Məhkəmə qərarları › İş №2-1(114)-2255/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2255/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2255/2020 03.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arxiv arayışının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: X2 iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan-Ermənistan müharibəsi dövründə Tovuz rayonunun ərazisində yerləşən 1-ci Ordu Korpusunun tabeliyindəki hərbi hissəyə hərbi xidmətə çağırıldığını və 1992-1995-ci illər ərzində Tovuz rayonu, Əlibəyli kəndi istiqamətində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirakının hərbi hissə komandirlərinin əmrləri əsasında araşdırılması və arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-7186 saylı məktubundan məlum olur ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X3 xidməti barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. Bununla əlaqədar olaraq hazırkı ərizəsində Azərbaycan-Ermənistan müharibəsi dövründə Tovuz rayonunun ərazisində yerləşən 1-ci Ordu Korpusunun tabeliyindəki hərbi hissəyə hərbi xidmətə çağırıldığını və 1992-1995-ci illər ərzində Tovuz rayonu, Əlibəyli kəndi istiqamətində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirakının hərbi hissə komandirlərinin əmrləri əsasında araşdırılması və arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, bununla da cavabdeh inzibati orqanın ehtiyata buraxılması ilə bağlı hərəkətlərini mübahisələndirmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 28 il əvvəl həyata keçirdiyi hərəkətlərini mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Bununla yanaşı müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın baxılması və iddianın mümkün sayılması ilə nəticələnməycək lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3. maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80. maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan- Ermənistan müharibəsi dövründə döyüşlərdə iştirakının hərbi hissə komandirlərinin əmrləri əsasında araşdırılması və arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar