Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2255/2022 29.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı X7 (bundan sonra mətndə iddiaçı) xx.xx.1961-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.1979-cu il tarixli, 121 nömrəli əmrlə X6 İdarəsinə (Dəyirman) fəhlə qəbul olunmuş, xx.xx.1981-ci il tarixli 112 nömrəli əmrlə məzuniyyətə buraxılmışdır. M.D.Hüseynova adına xalça kombinatının (sonradan X3, X8 MMC) xx.xx.1983-cü il tarixli, 137k nömrəli əmrilə iddiaçı xx.xx.1983-cü il tarixdən işə qəbul olunmuş, xx.xx.2011ci il tarixli, 03K nömrəli əmrilə xx.xx.2008-ci il tarixdən işdən azad edilmişdir. X8 MMC tərəfindən verilmiş arayışa əsasən iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən 2 nömrəli siyahının 32-ci bölməsində qeyd olunan burucu avadanlığının operatoru, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək sarıyıcı avadanlığının operatoru, xx.xx.1990-cı il tarixdən xx.xx.2008-ci il tarixədək əyrici avadanlığının operatoru vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1984-cü il tarixli, 80k nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən xx.xx.1985ci il tarixədək, xx.xx.1987-ci il tarixli, 111k nömrəli əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixli, 79k nömrəli əmrlə xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək analıq məzuniyyətində, Kombinatda xammal olmadığına görə xx.xx.1994xx.xx.1994, xx.xx.1995-xx.xx.1996-cı il və xx.xx.1999-xx.xx.1999-cu illərdə öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1983-cü il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajı 13 il 07 ay 07 gün olmaqla tələb olunan müddətdən (20 ildən) azdır. Eyni zamanda “X8” MMC-də xx.xx.1983xx.xx.2008-ci il tarixləri arasındakı dövr üzrə dəqiqləşdirilməsi ilə bağlı verilmiş sorğuya Dövlət Sosial Müdafiə Fondunun X1 və “X8” MMC tərəfindən tərtib olunaraq birgə təsdiq olunmuş aktda sözügedən müəssisədə saxlanılan iddiaçıya dair əmək haqqı barədə cədvəllərdə 1988-ci il ərzində əmək haqqı barədə məlumat aşkar olunmadığı, 2003-2005ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənişlərin olmadığı və həmin illərdə haqqı ödənilmədən iddiaçının öz hesabına məzuniyyətdə olduğu qeyd edilmişdir. Eyni zamanda, ona 1983-cü ilin son 4 ayı üzrə, 1984-cü ilin yanvar və aprel ayı üzrə, 1985-ci ilin 9 ayı üzrə, 1986-cı ilin son 6 ayı üzrə, 1987-ci ilin 4 ayı üzrə, 1989-cu ilin 3 ayı üzrə, 1990-1993-cü il tarixləri arasındakı dövr üzrə (1990-cı ilin fevral ayı istisna olmaqla), 1994cü ilin 9 ayı üzrə, 1995-ci ilin 7 ayı üzrə, 1996-cı ilin son 6 ayı üzrə və 1997-2002-ci il tarixləri arasındakı dövrlər üzrə (1999-cu ilin ilk 6 ayı istisna olmaqla) əmək haqqı ödənildiyi müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 20 ildən az (13 il 07 ay 07 gün – xx.xx.1983-xx.xx.1984, 1984-cü il üzrə 2 ay, 1985-ci il üzr 9 ay, 1986-cı il üzrə 6 ay, 1987-ci il üzrə 4 ay, 1989-cu il üzrə 3 ay, 1990-cı il üzrə 11 ay, 1991-1993-cü illər, 1994-cü il üzrə 9 ay, 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 6 ay, 1997-1998-ci illər, 1999cu il üzrə 6 ay, 2000-2002-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1979-xx.xx.1991-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla ona güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir İmtinadan görünür ki, iddiaçının əmək kitabçasındakı iş stajı 13 il 07 ay 07 gün olmaqla 20 il iş stajı normasından az olması ilə əlaqələndirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu əsasla imtina etməsi onun hüquqlarını əsassız olaraq məhdudlaşdırır. Belə ki, əmək kitabçasında qeyd edilməsə də, xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddət üçün arxiv arayışı təqdim etməsinə baxmayaraq bu müddət iş stajına daxil edilməmişdir. Bu isə “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələblərinə ziddir. Bundan başqa Xalça Kombinatında 1983-cü ildən 2008-ci ilədək işləmiş və işlədiyi sahələr ağır iş şəraiti hesab edilməklə 10 ildən artıqdır. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 52 yaşı tamam olduğu vaxtdan yaranmışdır. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtinası, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti, X8 MMCnin xx.xx.2018-ci il tarixli, 34v və 34 b nömrəli arayışları, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, ******* nömrəli arxiv arayışı, X8 MMC-nin xx.xx.2018-ci il tarixli, 34 və 34a nömrəli əmək haqqı barədə arayışları, cavabdehin xx.xx.2022-ci il tarixli etirazı, yerində yoxlama aktı və əmək haqqı cədvəlləri barədə tərtib edilmiş aktlar, X8 MMC-nin xx.xx.2022-ci il tarixli, 34b nömrəli arxiv arayışı, əmrlərdən çıxarışlar təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.8 və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi təşkil edir. Ona görə də işin halları bu normaların dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Qeyd olunan normaların tələblərinə əsasən iddiaçıya (50+2) 52 yaşda güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçının əmək kitabçasında göstərilmiş əmək stajı arxiv arayışında qeyd edilən dövr ilə birlikdə 20 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edilmir. İddiaçının əmək fəaliyyətini təsdiq edən sənədlərə görə xalça kombinatında xx.xx.1983-cü il tarixdən burucu avadanlığının operatoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək sarıyıcı avadanlığının operatoru, xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək əyrici avadanlığının operatoru vəzifəsində işləmişdir. qeyd olunan dövlər üzrə iddiaçının 22 il 04 ay 08 gün iş stajı olduğu görünsə də, iddiaçıya xx.xx.1983-xx.xx.1984, 1984-cü il üzrə 2 ay, 1985-ci il üzr 9 ay, 1986-cı il üzrə 6 ay, 1987-ci il üzrə 4 ay, 1989-cu il üzrə 3 ay, 1990-cı il üzrə 11 ay, 1991- 1993-cü illər, 1994-cü il üzrə 9 ay, 1995-ci il üzrə 7 ay, 1996-cı il üzrə 6 ay, 1997-1998-ci illər, 1999-cu il üzrə 6 ay, 2000-2002-ci il tarixləri arasındakı dövrlər üzrə əmək haqqı ödənilmişdir. Nəticədə iddiaçı 13 il 07 ay sosial sığorta stajı toplamışdır ki, həmin müddət cavabdeh qurum tərəfindən mübahisələndirilmir. Bununla yanaşı, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək analıq məzuniyyətində olmuşdur. İddiaçı uşağa qulluq etdiyi xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 09 ay (1984-cü ilin aprel və 1985-ci ilin fevral ayı əmək haqqı aldığı dövr ilə üst-üstə düşür), xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 08 ay 27 gün, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 01 il 03 ay 02 gün (1989-cu ilin avqust və sentyabr ayları əmək haqqı aldığı dövrlə üst-üstə düşür), cəmi 02 il 08 ay 29 gün sosial sığorta stajı toplamışdır. "X8" MMC tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçı xx.xx.1994-xx.xx.1994 (02 ay), xx.xx.1995-xx.xx.1996-cı (09 ay) və xx.xx.1999-xx.xx.1999-cu illərdə (06 ay), ümumilikdə 01 il 05 ay öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmüş Əmək Qanunları Məcəlləsinin Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət Ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Maddə 184. Bir yaş yarıma çatmamış uşağı olan analara əmək haqqı ödənilmədən əlavə məzuniyyət verilməsi Qadına hamiləlik, doğum və uşağa qulluq etmək üçün məzuniyyətlərdən əlavə, onun ərizəsi ilə uşaq bir yaş yarıma çatanadək uşağa qulluq etmək üçün əmək haqqı ödənilmədən əlavə məzuniyyət verilir. Həmin məzuniyyətdən tamamilə və ya uşaq bir yaş yarıma çatanadək istənilən vaxt hissə-hissə istifadə edilə bilər. Qadın uşağa qulluq etmək üçün əlavə məzuniyyətdə olduğu müddətdə öz arzusuna görə tam olmayan iş vaxtı şərtilə və ya evdə işləyə bilər (5, 14). Maddə 185. Qismən ödənilən məzuniyyət və əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddətinin iş stajına daxil edilməsi Uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. Bu məzuniyyət müddətləri sonrakı illik məzuniyyətlər üçün hüquq verən iş stajına daxil edilmir. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, ödənişsiz məzuniyyət dövrü iddiaçının əmək stajına aid edilə bilməz. Beləliklə, iddiaçı yuxarıda qeyd olunan müddətlər nəzərə alınmaqla X5 işlədiyi dövr üzrə (əmək haqqı aldığı 13 il 07 ay 07 gün, uşağa qulluq etdiyi 02 il 08 ay 29 gün, xəstəlik vərəqəsi təqdim etdiyi 06 ay) 16 il 08 ay sosial sığorta stajı toplamışdır. Digər tərəfdən, iddiaçı xx.xx.1979-xx.xx.1991-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddətin də sosial sığorta stajına daxil edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi 01 il 10 ay 22 gün müddətin sosial sığorta stajına daxil edilməsi də mübahisələndirilməli deyil. Lakin həmin müddəti də nəzərə alındıqda belə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 20 il ümumi sosial sığorta stajı tamamlanmadığından, onun hazırkı məzmunda iddiası təmin oluna bilməz. Göründüyü kimi, inzibati orqan haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin etməmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xx.xx.2006-cı il tarixədək 20 il sosial sığorta stajını toplamadığından qanunvericiliyin tələblərinə əsasən, cavabdehin pensiya təyinatından imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının “Naxçıvan taxıl tədarükü” İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2255/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2255/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver