Məhkəmə qərarları › İş №2-1(114)-226/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-226/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-226/2022 05.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (X8) qarşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (X8) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 27.11.2019-cu il tarixli imtinasının qanunsuz sayılmaqla, Ağstafa rayonu, Zəlimxan kəndində yerləşən ümumi mülkiyyətlərində olan 0.0816 ha torpaq sahəsində yerləşən evinin 1/5 hissə ilə hüquqlarının dövlət qeydiyyatına alınıb, üçüncü şəxsin hüququnun açıq saxlanılmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 22.11.2019cu il qeydiyyat tarixli çıxarışa əsasən Ağstafa rayonu, Zəlimxan kəndində yerləşən 0.0816 ha torpaq sahəsi ümumi mülkiyyət hüququ əsasında 1/5 hissə ilə onlara və üçüncü şəxs qismində göstərilən X6 məxsusdur. Həmin torpaq sahəsi üzərində 1980-ci ildə ailələri tərəfindən tikilmiş, ümumi sahəsi 167.5 kv.m olan yaşayış sahəsi və 100 kv.m olan 2 mərtəbəli ev vardır. Həmin ev 1990-cı ilin fevral ayında ataları X3 adına qeydə alınmış və 414 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra 2001-ci ilin noyabr ayında anaları X7 adına Ağstafa rayon DTİ və MHQİ tərəfindən 354 nömrəli texniki pasport verilmişdir. Hazırda valideynlərinin hər ikisi vəfat etmişlər. Atalarının və analarının adına olan hüquqverici sənədlərə dair müsbət məhkəmə qərarları ala bilmədiklərinə görə vərəsəlik qaydasında evlərinin öz adlarına sənədləşdirilməsi mümkün olmamışdır. Mülkün altında olan 0,0816 ha torpaq sahəsinə dair onların adlarına mülkiyyət hüququna dair şəhadətnamə vardır. Həmin şəhadətnamə əsasında onlara məxsus torpaq sahəsinin üzərində yerləşən evlərinin onların adlarına qeydə alınması qanunun tələbinə əsasən mümkündür. Bu məqsədlə onlar 15 saylı Tovuz rayon Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər. Tovuz Ərazi İdarəsi onlara 19.10.2020-ci il tarixli, **********68 nömrəli imtina məktubu vermişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, onların adlarına olan JN-116 F nömrəli şəhadətnaməyə əsasən, fərdi yaşayış evinin üzərində onların paylı mülkiyyət hüquqlarının qeydə alınması mümkündür. Lakin X1 evin beş nəfərin adına 1/5 hissə ilə qeydiyyata alınmasına razılıq verməmiş, yalnız onun adına qeydə alınmasını tələb etdiyinə görə, onların müraciətlərindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuzdur. Çünki, cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsinə əsasən evin altındakı torpaq sahəsinin onların paylı mülkiyyətlərində olmasına dair şəhadətnamə evin qeydiyyata alınması üçün əsasdır. Cavabdehin məktubunun məğzindən görünür ki, bir nəfər payçının razılığının olmaması onların hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Hesab edirlər ki, bu əsasla ərizələrinin təmin edilməməsi qanunaziddir. Çünki, bir nəfərin razılığının olmaması digər dörd nəfərin hüquqlarını məhdudlaşdıra bilməz. Hesab edirlər ki, cavabdeh onların ərizəsini təmin etməklə, onların – dörd nəfərin hüquqlarını qeydə alıb, üçüncü şəxsə aid payı açıq saxlanılmaqla, çıxarış verilə bilərdi. Ona görə də hesab edirlər ki, cavabdehin imtinası qanunsuz sayılmaqla, onun üzərində iddiaçıların paylarına uyğun çıxarış verilməsi öhdəliyi qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəməyə 01.12.2021-ci il tarixli, **********33 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçılar tərəfindən mübahisəli yaşayış evinə aid hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, eyni zamanda torpaq sahəsinin digər mülkiyyətçisi X8 tərəfindən müraciət edilərək sözügedən yaşayış evinin onun tərəfindən inşa edildiyi və onun adına tək mülkiyyətçi kimi qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyat üçün əsas hesab edilən hüquqmüəyyənedici sənəd tam təqdim edilmədiyindən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.11.2018-ci il tarixli, 2(102)-7558/2018 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1216/2018 nömrəli iş üzrə 23.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarının əsaslandırıcı hissəsində qeyd edilir ki, mərhum X3 adına qeydə alınmış mübahisəli ev sökülmüş və yeni 2 mərtəbəli ev inşa edilmişdir. Yeni inşa edilmiş yaşayış evi özbaşına tikili kimi qiymətləndirilmişdir. Digər tikili isə yaşayış evi deyil, yaşayış üçün müvəqqəti yararlı hala salınmış tövlə kimi olması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X8 07 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, atası X9 özünə məxsus Ağstafa rayonunun Zəlimxan kəndində yerləşən yaşayış evini 1982-ci ildə qonşuların yanında evin bünövrəsini onun üçün tökdürdüyünü və imkanı olmadığından tikintini onun davam etdirməyini bildirmişdir. O, həmin ildən başlayaraq ikimərtəbəli ev tikdirmişdir. 1985-ci ildə ailə qurmuşdur və həmin ildən ailəsi ilə birlikdə həmin evdə yaşayır.Evə mülkiyyət hüququna dair sənədi almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin onlar imtina etmişdir. Hal-hazırda Ağstafa rayonunun Zəlimxan kəndində tikdirdiyi yaşayış sahəsi 52,42 kv.m və qeyri-yaşayış sahəsi 207.65 kv.m olan iki mərtəbəli ev onun faktiki sahibliyində və istifadəsindədir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclası 05 may 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə və üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına Ağstafa rayon X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 18.01.2002-ci il tarixli, 14 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 19.10.2020-ci il tarixli, **********68 nömrəli məktubu, “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən 27.11.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti, Ağstafa Rayon Məhkəməsinin 31.07.2009-cu il tarixli, 2(015)-119/2009 nömrəli qətnaməsinin surəti, Gəncə Apellyasiya Məhkəməsinin 03.12.2009-cu il tarixli, 2(104)-1116/2009 nömrəli qətnaməsinin surəti, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Zəlimxan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16.01.2020-ci il tarixli, 2/g nömrəli arayışının surəti, Ağstafa Rayon Məhkəməsinin 04.03.2002-ci il tarixli, 2(015)- 12/2002 nömrəli qətnaməsinin surəti, Ağstafa Rayon Məhkəməsinin 07.12.2016-cı il tarixli, 2(015)-2873/2016 nömrəli qətnaməsinin surəti, Gəncə Apellyasiya Məhkəməsinin 23.04.2018-ci il tarixli, 2(104)-1216/2018 nömrəli qətnaməsinin surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.11.2018-ci il tarixli, 2(102)-7558/2018 nömrəli qərarının surəti, Ağstafa Rayon İcra Hakimiyyətinin 11.04.2022-ci il tarixli, 338/g-7 nömrıli məktubu və Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Zəlimxan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26.04.2022-ci il tarixli, 116/g nömrəli məktubu əlavə edilmişdir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin Məcəllənin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçılar hazırda mübahisə predmeti olan evin ataları X2 miras qaldığını əsas gətirərək, həmin ev üzərində ümumi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin öldüyü məqamda mülkiyyətində ona məxsus əmlak olmalıdır ki, həmin əmlak – miras əmlak hesab edilmiş olsun. Belə ki, hər bir mülki hüquq münasibəti kimi vərəsəlik hüquq münasibətinin də müəyyən obyekti (predmeti) var. Fiziki şəxsin onun ölümü ilə xitam olunmayan bütün əmlak hüquq və vəzifələri qanunla müəyyən olunmuş qaydada vərəsələrə keçir. Miras əmlak ölmüş şəxsin vərəsəlik qaydasında keçən əmlakından ibarətdir. İş materiallarına əsasən isə iddiaçıların atası X3 ölmə məqamında mülkiyyətində mübahisələndirilən 52.42 kv.m yaşayış, 207.65 kv.m qeyri-yaşayış sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi mövcud olmamışdır. Həmçinin, iddiaçılar mübahisə predmeti olan evin atalarından qalmış miras əmlak kimi faktiki qəbul edilməsi barədə Ağstafa Rayon Məhkəməsində iddia qaldırsalar da, yuxarıda qeyd olunan məhkəmə qərarlarına əsasən sözügedən ev miras əmlak kütləsinə daxil edilməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X3 adına qeydə alınmış mübahisəli ev sökülmüş və yeni 2 mərtəbəli ev inşa edilmişdir. Yeni inşa edilmiş yaşayış evi özbaşına tikili kimi qiymətləndirilmişdir. Digər tikilinin isə yaşayış evi deyil, yaşayış üçün müvəqqəti yararlı hala salınmış tövlə kimi olması müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin iddiaçıların adına sənədləşdirilməsi üçün qanunvericiliklə tələb edilən hüquqmüəyyənedici sənədlər olmadığından, sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququnun iddiaçıların adına qeydə alınması və bunun əsasında çıxarışın verilməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun; 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.5. maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, Ağstafa rayonu, Zəlimxan kəndində olan 0.0816 ha torpaq sahəsində yerləşən yaşayış evinin iddiaçıların adına sənədləşdirilməsi üçün qanunvericiliklə tələb edilən hüquqmüəyyənedici sənədlər olmadığından, cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (X8) qarşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməsin. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar