Məhkəmə qərarları › İş №2-1(114)-2257/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2257/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2257/2023 01.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq payının adına keçirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpağın dövlət aktında olan pay torpağının, öz payından əlavə anası rəhmətə gedəndən sonra bir payın onun adına keçirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Samux rayon Aqrar İslahat Komissiyasının qərarı ilə xx.xx.1997-ci il tarixli 18 nömrəli qərarı ilə X7 və ailə üzvləri X6, X5, X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.18 ha torpaq sahəsi verilmiş və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-0047 kod 50704018 nömrəli dövlət aktı tərtib olunmuşdur.

2. İddiaçı Samux rayonu, Əhmədbəyli kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi xx.xx.2023-cü il tarixli müraciətinə baxılmış və xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələbləri baxımından İddiaçı X4 vərəsəsi olması barədə müvafiq sənədin müraciətinə əlavə edilmədiyi müəyyən edildiyindən müraciətin icrası mümkün olmamışdır.

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpağın dövlət aktında olan pay torpağının, öz payından əlavə anası rəhmətə gedəndən sonra bir payın onun adına keçirilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 4 nəfər ailə üzvünə torpaq sahəsi verilmişdir. Atası rəhmətə getmiş, digər 3 ailə üzvü isə sağdır. Anası sağ ikən onun pay torpağının qardaşı ilə onun arasında bölünməsini, yəni rəhmətə gedəndən sonra bir payın qardaşına, bir payın ona verilməsini istəyir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

7. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

8. Məhkəmə mümkünlük iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

9. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

10. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, anası X2. O, həm özünə aid pay torpağını, həm də gələcəkdə qardaşı ilə mübahisə olmaması üçün sağ olan anasının rəhmətə gedəndən sonra payının iki yerə bölünərək bir payının qardaşına, bir payının ona verilməsini istəyir. Cavabdeh orqana da müraciəti bununla bağlı olmuşdur.

11. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

12. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

14. İddia ərizəsinin məzmunu, o cümlədən iddiaçının izahatı və işin faktiki halları ilə müəyyən edilir ki, Torpağa mülkiyyət hüququna dair JN-0047 kod 50704018 nömrəli dövlət aktına əsasən Samux rayon Aqrar İslahat Komissiyasının qərarı ilə xx.xx.1997-ci il tarixli 18 nömrəli qərarı ilə X7 və ailə üzvləri X6, X5, X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.18 ha torpaq sahəsi verilmişdir.

15. İddiaçı tələbində həmin torpaq sahəsinin onun payına verilmiş hissəsinin və anasına aid hissəsinin o, öldükdən sonra bir payının onun adına keçirilməsini xahiş etmişdir. İfadə tərzi düzgün olmasa da, məhkəmə iddiaçının hüquqi marağının ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən ona aid payın və anasına aid payın o, rəhmətə getdikdən sonra yarı hissəsinin onun adına dövlət reyestrində qeydə alınması ilə bağlı olduğunu qeyd edir.

16. Məhkəmə iddiaçının onun payına verilmiş hissəsinin adına keçirilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı öz hüquqi marağına uyğun olaraq ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payların müəyyən edilməsi, torpaq sahəsinin bölünməsi və öz payının ayrılması tələbi ilə ümumi məhkəmədə iddia qaldırmaqla öz məqsədinə çata bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

18. İddiaçının ümumi mülkiyyətdə olan torpaq sahəsinin anasına aid hissəsinin o, öldükdən sonra bir payının onun adına keçirilməsi tələbi isə nəinki inzibati məhkəmə icaatında baxılmalı olmayan, ümumiyyətlə absurd tələbdir. Belə ki, şəxs sağ ikən öz əmlakına öz iradə ifadəsi əsasında sərəncam verir, öldükdən sonra isə onun əmlakının hüquqi müqəddəratı vərəsəlik hüquq münasibətləri çərçivəsində müəyyən olunur.

19. Göründüyü kimi, iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Ona görə də, iddia mümkün sayılmamalıdır.

20. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar