Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2248/2025 04.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı cavabdehin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 14710.86 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Cavabdeh xx.xx.2022-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.
2. Vergi ödəyicisi olan cavabdeh müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2024-cü il tarixə ümumilikdə 14,866.38 manat, vergilər üzrə 120.00 manat, maliyyə sanksiyaları üzrə 14,741.50 manat, faizlər üzrə 4.88 manat məbləğində borcu yaranmış və həmin borcun 5 gün müddətində ödənilməsi tələbi ilə cavabdehə bildiriş göndərilmişdir.
3. Yaranmış borcun tam şəkildə və vaxtında ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən öhdəliklərin təmini üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli **********4 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında xx.xx.2024-cü il tarixli **********4 nömrəli protokolla Bərdə şəhəri, Bakı küçəsində yerləşən sahibkarlıq subyektində cavabdehə məxsus ümumilikdə 15000 manat dəyərində - 1 mebel dəsti (stol-stul dəsti 12 pr süd rəngli, divan yaşıl rəngli, termo güzgülü, şifoner 3 ədəd qoşa qapalı, yataq üçün kravat) siyahıya alınmışdır.
4. Əmlakın siyahıya alınması həyata keçirilən zaman cavabdeh iltizam verərək, siyahıya alınmış əmlakın həqiqətən ona məxsus olduğunu, əmlakın siyahıya alınması üçün təqdim etdiyini və həmin əmlakın heç bir yüklülüyünün olmadığını öz imzası ilə təsdiq etmişdir.
5. Siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və o, protokolu, müvafiq aktı imzalamışdır.
6. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
7. Cavabdehin borc məbləğindən dövlət büdcəsinə 14.710,86 manat məbləğində borcu qalmışdır. II. Məhkəmədə icraat
8. İddiaçı 11 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 14710.86 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. III.İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
12. Belə ki, Vergi Məcəlləsinə müddəalarına müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının vəzifələrinə aid edildiyindən və cavabdeh vergi ödəyicisi kimi iddiaçı 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olduğundan iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
13. İddia düzgün cavabdehə verilmiş, iddianın ərazi və məhkəmə aidiyyatı düzgün müəyyən edilmişdir. Cavabdeh vergi ödəyicisi kimi qeydiyyatda olduğu Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı orqanın hüquqi ünvanına və cavabdehin iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmiş, həmçinin Elektron məhkəmə informasiya sistemi vasitəsilə Cavabdeh sms-xəbərdarlıq çatdırılmışdır. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
17. İddiaçının nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
18. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş; - 11 saylı Ərazi Vergilər İdarəsinin əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********4 nömrəli qərarı; - Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********4 nömrəli protokol; - Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt; - Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq məktubu; - Cavabdehin şəxsi hesab vərəqəsi; - Elektron məhkəmə informasiya sistemindən çıxarış; - Vergi ödəyicisi haqqında elektron məlumat.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
22. Azərbaycan Respublikası Vergi Məcəlləsinə görə: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 1.40-1-ci bəndinə əsasən, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
23. İş materiallarından müəyyən edildiyi kimi, cavabdehin dövlət büdcəsinə yaranmış borcundan ödənilməmiş 14.710,86 manat borcu qalmış və görülmüş tədbirlərə baxmayaraq həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergilərin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan 14.710,86 manat məbləğində borcun ödənilməsi məqsədilə iddia tələbi təmin edilməli və cavabdehə məxsus ümumilikdə 15000 manat dəyərində - 1 mebel dəsti (stol-stul dəsti 12 pr süd rəngli, divan yaşıl rəngli, termo güzgülü, şifoner 3 ədəd qoşa qapalı, yataq üçün kravat) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsi ilə hərracda satılmalıdır.
24. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 14.710,86 (on dörd min yeddi yüz on manat, səksən altı qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus ümumilikdə 15000 manat dəyərində - 1 mebel dəsti (stol-stul dəsti 12 pr süd rəngli, divan yaşıl rəngli, termo güzgülü, şifoner 3 ədəd qoşa qapalı, yataq üçün kravat) hərrac vasitəsilə satılsın. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva