in "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə əsasən müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 10 gün məzuniyyət verilməklə onu xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyyətin siayhısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xdmətə Çağrış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon böləməsinə göndərilmişdir. Müvafiq olaraq xidmət etdiyi N saylı hərbi hissə komandiri vəzifəsini icra edən R.Əliyev N nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə onu ehtiyata buraxmışdır. Ehtiyata buraxılmağı haqqında həmin əmri xx.xx.2022-ci ildə qeydiyat kitabına imza etməklə almışdır. Aşağıda göstərdiyi səbəb və əsaslara görə 0135gm nömrəli xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsini və MN-in N nömrəli hərbi hissəsinin 4cü taborunun 10-cu bölük 1-ci taqım komadirinin müavini vəzifəsinə bərpa edilməyi vəzifəsinin X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Mübahisələdirilən əmrdən görünür ki, Azərbaycan Respublikasının "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 156-cı maddəsinin "a" bəndinə əsasən xidmət müddəti başa çatdığına görə cavabdeh onu ehitiyata buraxmışdır. Halbuki, iddia ərizəsinə əlavə etdiyi sübutlardan görünür ki, xidmət müddəti qüsursuz olmuş, dəfələrlə medallarla təltif edilmişdir. Əmrlə onun 20 il xidmət müddətinin başa çatmasına imkan verilməmiş və ehtiyata buraxılmışdır. Barəsində verilmiş əmrin məqsədi budur. Qanunvericiliyə görə 20 il xidmət müddəti başa çatdıqdan sonra hərbiçi olaraq təqaüdə çıxa bilərdi. Odur ki, iddiaçı hesab edir ki, onun barəsində verilmiş 0135gm nömrəli xx.xx.2022-ci il tarixli əmr ləğv edilməli və onun əvvəlki vəzifəsinə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmiş, eyni zamanda, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X2 N nömrəli hərbi hissəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə tələb “vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” hissəsində mümkünsüz sayılmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, bağlaşma müqaviləsi üzrə xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli əmri saxtadır, çünki onun ehtiyata buraxılmağı barədə yuxarı komandanlığın əmri xx.xx.2022-ci il tarixdə verilməsinə baxmayaraq N nömrəli hərbi hissə N gün əvvəl əmr vermişdir. Söhbət vərəqəsində öz razılığı ilə ehtiyata buraxılma barədə ifadələri təzyiq altında yazmışdır. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının xidmət müddəti bitdiyinə görə yenidən onunla müqavilə bağlanmamışdır, həmçinin onun özü də ehtiyata buraxılmasına razılıq vermişdir. Həmçinin, N nömrəli hərbi hissənin N nömrəli əmrində texniki səhvə yol verilmişdir, iddiaçının ehtiyata buraxılması barədə əmrin tarixi xx.xx.2022-ci ildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Raportdan görünür ki, İddiaçı xidmət müddəti başa çatdığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin « a » bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdə ehtiyyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. -surəti işə əlavə edilmiş Söhbət vərəqindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin « a » bəndinə müvafiq olaraq (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdə ehtiyyata buraxılmağına heç bir etirazının olmadığını bildirmişdir. -surəti işə əlavə edilmiş Müdafiə Nazirinin müavini-X4 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrindən görünür ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığı üçün) ehtiyata buraxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, Müdafiə Nazirinin müavini- X4 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrinə əsasən iddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığı üçün) ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd olunan əmr qanunsuz olduğundan ləğv edilməli və əvvəlki vəzifəsinə bərpa edilməlidir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Müdafiə Nazirinin müavini-X4 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1:- -1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. -2-ci maddəsinə əsasən hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. -3-cü maddəsinə əsasən hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinəmətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -12-ci bəndində əsasən, həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir: q) gizirlər və miçmanlar üçün — 5 il. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər. -156-cı bəndinin a) yarımbəndinə əsasən, hərbi qulluqçular xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. 38.1-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: 38.1.4. gizirlər və miçmanlar üçün – 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. -41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla). Mübahisələndirilən əmrin məzmunu ilə müəyyən olunur ki, iddiaçı Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə (xidmət müddəti başa çatdığı üçün) əsasən Silahlı Qüvvələrdən ehtiyata ehtiyata buraxılmışdır. Sözügedən əmrin verilməsinə əsas olmuş sənədlərin məzmunu ilə müəyyən olunur ki, iddiaçı xidmət müddəti başa çatdığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin « a » bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdə ehtiyyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, eyni zamanda onunla aparılmış söhbət zamanı həqiqi hərbi xidmətdə ehtiyyata buraxılmağına heç bir etirazının olmadığını bildirmişdir. İddiaçı məhkəmə iclası zamanı söhbət vərəqəsində öz razılığı ilə ehtiyata buraxılma barədə ifadələri təzyiq altında yazdığını bildirsə də, qeyd olunan halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan da məhkəmə iddiaçının qeyd olunan dəlillərini inandırıcı hesab etmir. Bundan əlavə, qeyd edilməlidir ki, hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsini həyata keçirən normaların tələblərindən də göründüyü kimi, bağlaşma müqaviləsi tərəflərin razılığı ilə bağlanılır və müvafiq müddətə uzadılır. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı onunla bağlanmış bağlaşma müqaviləsinin hərbi xidmətdə olmağın son yaş həddi çatanadək uzadılmasını tələb etməkdə haqlı deyil. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən sözügedən əmr verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxılması ilə bağlı şəxsən müraciət etmiş, onun müraciəti yuxarı komandanlıq tərəfindən nəzərə alınmış və müvafiq əmrlə həmin əsasla ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-X4 23 avqust 2022-ci il tarixli 0135gm nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir, əmr qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2245/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2245/2023
05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver