Məhkəmə qərarları › İş №2-1(114)-2260/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2260/2021

22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2260/2021 22.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Şəmkir rayon Çinarlı bələdiyyəsinin sədri X2 qarşı torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdeh Şəmkir rayon Çinarlı bələdiyyəsinin sədri X2 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, bələdiyyə sədrinə ona məxsus torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması üçün əlaqədar təşkilata müraciət etməsi ilə bağlı lazımi tədbir görülməsi və göstəriş verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 1997-ci ildə “H.Aslanov” adına sovxoz tərəfindən 01 mart 1997-ci il tarixli 05 nömrəli əmrlə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin digər şəxslərlə uzun məhkəmə çəkişmələri olduğu üçün həmin həyətyanı torpaq sahəsinə müvafiq hüquqmüəyyənedici sənədlər ala bilməmişdir. Məhkəmə çəkişmələri başa çatdıqdan sonra, sovxoz tərəfindən ona verilmiş və hal- hazırda da istifadəsində olan həmin torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər alması üçün müvafiq olaraq əlaqədar təşkilatlara müraciət etmişdir. Ona bildirmişlər ki, sovxoz tərəfindən ona verilmiş və hal-hazırda istifadəsində olan 0.08 ha həyətyanı torpaq sahəsinə yerində ölçülər götürülüb koordinatlarla sxem-cizgilərlə yerquruluşu planı hazırlamaq üçün Çinarlı qəsəbəsinin bələdiyyəsi tərəfindən rəsmi müraciət olunmalıdır. Odur ki, Çinarlı bələdiyyəsinin sədri X2 dəfələrlə müraciət edib ona məxsus torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinə müraciət etməsini xahiş etmiş, lakin bələdiyyə sədri hər dəfə bu gün-sabah deyib onu aldadaraq işlərini yubadır. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlkin olaraq məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi Şəmkir rayon Çinarlı bələdiyyəsinə qarşı deyil, bələdiyyənin sədri X2 qarşı irəli sürülmüş, iddiaçı cavabdeh X1 şikayətçi olmaqla məhkəmədən cavabdehə qarşı lazımi tədbir görülməsini və cavabdehə göstəriş verilməsini xahiş etmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, fiziki şəxs olan hazırki cavabdeh X2 qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş, yəni publik-hüquqi səlahiyyətləri həyata keçirmək hüququ olan fiziki şəxs çıxış edir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki iddia tələbi isə fiziki şəxsə qarşı yönəlmişdir ki, fiziki şəxslərə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Bundan başqa, məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir və iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 9cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı ilkin olaraq hazırkı tələb (torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması tələbi) ilə inzibati orqana, yəni Şəmkir rayon Çinarlı bələdiyyəsinə müraciət etməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Yəni iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq inzibati orqana hazırkı iddia tələblə bağlı müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. - 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Şəmkir rayon Çinarlı bələdiyyəsinin sədri X2 qarşı torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin hazırlanması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar