Məhkəmə qərarları › İş №2-1(114)-226/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-226/2025

18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-226/2025 18.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, Üçüncü şəxs şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Gəncə şəhər Kəpəz bələdiyyəsi və Göygöl rayonu Quşqara Bələdiyyəsi) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Xanlar rayonu Quşqara bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli, 45 saylı qərarına əsasən kənd daxilində yerləşən sahədən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixdə Xanlar rayon torpaq şöbəsində 1205 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən 23 nəfər kənd sakininə satılması nəzərdə tutulan torpaq sahəsi 0,06x23 ha olmaqla Quşqara bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir.Satılması nəzərdə tutulan torpaq sahəsi keyfiyyət kənd daxili olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. xx.xx.2007-ci il tarixli 16 nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Quşqara bələdiyyəsinin hesabına 51,84 manat məbləğində ödəniş edilmişdir. A seriyalı 401393 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2012-ci il tarixdə 257 nömrə ilə uçota alınmışdır. Göygöl rayon Quşqara bələdiyyəsinin məktubuna əsasən (Göygöl) rayon Quşqara bələdiyyəsinin 04 sentyabr 2007-cı il tarixdə X2 0.06 ha torpaq sahəsinin satılması üçün qəbul edilmiş 45 saylı qərarı qüvvədədir. Həmin qərarla İddiaçı satılmış 0.06 ha torpaq sahəsi üzərində vətəndaşın Hüquqlarının Dövlət qeydiyyatına alaraq Çıxarış verilməsinə etirazlar etmirlər. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-7941/2023 nömrəli imtina məktubundan görünür ki, ərizəyə əlavə edilmiş Göygöl rayon Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 45 nömrəli qərarı Ərazi İdarəsinin arxiv məlumatlarında, həmçinin, **********0415 nömrəii “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi“ Məhdud Məsuliyyətli Cəmiyyətinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin Gəncə şəhər Kəpəz bələdiyyəsi ərazisində yerləşməklə Göygöl rayonu, Quşqara kəndindən Gəncə şəhər ərazisinə keçən hissəyə düşmədiyi aşkar edilmişdir. Həmçinin, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid digər və infrastruktur (yol) torpaq sahəsinə və az bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi irə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə keçmiş Xanlar rayonu Quşqara Bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli 45 saylı qərarı əsasında alqı-satqı yolu ilə Quşqara kəndində fərdi yaşayış evi tikintisi üçün ona satılmış torpaq sahəsinə “Hüquüların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 2005-ci il tarixə Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin mülkiyyətində olan torpaqlara aid deyil, eyni zamanda həmin torpaq sahəsi Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli 518-İVQ nömrəli Qanunu ilə Gəncə şəhərinin ərazisinə keçən ərazi olmamışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.Göygöl rayon Quşqara bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli 45 saylı qərarı ilə İddiaçıa fərdi yaşayış evi tikmək üçün verilmiş 600.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A-401393 nömrəli plan ölçü sənədində göstərilən torpaq sahəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), Gəncə şəhəri Kəpəz bələdiyyəsinin ərazisi, kateqoriyası-yaşayış məntəqələrinin torpaqları olaraq göstərilmiş, təyinatı barədə isə məlumat qeyd olunmamışdır. Qeyd edək ki, torpaq islahatına dair ərazinin kompleks yerquruluşu layihəsi və bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu sxeminə əsasən, həmin torpaq sahəsi, Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin ərazisinə aid deyildir. 2.Elektron Kadastr bazası materiallarına istinadən, sözügedən torpaq sahəsinə dair, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hiiquqmüəyyənedici (Çıxarış) sənəd qeydə alınmadığı müəyyən olunmuşdur. 3.Naturada faktiki istifadə sahəsi olaraq təqdim olunan 600.0 kv.m torpaq sahəsinin 508.0 kv.m hissəsi, 600.0 kv.m torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş A№ 401393 nömrəli plan ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Naturada faktiki istifadə sahəsi olaraq təqdim olunan 600.0 kv.m torpaq sahəsinin 21.8 kv.m hissəsi isə, **********73 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. 4.Torpaq sahəsinin hava məkanından elektrik xətti, torpaq sahəsi üzərindən isə qaz xəttinin keçmədiyi müşahidə olunmuşdur. 5.Elektron kadastr bazsı materiallarına istinadən, İddiaçı adma tərtib olunmuş A- 401393 nömrəli plan ölçü sənədində göstərilən torpaq sahəsinin başqa şəxslərin adına qeydə alınmış hüquqmüəyyənedici (Çıxarış) sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. 6.Yuxarıda qeyd edildiyi kimi, Göygöl rayon Quşqara bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli 45 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 600.0 kv.m torpaq sahəsinin, Göygöl (Xanlar) rayonu Quşqara bələdiyyəsinin ərazisinə deyil, Gəncə şəhəri inzibati ərazi vahidinə aid olması və TEKUİS məlumatlarından əvvəl həmin ərazinin hüquqi vəziyyəti barədə məlumatların öz əksini tapdığı hər-hansı plan və xəritə materialının mövcud olmaması səbəbindən sualın cavablandırılması mümkün olmamışdır. 7.A-401393 nömrəli plan ölçü sənədi və həmin sənəddə göstərilən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) əks olunmamışdır. Həmin torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) göstərilən ümumi ərazinin bir hissəsidir. 8.Rəy hazırlanarkən, Xanlar rayonu Bağmanlar Toxumçuluq təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, Xanlart rayonu Quşqara bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların 2007-ci il tarixli yerquruluşu sxeminə (KOD ********) və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) əsaslanılmışdır. İddiaçı nümayəndəsi olan X4 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quşqara ərazisində xx.xx.2007-ci il tarixli 45 nömrəli qərar ilə İddiaçı satılmış A№ 401393 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin hüdudları daxilində yerləşən və faktiki istifadəsində olan 508 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X7 məhkəmə iclasına gəlmiş,digərləri məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Gəncə şəhər Kəpəz bələdiyyəsinin nümayəndəsi X7 məhkəmə iclasında iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Xanlar rayonu Quşqara bələdiyyəsinin 12 sentyabr 2005ci il tarixli, 37 nömrəli qərar ilə bələdiyyə torpağından 0,10 ha torpaq sahəsi iddiaçıya yaşayış evi tikmək məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqısatqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına ödənişlər edilmişdir.. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan Göygöl rayon Quşqara bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 45 nömrəli qərarı Ərazi İdarəsinin arxiv məlumatlarında, həmçinin, **********0415 nömrəii “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi“ Məhdud Məsuliyyətli Cəmiyyətinin arxiv məlumatlarında öz əksini tapmaması və torpaq sahəsinə və az bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi irə üst-üstə düşməsinə istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla kəndin perespektiv inkişafı fonduna aid,mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsini müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyində qeyd edilmiş iddiaçının naturada faktiki istifadə sahəsi olaraq təqdim olunan 600.0 kv.m torpaq sahəsinin 21.8 kv.m hissəsi isə, **********73 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Quşqara ərazisində xx.xx.2007-ci il tarixli 45 nömrəli qərar ilə İddiaçı satılmış və faktiki istifadəsində olan 508 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Quşqara ərazisində xx.xx.2007-ci il tarixli 45 nömrəli qərar ilə İddiaçı satılmış və A№ 401393 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin hüdudları daxilində yerləşən və faktiki istifadəsində olan 508 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar