Məhkəmə qərarları › İş №2-1(114)-225/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-225/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-225/2025 18.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı və üçüncü şəxs şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsi, Göygöl rayonu Quşqara Bələdiyyəsi və X3) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Xanlar rayonu Quşqara bələdiyyəsinin 12 sentyabr 2005-ci il tarixli, 37 saylı qərarına əsasən kənd daxilində ərazisindəki yararsız torpaq sahəsindən yerləşən sahədən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,10 ha torpaq sahəsi İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən 8 nəfər kənd sakininə satılması nəzərdə tutulan torpaq sahəsi 0,10x8 ha olmaqla Quşqara bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir.Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız kənd daxili olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. A seriyalı 401391 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 259 nömrə ilə uçota alınmışdır. xx.xx.2005-ci il tarixli ******* nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Tərtər bələdiyyəsinin hesabına 431860 manat məbləğində ödəniş edilmişdir. Göygöl rayon Dövlət Arxivinin arxiv arayışına əsasən Xanlar rayon Quşqara Bələdiyyəsinin 12 sentyabr 2005-ci il tarixli 37 sayl qərarı ilə vətəndaş İddiaçı fərdi yaşayış evi tikitisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. Qərara əlavə edilmiş siyahıda vətəndaşın adı 2-ci sıra sayında qeydə alınmaqla ayrılan torpaq sahəsi 0.10 ha göstərilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-3124/2023 nömrəli imtina məktubundan görünür ki, ərizəyə əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 37 saylı qərarın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, torpaq sahəsinin bir hissəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü həmçinin, ərizəyə əlavə edilmiş sənədlərdə qeyd olunan torpaq sahəsinin Göygöl rayonu, Quşqara bələdiyyəsinin 37 saylı qərarına əsasən ayrılmasına baxmayaraq, həmin dövrdə torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən Gəncə şəhəri ərazi vahidliyinə düşdüyü aşkar edilmişdir.Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə keçmiş Xanlar rayonu Quşqara Bələdiyyəsinin 12 sentyabr 2005-ci il tarixli 37 saylı qərarı əsasında alqı-satqı yolu ilə Quşqara kəndində fərdi yaşayış evi tikintisi üçün ona satılmış torpaq sahəsinə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin 88 kv.m hissəsinin X2 məxsus çıxarışla üstüstə düşdüyü həmçinin, ərizəyə əlavə edilmiş sənədlərdə qeyd olunan torpaq sahəsinin Göygöl rayonu, Quşqara bələdiyyəsinin 37 saylı qərarına əsasən ayrılmasına baxmayaraq, həmin dövrdə torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən Gəncə şəhəri ərazi vahidliyinə düşdüyü aşkar edilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində torpaq sahəsinə dair X1 adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. Xanlar rayonu Quşqara Bələdiyyəsinin 12 sentyabr 2005-ci il tarixli 37 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A- 401391 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 1000.0 kv.m torpaq sahəsinin, 88.0 kv.m hissəsi **********56 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın AA-529060 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Həmin torpaq sahəsinin 912.0 kv.m hissəsi isə, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarında Kəpəz bələdiyyəsinin mülkiyyətində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olaraq göstərilmişdir. 2.Yuxarıda qeyd olunduğu kimi, həmin torpaq sahəsinin 88.0 kv.m hissəsi **********56 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın AA-529060 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. 3.İddiaçının naturada faktiki istifadə sahəsi olaraq təqdim etdiyi 1000.0 kv.m torpaq sahəsinin 893.0 kv.m hissəsi A-401391 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə, 107.0 kv.m hissəsi isə elektron kadastr bazası materiallarına istinadən **********0414 kadastr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 4.A-401391 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 1000.0 kv.m torpaq sahəsinin, elektron baza materiallarına istinadən, qaz kəmərinin və elektrik xəttinin qorunma zolağına, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonasına düşməsi halı aşkarlanmadı. 5.Yuxarıda qeyd olunduğu kimi, A-401391 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin 88.0 kv.m hissəsi **********56 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın AA-529060 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən X1 mülkiyyətində olan toıpaq sahəsi ilə üst-üstə düşür. Faktiki istifadə sahəsi olaraq naturada təqdim olunan torpaq sahəsinin isə, elektron kadastr bazası materiallarına istinadən, hər-hansı digər fiziki və yaxud hüquqi şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqlarını təsdiq edən Çıxarış sənədlərində qeyd olunan torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkarlanmadı. 6.İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-401391 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 1000.0 kv.m torpaq sahəsinin, 88.0 kv.m hissəsi **********56 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın AA-529060 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. 7.Göygöl (Xanlar) Bələdiyyəsinin 12 sentyabr 2005-ci il tarixli 37 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A- 401391 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 1000.0 kv.m torpaq sahəsi, və eləcə də, faktiki istifadə sahəsi olaraq naturada təqdim olunan 1000.0 kv.m torpaq sahəsi, Xanlar rayonu Quşqara bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2007-ci il tarixli yerquruluşu sxeminə (KOD ********) istinadən, Göygöl rayonu Quşqara bələdiyyəsinin ərazisində deyil, Gəncə şəhər ərazi vahidində yerləşir. Hal-hazırda da, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Gəncə şəhər Kəpəz bələdiyyəsinin ərazisidir. 8.A-401391 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd olunmamışdır. 9.Rəy hazırlanarkən, Xanlar rayonu Quşqara bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2007-ci il tarixli yerquruluşu sxeminə (KOD ********) və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına əsaslanılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quşqara ərazisində 12 sentyabr 2005-ci il tarixli 37 № qərarı ilə ona satılmış və plan ölçü sənədinə əsasən faktiki istifadəsində olan 893 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə iclasına gəlmiş,digərləri məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə iclasında iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Xanlar rayonu Quşqara bələdiyyəsinin 12 sentyabr 2005ci il tarixli, 37 nömrəli qərar ilə bələdiyyə torpağından 0,10 ha torpaq sahəsi iddiaçıya yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqısatqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına ödənişlər edilmişdir.. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan xx.xx.2005-ci il tarixli, 37 saylı qərarın Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmaması, torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi və ərizəyə əlavə edilmiş sənədlərdə qeyd olunan torpaq sahəsinin Göygöl rayonu, Quşqara bələdiyyəsinin 37 saylı qərarına əsasən ayrılmasına baxmayaraq, həmin dövrdə torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən Gəncə şəhəri ərazi vahidliyinə düşməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla kəndin perespektiv inkişafı fonduna aid,mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsini müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyində qeyd edilmiş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-401391 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 1000.0 kv.m torpaq sahəsinin, 88.0 kv.m hissəsi **********56 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın AA-529060 nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quşqara ərazisində 18 sentyabr 2007-ci il tarixli 45 № qərarı ilə ona satılmış, A№-401391 nömrəli plan və ölçü sənədinin hüdudları daxilində yerləşən və faktiki istifadəsində olan 893 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Quşqara ərazisində 12 sentyabr 2005-ci il tarixli 37 № qərarı ilə İddiaçı satılmış, A№- 401391 nömrəli plan və ölçü sənədinin hüdudları daxilində yerləşən və faktiki istifadəsində olan 893 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar