Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2261/2022 20.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı Göyüyeva (Çatoyeva) Rima Suleyman qızının iştirakı ilə, İddiaçı Göyüyeva (Çatoyeva) Rima Suleyman qızının cavabdeh Gəncə regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Göyüyeva (Çatoyeva) Rima Suleyman qızı cavabdeh Gəncə regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1981-ci ildə Ermənistanda doğulmuş və orada doğum haqqında şəhadətnaməni almışdır. Ermənistandan qaçqın düşəndən sonra 1997-ci il tarixdə şəxsiyyət vesiqəsini almaq üçün Gəncə şəhər Kəpəz RPİ-nə doğum haqqında şəhadətnaməni vermişdir. Ona F-7 arayış verilmiş və o Daşkəsən şəhəri RPŞdən şəxsiyyət vəsiqəsini almışdır. Gəncə şəhər Kəpəz RPİ-nə verdiyi doğum haqqında şəhadətnaməsi geri qaytarılmamışdır. Doğum haqqında şəhadətnaməni geri almaq üçün o Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamənin akşar edilmədiyi bildirilmişdir. Ermənistanda doğulduğu üçün doğum haqqında şəhadətnamənin dublikatını alması mümkün deyil. Şəhadətnamənin dublikatını almasını üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı Göyüyeva (Çatoyeva) Rima Suleyman qızı iddianın dəyişdirilməsi barədə ərizə verərək, doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı Göyüyeva (Çatoyeva) Rima Suleyman qızı oğlu iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1983-cü il tarixli, İİ-SL 307995 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, 1928-ci il təvəllüdlü X8 ilə 1933-cü il təvəllüdlü X1 xx.xx.1952-ci il tarixdə nikah bağlamışlar. Bu haqda nikahın bağlanması haqqında akt qeydləri kitabında 1952-ci ilin oktyabr ayının 15-ci günündə № 18 ilə qeyd aparılmışdır. Nikahdan sonra ərin soyadı “Çatoyev”, arvadın soyadı “Çatoyeva” olmuşdur. Qeyd yeri Patoqni kəndi Abayanski rayonun VVAQ şöbəsi. -surəti işə əlavə edilmiş xx.xx.1984-cü il tarixli, İİ-СЛ 485110 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Abayanski rayonu, Sadovodçeski sovxozunda doğulmuş X4 ilə xx.xx.1962-ci il təvəllüdlü Abayanski rayonu, Zovaşen kəndində doğulmuş X7 xx.xx.1984-cü il tarixdə nikah bağlamışlar. Bu haqda nikahın bağlanması haqqında akt qeydləri kitabında 1984-cü ilin dekabr ayının 1-ci günündə № 78 ilə qeyd aparılmışdır. Nikahdan sonra ərin soyadı “Çatoyev”, arvadın soyadı “Çatoyeva” olmuşdur. Qeyd yeri Abayanski rayonu. -surəti işə əlavə edilmiş xx.xx.2004-cü il tarixli, AZ-İ 097011 nömrəli “nikah haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Daşkəsən rayonu, Xoşbulaq kəndində doğulmuş X3 ilə xx.xx.1981-ci il təvəllüdlü Ermənistan resp. 26 Komissar rayonunda doğulmuş X5 xx.xx.2004-cü il tarixdə nikah bağlamışlar. Bu haqda nikahın bağlanması haqqında akt qeydləri kitabında 2004-cü ilin may ayının 6-cı günündə 2 № ilə qeyd aparılmışdır. Nikahdan sonra ərin soyadı “Göyüyev”, arvadın soyadı “Göyüyeva” olmuşdur. Qeyd yeri Daşkəsən rayonu, Zoğalı İƏ üzrə nümayəndəliyi, Daşkəsən rayonu, Xoşbulaq kəndi. -surəti işə əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı, ata adı, təvəllüdü və doğulduğu yer müvafiq olaraq Rima Suleyman qızı, xx.xx.1981, Ermənistan, İrəvan şəhəri kimi qeyd edilmişdir. -cavabdehin xx.xx.2021-ci il tarixli, 05/Q-4174/15 nömrəli məktubunun surətindən görünür ki, Göyüyeva (Çatoyeva) Rima Suleyman qızının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş Gəncə şəhər Baş Poli İdarəsinin xx.xx.2022-ci il tarixli, 120-2035G- 3222 nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamə Gəncə şəhər, Kəpəz RPİ-nin arxiv kartotekasında aşkar olunmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının babası 1928-ci il təvəllüdlü X8, atası xx.xx.1957-ci il təvəllüdlü X6 Ermənistan SSR-nin ərazində doğulmuşlar və soyadları “Çatoyev” olmuşdur. İddiaçının da soyadı işə əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, nikah bağlanmamışdan əvvəl “Çatoyeva” olmuş, nikah bağlandıqdan sonra ərinin soyadını götürərək “Göyüyeva” kimi müəyyən edilmişdir. Bunadan əlavə işə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Ermənistan SSR, İrəvan şəhərində anadan olmuşdur. İddiaçı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi almış və bu zaman doğum haqqında şəhadətnaməni aidiyyəti üzrə polis orqanına vermiş, lakin sonradan həmin şəhadətnamənin aşkar edilmədiyi bildirilmişdir. Buna görə də iddiaçı doğum haqqında şəhadətnamə almaq üçün Gəncə regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının hazırki hüquqi marağı doğum haqqında şəhadətnaməni əldə etməkdir, bu səbəbdən də doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. İş materiallarından da görünür ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün “doğum haqqında şəhadətnamə” tələb olunan sənədlərdəndir. Göründüyü kimi şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi müvafiq qanunvericiliyin tələblərindən irəli gəlir. Əgər iddiaçı doğum haqqında şəhadətnaməni təqdim etməsəydi hazırki şəxsiyyət vəsiqəsini əldə edə bilməzdi. Bu faktın özü də şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatları təsdiq edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edib ki, iddiaçının müraciətinin icra orqanı keçmiş Ermənistan SSRnin varisi kimi Ermənistan Respublikasının müvafiq səlahiyyətli qurumlarıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçının doğumu Ermənistan SSR-də qeydə alınıb. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün hazırda məlum səbəblərdən Ermənistana gedə bilmir. Bu səbəbdən də, o, doğum akt qeydinin Azərbaycanda bərpa olunmasını istəyir. Bu cür bərpa üçün iddiaçının əlində doğum akt qeydinin bərpasına əsas olan müəyyən sənədlər var. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından iddiaçının Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zərurət yaranıb. Qeyd edilməlidir ki, iddiaçının doğum haqqında akt qeydinin əldə edilməsinin mümkün olmaması onun tərəfindən təqdim olunan nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsindəki məlumatların doğruluğunu şübhə altına almağa əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hazırki halda iddiaçının doğum akt qeydinin bərpa edilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -13-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -16-cı bəndində qeyd olunmuşdur ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. -18-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının doğum akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Göyüyeva (Çatoyeva) Rima Suleyman qızının doğum akt qeydinin bərpa edilərək doğum tarixinin “xx.xx.1981-ci il”, doğum yerinin “Ermənistan SSR, İrəvan şəhəri”, ata qrafasında “X4”, ana qrafasında “X7” yazılması öhdəliyi Gəncə regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2261/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2261/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver