Məhkəmə qərarları › İş №2-1(114)-2252/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2252/2025

29.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2252/2025 29.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2025 Giriş hissəsi Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı (vəkili) Vəkil, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X5, Üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 saylı sərəncamına əsasən, Gəncə şəhəri, Nəriman Nərimanov və Nizami küçələrinin kəsişməsindəki bağın ərazisindən şəhərsalma norma və qaydalarını pozmaqla İddiaçı tərəfindən inşa edilmiş ticarət obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 №-li yaşayış binasının şərq tərəfindən yerləşən 400 kv.m torpaq sahəsində yerləşdirilməsinə) layihələndirilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X19 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-B-1362/8/2024 nömrəli məktubuna əsasən, X19 filialında mühafizə olunan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun xx.xx.2018-ci il tarixli, 06 saylı təhvil-təslim aktına əsasən xx.xx.2013-cü il tarixli, 1859 saylı sərəncam filiala təhvil verilməmiş, lakin filialda mühafizə olunan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun 2013-cü il tarixli sərəncamlarının qeydiyyat kitabında 1859 saylı sərəncam qeyd olunmuşdur. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-A-0108-8/2024 nömrəli “müraciətinizə baxılması barədə” məktuba əsasən, müraciətə torpaq sahəsinə dair torpaq sahəsinin yerini və ölçüsünü göstərən texniki və hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, müraciətə əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 1859 saylı sərəncam 0.04 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır.

2. İddiaçı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli. 1859 saylı sərəncamı ilə istifadəyə verilmiş Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 nömrəli yaşayış binasının şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsinə dair plan ölçü sənədi verilməklə üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhərində aparılan abadlıq işləri ilə əlaqədar onun istifadəsində olan qeyri-yaşayış obyekti sökülmüş və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2013-cü il tarixli, 1859 saylı sərəncamı ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 nömrəli yaşayış binasının şərəq tərəfində yerləşən 400,0 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində istifadə hüququnun dövlət reyesterində qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh 3 saylı ünvan 1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda torpaq sahəsinin yerini və ölçüsünü göstərən texniki və hüquqmüəyyənədici sənədlərin ərizəyə əlavə edilməməsi əsası ilə imtina verilmişdir. O hesab edir ki, imtina əsassız olmaqla onun qanunla qorunan hüquq və mənafeyimə ziddir. Belə ki, torpaq sahəsinin texniki sənədlərinin tərtib edilməsi (X21 və Xəritəçəkmə Komitəsinin rayon şəhər şöbələr) hazırda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən icra olunur. İddiaçı qeyd edir ki, belə olan halda ondan texniki göstəricilərin tələb edilməsi məntiqsizdir və tərəfindən təqdim edilmiş sərəncamla ayrılmış 400,0 kv.m torpaq sahəsinin ölçüləri və koordinatları cavabdeh tərəfindən tərtib edilməli olan sənədlərdir.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2252/2025 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

5. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli, 5-1/2-2062/2024 nömrəli məktuba əsasən, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Gəncə Şəhər İcra Hakimiyyətinin sənədləri idarə arxivində 5 il müvəqqəti mühafizə müddətinə saxlanıldıqdan sonra Milli arxiv fonduna təhvil verilir. Bu səbəbdən, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 nömrəli sərəncamının və onun əsasında verilmiş sənədlərin təqdim edilməsi mümkün olmamışdır.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2-4801/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktuba əsasən, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 nömrəli sərəncamı ilə ayrılmış Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 nömrəli binanın şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsi üzərində istifadə (icarə, mülkiyyət) hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X2 Ərazi İdarəsinə müraciəti olmadığından, sözügedən torpaq sahəsinin mülkiyyət növünə dair arxiv məlumatlarının verilməsi tərəflərindən mümkün olmamışdır.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2-5620/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 329 nömrəli sərəncama əsasən, Gəncə şəhəri, M.Bürcəliyev küçəsində yerləşən 400 kv.m torpaq sahəsində X13 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Gəncə şəhəri, Nizami rayonu, M.Bürcəliyev küçəsində yerləşən **********86-10301 reyestr nömrəli 0.0151 ha-lıq fərdi yaşayış evinin üzərində X7 istifadə hüququ tam mülkiyyət hüququ ilə dövlət mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il tarixli, **********86-10301 reyestr nömrəli texniki pasporta əsasən, Gəncə şəhəri, Nizami rayonu, M.Bürcəliyev küçəsində yerləşən fərdi yaşayış evinin hüquq subyekti X9r. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Gəncə şəhərində yerləşən **********3 reyestr nömrəli 0.043 ha-lıq torpaq sahəsi üzərində X3 tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda bildirilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış, aparılan araşdırma zamanı müraciətə torpaq sahəsinin yerini və ölçüsünü göstərən texniki hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, müraciətə əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 1859 saylı sərəncamının torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ərizənin icrasının mümkün olmaması barədə vətəndaş X4 etibarnamə üzrə nümayəndəsi X12 xx.xx.2024-cü il tarixli, **********34 nömrəli bildiriş göndərilmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı “etiraza dəqiqləşmə barədə” məhkəməyə daxil olmuş və “etiraza dəqiqləşmə barədə”də bildirilmişdir ki, iş üzrə aparılmış araşdırma zamanı torpaq sahəsinə müayinə baxışının keçirilmədiyi məlum olmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə baxış keçirilmiş və müayinə aktı tərtib edilmişdir. Müayinə aktına əsasən, AZCAD və TEKUİS məlumatlarına əsasən, faktiki torpaq sahəsi dövlət mülkiyyətində (məqsədli istifadə növü – yaşayış məntəqələri) olan torpaq sahəsidir. Həmçinin, aparılan araşdırma zamanı faktiki olaraq torpaq sahəsinin 1.2 metr məsafəsindən 6/10 kv-luq yüksək gərginlikli elektrin xəttinin keçdiyi məlum olmuşdur.

10. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, hüquqlarını müdafiə etdiyi iddiaçının tələbinin hüquqi cəhətdən tam əsaslı olduğunu, vəsatətləri əsasında əldə edilmiş müvafiq sənədlərdən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin iddiaçının istinad etdiyi eyni məzmunlu sərəncamları əsasında cavabdeh tərəfindən hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyata alındığını göstərmişdir. Qeyd edilən torpaq sahəsində heç bir tikilinin olmadığını, ərazidə tikinti aparılmasına icazə verilməsi ilə bağlı iddiaçı tərəfindən müvafiq müraciət ediyini, lakin icazə verilmədiyi bildirmişdir. Bütün bunların nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak etmək cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqanının imtinasının hüquqi cəhətdən tam əsaslı olduğunu, tərəflərinən iddiaçının hüquqlarının pozulmadığını və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək, torpaq sahəsi üzərində hər hansı tikili olacağı təqdirdə həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı tədbir görə biləcəklərini qeyd etmiş, hazırki iddiaya etiraz etdiyini göstərmişdir.

13. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

14. İddiaçının hazırlıq icraatı üzrə məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırıcı hissə:

15. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

19. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

20. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir.

21. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

24. İddiaçının istinad etdiyi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 nömrəli sərəncam mübahisələndirilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Belə ki, bu sənəd nə həmin torpağın icarəyə, nə istifadəyə verilməsi ilə bağlı olmamışdır. Bundan başqa, həmin sərəncama torpaq sahəsinin yerləşmə yerini, koordinatlarını əks etdirən hər hansı bir sənəd əlavə edilməmişdir.

25. Göründüyü kimi mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.

26. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir.

27. Başqa sözlə, 400 kv.m ölçüdə torpaq sahəsinin iddiaçıya verilməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur.

28. Beləliklə də, mübahisəli torpaq sahəsinin hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hazırda da qeyd edilən torpaq sahəsinin qeydiyyata alınmasını ləğvini xahiş etsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir.

29. Həmçinin məhkəmə bildirir ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

30. Hazırkı iş üzrə iddiaçı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 nömrəli sərəncamına istinad edərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 nömrəli yaşayış binasının şərq tərəfində yerləşən 400 kv.m torpaq sahəsinə dair plan və ölçü sənədi verilməklə üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir.

31. Bununla bağlı məhkəmə qeyd edir ki, Yerli icra hakimiyyəti orqanın sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən hüquqların qeydə alınması əsaslarından biri kimi nəzərdə tutulmamışdır. Başqa sözlə sərəncam tikintilayihələşmə sahəsində müvafiq yerli icra hakimiyyəti orqanın icazəsini əks etdirir, bu isə həmin sənədə əsasən torpaq sahəsi üzərində şəxsin hər hansı hüququnun yaranmasına əsas deyildir.

32. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-3125/2023 nömrəli qərarında oxşar mövqe əks etdirilmişdir.

33. İddiaçının nümayəndəsi (vəkili) tərəfindən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının oxşar məzmunlu sərəncamı əsasında X8, X1 Tərlan Şahin oğluna torpaq sahəsindən istifadə və ya mülkiyyət hüquqularının cavabdeh tərəfindən qeydiyyata alınmasını nəzərə alaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipinə istinad edərək iddianın təmin edilməsi xahiş edilmişdir.

34. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə sorğusu əsasında əldə edilmiş sənədlərdən yuxarıda adları göstərilən şəxslərə dair iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş torpaq sahəsi ilə bağlı hüquqların qeydiyyata alınması barədə sənədlərdən yanlız X7 adına xx.xx.2025-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın iddiaçının özünün hüququnun qeydiyyata alınması üçün istinad etdiyi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 1859 saylı sərəncamı ilə eyni məzmunlu həmin icra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 329 nömrəli sərəncamı əsasında daşınmaz əmlakın reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

36. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur.

37. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən “Etimadın qorunması prinsipi mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.”

38. Sözügedən sərəncamda Gəncə şəhəri, Nəriman Nərimanov və Nizami küçələrinin kəsişməsindəki bağın ərazisindən şəhərsalma norma və qaydalarını pozmaqla İddiaçı tərəfindən inşa edilmiş ticarət obyektinin ərazidə aparılan abadlıq işləri ilə əlaqədar Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 37 №-li yaşayış binasının şərq tərəfindən yerləşən 400 kv.m torpaq sahəsində yerləşdirilməsinə) layihələndirilməsinə icazə verilməsi, sərəncamın inşaat pasportu ilə birlikdə yanlız layihələndirilmə üçün əsas olduğu, layihələndirilmə başa çatdıqdan sonra müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyatı üzrə müraciət olunmalı olduğu qeyd edilmişdir.

39. Sərəncamın məzmunundan da göründüyü kimi sərəncamda torpaq sahəsinin ayrılmasına dair heç bir fikir ifadə edilməmişdir. Belə olan halda cavabdeh orqan tərəfindən eyni məzmunlu sərəncam əsasında X7 adına torpaq sahəsinə dair hüququ qeydiyyata almaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsində təsbit edilmiş qanunçuluq prinsipinin tələblərini pozulmuşdur.

40. Hətta həmin sərəncamda iddiaçıya torpaq sahəsinin ayrılması qeyd olunmuş olacağı təqdirdə belə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipinə istinad edilməsi yolverilməzdir.

41. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarından da göründüyü kimi etimad hüququnun qorunması prinsipinə inzibati orqanın səlahiyyətləri çərçivəsində, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələndikdə tətbiq edilə bilər. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı xx.xx.2013-cü il tarixdə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmək səlahiyyəti mövcud olmamışdır.

42. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanun çərçivəsində qəbul edilmiş inzibati akta istinad edilmədiyində hazırki iş üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipinin tətbiq edilməsi mümkünsüzdür.

43. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.

44. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14) “torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmamalıdır.

45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar