Məhkəmə qərarları › İş №2-1(114)-2246/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2246/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2246/2022 25.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçılar İddiaçı və X1 Cavabdehnə qarşı “iddiaçıların və X2 məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İlham qızı (bundan sonra mətndə iddiaçı) xx.xx.1978-ci il tarixdə Ağdam rayonun Ayaq Qərvənd kəndində anadan olmuş və hal-hazırda Ağdam rayonun Orta Qərvənd kəndində qeydiyyatdadır. X5 iddiaçı ilə xx.xx.2002-ci il tarixdə nikah bağlamış, bu barədə Ağdam rayon qeydiyyat şöbəsində həmin tarixdə 140 nömrə ilə qeydiyyat aparılmışdır. Onların birgə nikahından xx.xx.2003-cü il tarixdə X3, xx.xx.2005-ci il tarixdə X6 adlı övladları doğulmuşdur. İddiaçının həyat yoldaşı X5 xx.xx.2017-ci il tarixli 168 nömrəli kirayə müqaviləsinə əsasən Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin balansında olan ünvan 1 ünvanında yerləşən 49 nömrəli mənzilə, xx.xx.2020-ci il tarixdən isə 30 nömrəli kirayə müqaviləsinə əsasən həmin ünvanın 39 nömrəli xidməti mənzilinə köçürülmüş və hazırda adıçəkilən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı uşaqları ilə birlikdə yemək müavinəti almış, lakin 2018-ci ildə qeydiyyatdan çıxdığı üçün yemək xərci dayandırılmışdır. Bu barədə iddiaçıya Cavabdeh başçısının Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 356 nömrəli arayış təqdim edilmişdir. İddiaçı tərəf ödənilən vahid aylıq müavinətin yenidən bərpa olunmasına köməklik göstərilməsi barədə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət etmiş, həmin müraciətə aidiyyəti üzrə Cavabdehndə (bundan sonra mətndə - cavabdeh) baxılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, 188 nömrəli məktubuna əsasən Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən iddiaçı 2018-ci ildən ailə üzvləri ilə birlikdə Gəncə şəhərinə qeydiyyata düşdüyünə görə nümayəndəlikdən qeydiyyatdan çıxarılmış, müavinəti dayandırılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli Qəhrəmanı ailələri, şəhid ailələri, İ dərəcəQarabağ müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil olunmur. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və Elnar və Rubaya adlı uşaqlarına məcburi köçkünlər üçün dövlət tərəfindən verilən yemək xərcinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı “tələbin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək ona və övladları X6, X1 məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Daha sonra X3 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddiaçı qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Tələb onunla əsaslandırmışdır ki, iddiaçı Ağdam rayonu,Orta Qərvənd kənd sakini X5 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından Elnar və Rubaya adlı övladları olmuşdur. İddiaçı və həyat yoldaşı məcburi köçkün olmuş və hər ikisi və övladları məcburi köçkünlər üçün dövlət tərəfindən verilən yemək xərci müavinəti almışdır. Həyat yoldaşı hərbçi olduğuna görə ona verilən yemək xərci müvinəti əvvəldən dayandırılmış, iddiaçı və 2 nəfər övladı isə 2018- ci il tarixə kimi məcburi köçkünlər üçün dövlət tərəfindən verilən yemək xərci müavinəti almışdır. İddiaçının həyat yoldaşı X5 hərbi qulluqçu kimi 44 günlük Vətən Müharibəsi iştirakçısı olmuş və 2-ci Qarabağ Müharibəsi qazisidir. O, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 18 dekabr tarixli 2352 nömrəli Sərancamı ilə "İgidliyə görə" medalı və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 29 dekabr tarixli 2372 nömrəli Sərancamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Həyat yoldaşı hərbi qulluqçu olduğuna görə ona Gəncə şəhərində xidməti ev verilmiş və bu səbəbdən iddiaçı və uşaqları müvəqqəti olaraq həmin evə qeydiyyata alınmışdır. 2018-ci ildən iddiaçının və uşaqlarının, həyat yoldaşına verilmiş xidməti evə qeydiyyata düşməsi əsas götürülərək onlara məcburi köçkünlər üçün dövlət tərəfindən verilən yemək xərci müavinəti əsassız və qanunsuz olaraq dayandırılmışdır. Məcburi köçkünlər üçün dövlət tərəfindən verilən yemək xərci müavinətinin bərpa olunması ilə əlaqədar olaraq Cavabdehnə müraciət edərkən cavabdeh tərəf 2018-ci ildən ailə üzvləri ilə birlikdə Gəncə şəhərinə qeydiyyata düşməsinə görə nümayəndəlikdən qeydiyyatdan çıxarılması əsas götürlərək müvinətin dayandırıldığı göstərilmişdir. Cavabdeh bu imtinasının əsassızdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Digər iddiaçı X3 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 02/900 nömrəli məktubunda imtina əsaslarını təkrar qeyd etmiş, şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini AA*******, AA1457035, AA0286028, AA3528982 nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, doğum haqqında şəhadətnamələrin surəti, nikah haqqında şəhadətnamənin surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, 188 nömrəli imtinası, xx.xx.2022-ci il tarixli, 02/900 nömrəli məktubu, Gəncə rayonu Mənzil İstismar Hİssəsinin xx.xx.2022-ci il tarixli, 990 nömrəli məktubu, xx.xx.2022-ci il tarixli, 352 nömrəli arayışın surəti, xx.xx.2020-ci il tarixli, 30 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surəti təşkil etmişdir. həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı və övladları 2018-ci ilədək yemək xərci müavinəti almışlar. İddiaçı həyat yoldaşı X5 hərbçi olduğu üçün onunla xx.xx.2017-ci il tarixdə, daha sonra isə xx.xx.2020-ci il tarixdə Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış, həmin müqavilələr əsasında sonuncu və ailə üzvləri əvvəl ünvan 1 ünvanında yerləşən 49 nömrəli mənzilə, xx.xx.2020-ci il tarixdən isə 30 nömrəli kirayə müqaviləsinə əsasən həmin ünvanın 39 nömrəli xidməti mənzilinə köçürülmüşlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1206 nömrəli Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi Nazirlər Kabinetinə həvalə edilmişdir. Qeyd edilən Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasını hazırlamışdır. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. Qeyd olunan Təlimat və Qaydanın tələblərindən göründüyü kimi, məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, eyni zamanda ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə aylıq müavinət verilmir. Bununla belə, Qanunvericilik həmin maddədə istisna halları da nəzərdə tutmuşdur ki, bu hallardan biri xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləridir. Göründüyü kimi, inzibati orqanın hərəkətləri qanunsuz olmuşdur. Bundan əlavə, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, onun tərəfindən təqdim edilən sənədlərə qiymət vermədən faktiki hərəkətlər etməklə, iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı, X1 X2 adları məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı, X1 X2 adları vahid aylıq müavinət alan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar