Məhkəmə qərarları › İş №2-1(114)-2248/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2248/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2248/2022 16.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı "xxxx" İstehsalat Kommersiya MMC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" İstehsalat Kommersiya MMC-nin Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" İstehsalat Kommersiya MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli 66 nömrəli “bağlanmış icarə müqaviləsinin və torpaq sahəsinin verilməsinə dair” sərəncamının ləğv edilməsi və Mənəşli kənd ərazisindən istehsal üçün "xxxx" İstehsalat Kommersiya MMC-yə ayrılmış torpaq sahəsinə istifadə və icarə hüquqlarının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 04 fevral 2004-cü il tarixli sərəncamı ilə "xxxx" istehsalat kommersiya MMC-yə Goranboy rayonu Mənəşli kəndi ərazisində gips daşı çıxarmaq məqsədilə 8 ha torpaq sahəsi 50 il müddətinə icarəyə verilmiş, həmin qərarla əlaqədar 04 fevral 2004-cü il tarixli 1 nömrəli icarə muqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə icarəyə verən uzun müddətə həmin sahəni icarəyə verir, icarəçi isə icarə müqavləsindən irəli gələn öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. 04 fevral 2004-cü il tarixli İcra hakimiyyətinin sərəncamından görünür ki, icarəyə verilmiş həmin torpaq sahəsi üzərində istifadə hüququna dair şəhadətnamənin verilməsi tarixindən həmin sahə üzərində "xxxx" MMC-nin istifadə hüquqları yaranmış və bu hüquqla əlaqədar həmin sahənin istifadəyə yararlı olması üçün müvafiq tədbirləri həyata keçirmiş, təmizlik işləri aparmış və istehsalat üçün lazımi prosedur hərəkətləri yerinə yetirmişdir. Lakin icarəyə verilmiş sahədə ağır yük maşınlarının hərəkət etməsi və yüklərin daşınması üçün lazımi şərait olmadığından və yol çəkilmədiyindən müəyyən müddət ərzində istiehsalat işləri aparılmamış, gips daşlarının çıxarılması və həmin məqsədlə partlayıcı qurğuların işə salınması mümkün olmamış və lazımi şəraitin yaradılmasına qədər müvəqqəti olaraq həmin işlər təxirə salınmışdır. Bununla belə sahədən istifadə qaydalarına əməl olunmuş, sahənin sərhədləri hasarlanmış və digər müvafiq prosedur hərəkətlər aparılmışdır. İcra hakimiyyətinin mübahisə olunan sərəncamından görünür ki, həmin sərəncam ilə uzun müddətə bağlanılmış icarə müqaviləsi və torpaq sahəsinin verilməsinə dair sərəncam İcra hakmiyyətinin öz sərəncamı ilə ləğv olunmuşdur. İddiaçı hesab edir ki, belə bir qərarın verilməsinin əsası olmamış və qanunun tələblərinə uyğun qəbul olunmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmiş, eyni zamanda həmin tarixli qərardadla iddiaçının Cavabdehnə qarşı “Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli 66 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Cavabdeh başçısının 04 fevral 2004-cü il tarixli sərəncamından görünür ki, Mənəşli 3-cü gips yatağından 8 hektar sahənin gips daşının çıxarılması, emalı və satışı üçün 50 il müddətinə "xxxx" istehsalat kommersiya MMC-yə icarəyə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 04 fevral 2004-cü il tarixli 1 nömrəli müqavilədən görünür ki, sözügedən müqavilə Cavabdeh başçısının 04 fevral 2004-cü il tarixli sərəncamına əsasən bağlanılmışdır. -surəti işə əlavə edilmiş Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli 66 nömrəli sərəncamından görünür ki, "xxxx" MMC-yə Mənəşli gips yatağından 5 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısının 30 iyul 2003-cü il tarixli 98 nömrəli sərəncamı, həmin gips yatağından "xxxx" MMC-yə 8 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 4 fevral 2004-cü il tarixli 14 nömrəli sərəncamı, "xxxx" MMC-yə Yuxarı Ağcakənd gips yatağından 10 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 26 avqust 2004-cü il tarixli 115 nömrəli sərəncamının ləğv edilməsi və onlarla bağlanmış icarə müqavilələrinin qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da qismən əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh başçısının 04 fevral 2004-cü il tarixli sərəncamına əsasən Mənəşli 3-cü gips yatağından 8 hektar sahənin gips daşının çıxarılması, emalı və satışı üçün 50 il müddətinə "xxxx" istehsalat kommersiya MMC-yə icarəyə verilməsi qərara alınmış və tərəflər arasında 04 fevral 2004cü il tarixli 1 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli 66 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə 8 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin 4 fevral 2004-cü il tarixli 14 nömrəli sərəncamı ləğv edilmiş, eləcə də onunla bağlanmış icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı qeyd olunan sərəncamın onun hüquqlarına toxunduğunu hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli 66 nömrəli sərəncamın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının:- -25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. -26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. -60-cı maddəsinin 1-ci və 2-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. -61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qeyd edilən maddi hüquq normalarına görə, inzibati orqanın qəbul etdiyi aktı qiymətləndirərkən ilk olaraq onun inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, başqa sözlə inzibati orqanının şəxsin hüququna müdaxiləsinin qanuni olubolmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, inzibati orqan maddi-hüquqi əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Mübahisələndirilən sərəncamın məzmunundan göründüyü kimi sərəncamda konkret əsaslar və səbəb göstərilmədən torpaq sahəsinin iddiaçıya və digər şəxslərə icarəyə verilməsi barədə sərəncamlar ləğv edilmişdir. Halbuki bu hal “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -69.1-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. -69.2-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Göründüyü kimi mübahisələndirilən sərəncam qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olmaqla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli 66 nömrəli sərəncam qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən sərəncamın qismən ləğvi üçün əsas hesab edilir. Məhkəmə tələbin qismən təmin edilməsi hissəsi ilə bağlı qeyd edir ki, mübahisələndirilən sərəncam təkcə iddiaçı ilə bağlı olmamış, digər subyektlərin də maraqlarına toxunmuşdur. Bu səbəbdən də məhkəmə mübahisələndirilən sərəncamın “Mənəşli gips yatağından "xxxx" MMC-yə 8 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 4 fevral 2004-cü il tarixli 14 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində ləğv edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli 66 nömrəli sərəncamı “Mənəşli gips yatağından "xxxx" MMC-yə 8 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 4 fevral 2004-cü il tarixli 14 nömrəli sərəncamın ləğv edilməsi” hissəsində ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar